Əsgər oğluma məktub…
Yenə səhəri dirigözlü açacam.
Bilmirəm yuxu görməyən gözlərinin kirpiklərini necə açıq saxlayım əsgər balam.Üşüyən əllərini nəfəsimlə necə qızdırım, qəhrəman balam.Yerimə qor dolub sanki, bu istini necə ötürüm sənə oğlum.
Heç zaman özümü belə əlsiz,ayaqsız görməmişdim, mənim balam.
Körpələri rahat yatızdırmaq üçün sənin haqqında elə gözəl bir nağıl danışdım ki, hamısı sabah sənin əynindəki əsgər paltarı kimi paltar geyinmək həvəsi ilə uyudular.Hələ mənə böyük bir bayraq almağı da sifariş etdilər.
Onlar da sənin kimi qəhrəmanlıq göstərmək əzmindədirlər,ancaq hərdən mənə baxıb hələ gileylənirlər də.Az qala bir gecəyə böyümək istəyirlər ki,düşmənlərin payını versinlər.Uşaqlar sənə oxşamağa çalışır, əsgər oğlum.Bu 30 ildə əyilmiş belimizi dikəltdin,gödəlmiş dilimizi uzatdın,közü kölgəli günlərimizi unutdurmağa çalışlrsan.
Bundan sonra sən ayaq qoyduğun torpağın hər qarışında bitən çiçəklərdən sənin qoxunu alacam.Sən gəzdiyin torpağın hər qarışını öpəcəm.
Açılan lalələri öpüb oxşayacam.
İndən belə üstünün duman yorğanını,torpaq döşəyini,qaya balıncını özümə bir qibləgah biləcəm.
Mənim balam,zəfər yolun açıq olsun.
Tezliklə güllə,mərmi yağışlarından qurtulub sağ,salamat evinə dönərsən.
Alnını zəfərin,qalibiyyətin möhürü bəzəsin ki,alnından öpməyə yer olsun.
Deyəsən səni çox yordum,ömrüm,günüm salamat qal.
Arxada gözün qalmasın.Sən yoldaşlarından,özündən muğayat ol.
Şəhid qardaşlarının qisasını al,qanını yerdə qoyma nurüzlüm.
Öpürəm yuxusuz gözlərindən.
Anan VƏTƏN.
Rəfiqə Qasımqızı Abbasova
Müstəqil.Az