Müstəqil.az xəbər verir ki, virtualaz.org saytına müraciət edən məmur qızı keçmiş ərinin ona zülm verdiyini deyib.
Həmin açıqlamanı ixtisarla təqdim edirik:
Hələ çox gənc olan Elşən və Aysel universitetdə oxuyarkən bir-birini seviblər. Deyilənə görə, sevginin gözü kor olur və ona qarşı çıxmaq çətindir. Əksər hallarda qısa səadətin acı nəticələrini bütün həyatın boyunca dadmalı olursan. Bu gün də Aysel gözü yaşlı halda xatırlayır ki, atası ondan barəsində çox şeylər eşitdiyi adama ərə getməməyi az qala yalvararaq xahiş edirmiş. Lakin xoşbəxtliyindən göylərdə uçan və sevgilisinin çatışmazlıqlarını görmək iqtidarında olmayan gənc qızı adi sözlərlə inandırmaq asan işdirmi? Yeni evlənmiş cütlüyün xoş günləri çox qısa sürüb. Ailə həyatı Elşənlik deyilmiş. O, həyat yoldaşını söyməyə, təhqir etməyə, alçaltmağa və döyməyə başlayır. Bir neçə dəfə hətta eyvandan atmağa da cəhd edib. Özü də yalnız təklikdə olanda deyil, valideynlərinin də yanında bu hərəkətlər davam edib. Tezliklə valideynlər də bu məsələyə qoşulub və gənc ailənin həyatı dözülməz olub. Lakin bu dəfə Ayselin atası boşanmanın əleyhinə çıxıb. Əvvəllər qızının bu izdivacına qarşı çıxan ata bu dəfə bir qədər dözməyi və boşanmamağı xahiş edib. Yalnız tanışlarının qınağına görə deyil, həm də qızının xoşbəxtliyi naminə – axı istənilən küskünlüklər son nəticədə sülhlə bitir. Ata qızına xoşbəxtlik arzulayırdı, fəqət onun həyatı dözülməz idi. Bir neçə il sonra Elşəni əsgərliyə çağırırlar. Elə bu vaxt ən qorxunc hadisələr yaşanmağa başlayır. Aysel hamilə qalır. Belə görünə bilər ki, sevinmək lazımdır, axı uşaq ailəni möhkəmləndirir. Qohumlar sevinməyə başlasalar da, boş yerdə qalmaqal yaratmağı bacaran ər bu sevincin uzun sürməsinə mane olur. Elşən dərhal bildirir ki, uşaq ondan deyil və Aysel kiminləsə gəzəndən sonra hamilə qalıb. Hamilə yoldaşının müayinələrindən birində o hətta həkimdən soruşubmuş ki, uşağın atası olduğunu necə dəqiqləşdirə bilər. Bu sualdan dəhşətə gəlmiş həkim nə cavab verəcəyini bilməyərək, onu kabinetdən qovub.
Lakin Elşən sakitləşməyib. İddia edib ki, DNT analizi vasitəsilə həqiqəti öyrənəcək, amma nədənsə bu işdə sona kimi getməyib. Bir dəfə o, Ayseli məşhur “Oksigen” klinikasına aparıb məcbur edir ki, abort etdirsin. Çətinliklə olsa da, Aysel klinikadan qaçır və atasının evinə gəlir. Lakin döyülmələr, alçalmalar kəsilmək bilmir. Döyülən Ayselin bir neçə dəfə ürəyi gedir, bir dəfə isə Elşən arvadının qolunu bıçaqla kəsərək, otağın qapısını bağlayır və qadını bu barədə valideynlərinə xəbər veriməyəcəyinə dair and içdirir. Yalnız bundan sonra qanı axan qadını “City Hospital”a aparır. Güclü stressdən və həyəcandan düşük qorxusu yaranır və həkim qadının 10 gün ərzində xəstəxanada qalmasına göstəriş verir. Yalnız klinikada Aysel başa düşür ki, Elşən narkotik aludəsidir. Müvafiq analizlərin verilməsini tələb edir, lakin əri imtina edir və çıxıb gedir. Bundan sonra Aysel fikir verir ki, əri dostu ilə telefonda hansısa “banzay” adlı narkotik barədə danışır, evdə qurutduğu anaşanı çəkir. Hətta hamilə arvadını da narkotik çəkməyə məcbur edir. Sonradan isə tramal, lirika, ekstazi və digər bu kimi maddələr işə düşür.
Bu dərmanları o, Masazırda İbadət adlı aptekçi dostundan alırmış. Bundan sonra Aysel evdən qaçır. Bütün bunlar azmış kimi, Elşən tez-tez həyat yoldaşına xəyanət edir, onu daha çox incitmək üçün elə görüş yerindən arvadının mobil telefonuna şəkil və videolar yollayır. Oğlu anadan olanda isə xəstəxanaya gəlmir. Həmin vaxtdan sonra nə özü, nə də valideynləri kiçik Uğurun ad günlərində iştirak etməyiblər. Düzdür, bütün bunlar artıq boşanmadan sonra baş vermişdi. Aysel ailəsini qorumağa cəhd edirdi, lakin hətta doğuşdan sonra da əri və onun valideynləri qadını döyüb alçaldıblar. Öz aralarında da belə səs-küylü qalmaqallar olurmuş – bir neçə dəfə Ayselin gözü qarşısında Elşən valideynlərini döyüb.
Uşağa isə heç kim baxmır və o, Uğuru öz valideynlərinə tapşırır. Valideynlərinin verdiyi pulları isə Elşən güclə əlindən alırmış. Onu dostlarının yanında döyür və onlarla pul müqabilində cinsi əlaqəyə girməyə məcbur edir. Lakin səbr kasasını elə bir hadisə daşırdır ki, bunu Aysel heç cür unuda bilmir. Heç bir səbəb olmadan həmişəki kimi onu döyməyə başlayan Elşən uşağı “sən mənim oğlum deyilsən” deyərək itələyir və körpənin başı divara dəyir. Elə həmin an qadın qəti olaraq boşanmaq qərarına gəlir. Lakin bu da asan məsələ deyilmiş. Elşən üzün müddət ona, valideynlərinə və vəkilinə təzyiqlər edir. Eyni zamanda, sosial şəbəkələrdə hədələr və təhqirlər başlayır. Bildirildiyinə görə, Elşən özünün çılpaq şəkillərini də səhifəsinə yerləşdirirmiş. Keçmiş arvadını elə onun evinin qarşısında döyəndən sonra Aysel bu barədə 22-ci polis bölməsinə şikayət edir. Polis əməkdaşları isə açıq şəkildə deyirlər ki, Elşənə heç nə edə bilməzlər. Elşənin qudurğanlığı həddini aşdıqda isə hakim elə məhkəmə zalında qərar verir ki, icraçılar onu müvafiq müəssisəyə aparsınlar. Lakin bir qədər keçmiş ilk ərinin atası olan Rəqail gəlir və oğlunu azad etdirir. Lakin bütün maneələrə baxmayaraq, Aysel boşanmağa müvəffəq olur.
Tezliklə Oqtay Əhmədova ərə gedir, lakin Elşən yenə də onun yaxasından əl çəkmir. Bu dəfə yalnız Ayselin deyil, əri Oqtayın və atası Qüdrət müəllimin də başı ağrımalı olur. Onların ünvanına təhqirlər və hədələr sosial şəbəkələrdə və telefonda davam edir. Elşən Qüdrət müəllimin şirkətini mənimsəmələrdə ittiham edir və yoxlamalar aparılır. Lakin kobud pozuntular aşkarlanmır. Bir neçə dəfə Elşən müxtəlif bəhanələrlə Oqtayı “təkbətək söhbət”ə çağırır, lakin hər dəfə bir dəstə adamla gələrək onu döydürür. Oqtayın çağırışlarına isə məhəl qoymur. Bundan savayı, o, sosial şəbəkələrdə Oqtayın, kiçik Uğurun, Ayselin və onun valideynlərinin adlarına səhifələr açır və günü bu gün də orada əxlaqsız məzmunlu şəkillər yerləşdirir. O, toyda hədiyyə edilmiş bütün qızılları geri tələb edir ki, bu oyunlarını qurtarsın, lakin bu da kömək etmir – qızıllar qayıtsa da, Elşən öz əməllərini davam etdirir. Oqtayın məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Lakin o haradan biləydi ki, Elşən üçün bu problem deyil. İnsanları, o cümlədən hüquq-mühafizə orqanlarını ələ salmaq onun hobbisidir. Budur, məhkəmə artıq beşinci dəfədir ki, təxirə salınır. Gah özü olmur, gah vəkili, gah da vəkilini dəyişir. Bir sözlə, proses süni şəkildə uzadılır. Əlbəttə, hakim cavabdehin məhkəməyə güclə gətirilməsi barədə qərar da çıxara bilər. Düzdür, biz hakimə göstəriş verə bilmərik, amma daha qəti addımlara ümid etmək haqqımızdır. Elşənin hər bir cəzasız günü bir çox insanlar üçün bəlalara səbəb olur…