Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü İstanbulda Yunanıstanın baş naziri Kiriakos Mitsotakisi qəbul edib. “Anadolu” agentliyi xəbər verir ki, görüşdə liderlər ikitərəfli əlaqələrin vəziyyəti və inkişaf perspektivlərini, cari geosiyasi proseslər, o cümlədən Rusiya-Ukrayna müharibəsi və digər məsələləri müzakirə ediblər.
Tərəflər həm Türkiyə, həm də Yunanıstanın Avropanın dəyişən təhlükəsizlik arxitekturasında xüsusi məsuliyyət daşıması barədə razılığa gəliblər. Liderlər iki ölkənin və bütövlükdə regionun maraqlarına cavab verən müsbət gündəliyin formalaşdırılmasının vacibliyini vurğulayıblar.
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsini ildə 10 milyard ABŞ dollarına çatdırmaq məqsədinə nail olmaq üçün atılan addımlar da nəzərdən keçirilib.
Prezident Ərdoğan ölkəsinin Ege dənizi ilə bağlı fikir ayrılıqları, milli azlıqların vəziyyəti, terrorla mübarizə və qeyri-qanuni miqrasiya kimi məsələlərdə irəliləməyə hazır olduğunu bildirib.
Türkiyə dövlətinin başçısı vurğulayıb ki, bütün problemləri səmimi və dürüst dialoqla həll etmək olar.
“Türkiyə və Yunanıstan iki qonşu ölkə kimi təkcə böhranlı dövrlərdə deyil, ümumiyyətlə, aktiv şəkildə əlaqə saxlamalıdırlar”, – Türkiyə lideri vurğulayıb.