Əsəd Cahangirin  doğum gününə dost sözü – Murad KÖHNƏQALA yazdı

Əsəd Cahangirin  doğum gününə dost sözü – Murad KÖHNƏQALA yazdı

Bugün ədəbiyatşünas, ədəbi tənqidçi, ədəbiyat doktoru, ictimai xadim Əsəd Cahangirin  doğum günü, 55 illik yubileyidi.

Rus ədəbiyatının Puşkin dövründə maraqlı ədəbi hadisələr yaşanırdı, beləki, Puşkin yeni əsərini çap etdikdən sonra elita dərhal fikir söyləmir, hamı bir növ nəfəsini içinə çəkib Belinskinin həmin əsər haqda nə yazacağını gözləyirdi. Əfsanəvi tənqidçi Belinski Puşkinin yeni əsəri haqda məqalə yazaraq hər şeyi detalları ilə cəmiyətə çatdırar və bundan sonra oxucular qızğın müzakirəyə başlayarmışlar. Bu proses, bir növ Puşkinin yenilikçi olması ilə bağlı idi, bəzən sadə oxucu onun ədəbi ləngərini düzgün başa düşə bilmir, şairin müəyyən manevrlərini dışlamaq isəyirdi. O mənada, Belinski lazım olan ədəbi mətnləri rus ədəbiyatına qazandıra bilirdi.
Deyərdim ki, 2000-ci ilin əvvəllərində, Azərbaycan ədəbi meydanında Azad Yazarlar Ocağının (AYO) yaranmasından sonra Əsəd Cahangir də bir növ ədəbiyatımızda Belinski rolunu oynadı. AYO təşkilat olaraq AYB-yə alternativ kimi yaranmasa da proseslər onları düşmən həddində üz-üzə qoydu. O zaman Əsəd Cahangir AYB ədəbi orqanlarında işləyirdi, mövcud bürokratik qaydalara görə tənqidçi AYO-çuların yaradıcılığından söz salmamalı, onlar haqda yazı yazmamalı idi. Lakin ədəbiyat harda olub, Əsəd Cahangir də orda olub, əlbəttə. Ona görə Əsəd Cahangir ədəbiyatımızda qabaran bu yeni dalğanın zühuruna sevinərək AYO-çuların ədəbi dərgilərdə çap olunan yaradıcılığı haqda biri-birindən dəyərli məqalələr yazdı. Yeni yaranan modern, ultramodern, postmodern ədəbi istiqamətləri ədəbi ictimaiyətə belinskivari təqdim və təlqin edə bildi.
Əsəd Cahangir təkcə ədəbiyat haqda deyil, eləcə də incəsənətin bütün sahələrində master dərsləri keçəsi bir ziyalı, tənqidçidi. O, poeziyadan, musiqidən, nəsrdən, bədii filmdən, aktyor oyunlarından, dünya şöhrətli müğənnilərdən, yaradıcı şəxsiyətlərin həyatından saatlarla danışa bilən adamdı.
Əsəd həm də dostluq saxlamağı bacaran kristal insan, xeyirxah, alicənab şəxsiyət, kübar bir ziyalıdı. Deyim ki, onda qeybdən gələn magik bir güc də var.
Günlərin bir günü Əsəd mənə zəng eləyib dedi, icazə ver (!) sənin mənzil probleminlə bağlı Prezidenə müraciət ünvanlayaq. Təbii ki, onun bu təşəbbüsünə sevindim. Həmin zəngdən sonra Əsəd mənim kimliyim, mənzil problemim haqda Prezidentə müraciət yazdı. Həmin müraciəti biz bir qrup millət vəkili, ziyalı, yazıçı və şairlərə imzalatdıq. Bayaq dediyim magiya! Müraciətdən sonra Əsəd hər dəfə zəng edəndə mənə deyirdi, narahat olma, sənə mütləq mənzil veriləcək. Eləcə də oldu. Maraqlıdı ki, mənə mənzilin verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyətindən zəng olunanda Əsəd Cahangir, gənc dostumuz Elşad Barat və mən bir yerdə oturub çay içirdik. Yəni, Əsəd onda da yanımda idi. Xoş xəbəri eşidən kimi uşaqlığından saxladığı o saf gülüşü ilə ucadan şaqqanaq çəkdi. Yəni, gördünmü?
Mənə mənzil verilməsi ilə bağlı müraciət mətni yazmaq ideyası Əsəddə əsasən nə vaxtdan əmələ gəlibmiş, bilirsinizmi? Bir dəfə Əsəd mənə söylədi ki, jurnalistlər binasından mənə mənzil bağışlananda sən sevinmisən, bunu mənə bir yaxın adam dedi. Sən o adamın yanında belə demisən: “Müraciət etməyimə baxmayaraq mənə mənzil verilməsə də bütün mənzil alanları təbrik edirəm. Ancaq ən çox Əsəd Cahangirə, bir də Kənan Hacıya görə sevindim!”
Sən demə, həmin o cümləmə görə Əsəd özünü mənə borclu sanırmış. İnsanın vicdanı bu qədər saf və qədirbiləndi, demək! Haçansa dilimə gətirdiyim həmin o dost, həmkar sevincimə görə Əsəd mənə mənzil verilməsi üçün bütün gücünü qoydu, necə deyərlər, magiyasını işə saldı.
Ötən il tale elə gətirdi ki, mən Əsəd Cahangirin iki otaqlı mənzilində bir-iki ay qonaq qismində yaşayası oldum. Onun kübarlığından bircə jesti yazacam burda. Həmin o iki ay ərzində Əsəd heç vaxt mənə ayırdığı otağın qapısını döyməmiş içəri girmədi…
Əsədcan, sənə can sağlığı, aşıb-daşan tükənməz xoşbəxtlik arzulayıram!
Qoy, həmişə Günəş olsun!!!
Share: