“Əsas instinkt”dəki məşhur səhnəyə görə Şeron Stounun övladı əlindən alınıb

“Əsas instinkt”dəki məşhur səhnəyə görə Şeron Stounun övladı əlindən alınıb

Amerikalı aktrisa və keçmiş model Şeron Stoun 1992-ci ildə çəkilmiş “Əsas instinkt” (“Basic instinct”) filmindəki roluna görə oğlunun qəyyumluğunu itirib.

Bu barədə onun özü “Table for Two” podkastında danışıb.

Aktrisanın sözlərinə görə, bu, 2004-cü ildə keçmiş əri Fil Bronşteyndən boşanma məhkəməsi zamanı baş verib. Cütlüyün dörd il əvvəl övladlığa götürdüyü uşaqdan anasının böyüklər üçün filmlərdə rol aldığını bilib-bilmədiyi soruşulub.

“Uşağımın qəyyumluğunu itirdim. Hakim mənim balaca oğlumdan soruşdu ki, ananın böyüklər üçün filmlərdə çəkildiyini bilirsənmi? Filmdəki rola görə pis valideyn sayılmağım sistemdən aşkar sui-istifadədir. İnsanlar televiziyada, ümumiyyətlə, çılpaq görünürlər. Mən isə bir kadra görə oğlumun qəyyumluğunu itirdim”, – deyə aktrisa bildirib.

Bundan sonra hakimin qərarı ilə Roan Cozef Bronşteyn Stounun qəyyumluğu aktrisanın keçmiş ərinə keçib, Stouna isə oğlunu ziyarət etmək hüququ verilib.

“Baş verənlər ürəyimi parçaladı, xəstəxanaya düşdüm”, – deyən aktrisa ürəklə bağlı problemlərinin ortaya çıxdığını əlavə edib.

Qeyd edək ki, “Əsas instinkt” Pol Verhovenin rejissorluğu və Co Esterhazın ssenari müəllifliyi ilə 1992-ci ildə ABŞ-də çəkilmiş erotik trilleridir. Filmdə baş rolları Maykl Duqlas və Şeron Stoun canlandırıblar. Ssenariyə əsasən, zəngin rok ulduzunun qətlini araşdıran detektiv Nik Kurran (Duqlas) tədqiqatlar zamanı cinayəti törətməkdə şübhəli bilinən cazibədar və sirli Ketrin Tremmellə (Stoun) yaxınlıq etməyə başlayır.

“Əsas instinkt” 352 milyon dollar gəlirlə 1990-cı illərin ən gəlirli filmlərindən biri olub.

Mənbə: People Talk

Share: