Ərsiz qalan erməni gəlinləri – Xankəndidə süni mayalandırma ilə doğub-törətmək PLANI…

Ərsiz qalan erməni gəlinləri – Xankəndidə süni mayalandırma ilə doğub-törətmək PLANI…

Rəsmi statistika Ermənistanda demoqrafik balansın kəskin pozulduğunu göstərir. Ölkədə sosial-iqtisadi vəziyyət mürəkkəbləşdiyindən ermənilərin xaricə köçü davam edir. Üstəlik Azərbaycanla yenicə başa çatan müharibənin nəticələri Ermənistanın onsuz da pisləşən demoqrafik vəziyyətini daha da ağırlaşdırıb.

Ekspertlər deyirlər ki, qarşıdakı illərdə Ermənistanda əhalinin artım tempi daha da aşağı düşəcək.

Qarabağda aparılan müharibədən sonra erməni qadınların sayı kişilərlə müqayisədə xeyli yüksəlib. Çünki işğalçı dövlət 44 günlük müharibə zamanı Qarabağda minlərlə kişi itirib.

Ermənistan mətbuatının yazdığına görə, eyni problem Qarabağ erməniləri arasında da yaşanır.

İndi erməni mütəxəssisləri belə bir sual düşündürür: Müharibənin ağırlaşdırdığı demoqrafik problemi süni mayalandırma ilə həll etmək mümkündürmü?!

Modern.az-ın məlumatına görə, erməni jurnalist Sergey Bablumyan bu suala cavab tapmağa çalışıb.

Bu arada Rusiya sülhməramlılarının himayəsilə Qarabağdakı mövcudluğunu davam etdirən terrorçu Araik Arutyunyan Xankəndi, Xocavənd, Ağdərədə ermənilərin artımına nail olmaq üçün süni mayalandırma barədə “göstəriş” verib.

Məsələ burasındadır ki, müharibə zamanı Qarabağdan Ermənistana və oradan da Rusiyaya qaçmış mülki ermənilərin bir qismi onlara verilən “şirin vədlər”ə aldanmayaraq, geri qayıtmaqdan imtina edir.

Araik Arutyunyan hesab edir ki, süni mayalandırma vasitəsilə ermənilərin doğum sayında artıma nail oluna bilər.

Jurnalist Sergey Bablumyan isə deyir ki, süni mayalandırma ilə bağlı “qərar” qüvvəyə mindikdən sonra ağıla gələn ilk sual bu olur: əgər rejim müharibədə öz əsgərlərinin qeydinə qala bilməyibsə, onda süni yollarla övlad dünyaya gətirib onlardan döyüşçü böyütməyin nə mənası var?


Sergey Bablumyanın bildirdiyinə görə, sonuncu Qarabağ müharibəsində həlak olan erməni kişilərin sayının ən azı 5000 olması – bəzi məlumatlara görə bu rəqəm daha çoxdur – heyrət doğurur. Erməni jurnalist bunu hər baxımdan utancverici bir məğlubiyyət hesab edir.

“Marşal Jukova sonradan ABŞ-ın prezidenti olmuş general Eyzenhauerə dediyi bu ifadəni aid edirlər. Hərbi işlərlə bağlı Potsdam yaxınlığına gedən general orada rus əsgərlərinin cəsədlərinin səpələndiyi nəhəng bir sahə görür. Məlum olur ki, Jukovun əmrini yerinə yetirən əsgərlər şəhərə almanların yağış kimi yağan atəşləri altında hücum ediblər və demək olar ki, hamısı həlak olub. Gördükləri amerikalını dəhşətə gətirir və o, marşaldan soruşur: “Bu Potsdam sizin nəyinizə lazım idi?!”. Deyilənə görə, Jukov belə cavab verib: “Eybi yox. Rus arvadları yenə doğub-törəyəcəklər”.

Hətta Böyük Vətən Müharibəsindən yarım əsr keçsə də insan itkisinin nəticələri indi də özünü göstərir. Müharibədən sonrakı uşaqlıq illərimdən xatırlayıram- ətrafda qadınlar çox, kişilər az, uşaqlar isə lap azdı. Məktəbdə kişi müəllimlərdən çox qadın müəllimələr vardı, xəstəxanalarda, poliklinikalarda və hətta tikintidə də qadınlar çoxluq təşkil edirdi. Rəqs meydançalarında oğlanları bir-birinin əlindən qapırdılar, qızlar qızlarla rəqs edirdi və bu, heç kimi təəccübləndirmirdi”,-deyə Sergey Bablumyan yazır.

Onun sözlərinə görə, vaxtilə keçmiş SSRİ-də yaranmış vəziyyət indi ərazicə kiçik Ermənistanda da yaşanır. Qarabağ erməniləri arasında isə problem daha dəhşətlidir. Müharibə minlərlə qarabağlı erməni gəlini ərsiz qoyub ki, bu da demoqrafik boşluq deməkdir.

“Erməni arvadlarının yenə doğub-törəyəcəyinə ümid etmək çətindir. Bəlkə də doğacaqlar, amma daha nə Qarabağda, nə də Ermənistanda. Hardasa şərdən uzaqda, sakit bir yerdə doğacaqlar”,-deyə Sergey Bablumyan qeyd edir.     

Erməni yazar rəsmi statistikadan da misal gətirərək, Ermənistanla Azərbaycanı müqayisə edib:

“Ermənistanda 2020-ci ilin sonuna kişi-qadın nisbəti belədir: kişilər – 1 383 231 (46,5 %), qadınlar 1 588 588 (53,5%).
Azərbaycanda isə eyni dövrüə olan nisbət – kişilər 5 070 036 (49,5%), qadınlar 5 171 343 (50,5%)”.

Erməni iqtisadçı Ara Qaloyan da həyəcanla bildirib ki, rəsmi demoqrafik göstəricilər ermənilər arasında təbii artımın nəzərəçarpacaq dərəcədə azaldığını deməyə əsas verir.

O, təbii artımın son üç ilin yanvar-iyul ayları üzrə göstəricilərini təqdim edir: 2018-ci il –  4087 nəfər, 2019-cu il – 3579 nəfər, 2020-ci il – 2394 nəfər.

“Amma biz bu barədə susmağa üstünlük veririk. Demək olar ki, hamımız”, – Ara Qaloyan vurğulayır:

“Onda hələ müharibə başlamamışdı. İndi isə müharibənin dəhşətli nəticələri də ortadadır”.

Erməni jurnalist Sergey Bablumyan “ermənilər arasında süni mayalandırmadan nə gözləyə bilərik?”,-deyə sual edərək, yazır:


“Süni mayalandırma latıncadan hərfi tərcümədə “orqanizmdən kənarda mayalandırma”, ümumi işlək kimi isə “kolbada mayalandırma” deməkdir. Düzünü deyim ki, kolbada mayalandırılan qarabağlı ermənini çətin təsəvvür edirəm, amma bundan danışmayaq.

Dünya tarixində bu üsulla mayalandırılan ilk uşaq bitaniyalı Luiza Braun adlı qız olub. Dünyaya gəlmənin belə texnologiyasını inkişaf etdirdiyi üçün müəllifi Robert Edvarsa Nobel mükafatı verilib.

Sonrası lap maraqlıdır. SSRİ-də ilk kolba uşağı (o da qızdı, amma Lena) 1986-cı ildə doğulub. Təbii ki, süni mayalandırma prosesi Ermənistandan da yan keçə bilməzdi. Amma onun əhali artımına kömək etdiyini demək mümkün deyil – elə nə yox idisə, yoxdu.

Avropa Embriologiya və İnsan Reproduksiyası Cəmiyyətinin məlumatına görə, bu prosesdə qadınların yalnız 33 faizi uğurlu nəticə göstərir, bu da əlbəttə ki, çox deyil. Belə çıxır ki, məsələ heç də kolba şüşəsində deyil, başqa şeydədir. Məsələn, ailənin dəstəklənməsi üçün nəzərdə tutulmuş maddi tədbirlər və mənəvi stimulda.

“Elə etmək lazımdır ki, iki və daha artıq uşağın olması prestijli və dəbli olsun, necə ki, idmanla məşğul olmaq dəbə çevrilir”, – bunu Putin Rusiyadakı ailələr haqqında deyib. Amma elə Ermənistan ailələrinə də aid etmək olar.

1944-cü ildə, hələ müharibə gedəndə təsis edilən “Qəhrəman ana” adı bizdə unudulub. Düzdür, yeni Ermənistanın eyni fədakarlığa görə öz medalı var, amma həmin medalı 20 nəfərdən çox alan yoxdur. Bununla isə demoqrafiyanı düzəltmək mümkün deyil.


Bu günsə evlənənlər az, boşananlar çoxdur. “Vətəndaş nikahları” da uşaq doğmaq baxımından “Qəhrəman ana”ya istiqamətlənməyib. Qərbin qaranlıq qalan azad ailə modeli çoxuşaqlı ənənəvi erməni ailə modelini sıxışdırmağa çalışır…”.

Share: