Əsgərlərimizi Şuşaya kimlər qaldırmışdı?..

Əsgərlərimizi Şuşaya kimlər qaldırmışdı?..

Şuşa işğal olunan gün Tiflisdən Bakıya gəlirdim. Elə işğal xəbərini də bizə orada olan ermənilər çatdırmışdı. Tiflisdən Bakıya gələcək avtobusun yanında Şuşanı aldıqları xəbərini də məxsusi, biz eşidək deyə danışırdılar.

Xocalıda baş verən qətliamların şokunu hələ də yaşadığımız bir vaxtda Şuşanın süqutu mənəvi çöküş idi. Üstəlik, həmin illər hər məğlubiyyət həm də Gürcüstanda yaşayan azərbaycanlılar üçün fəlakətin yaxınlaşması anlamına gəlirdi.

Gürcüstanda baş qaldıran etinik və dini zəmində şovinizm azərbaycanlılar üçün əsl təhlükə, yeni münaqişə ocağı demək idi. Bir yandan da sökülə-sökülə gedirdik. Hamı Bakıya üz tuturdu.

Bakı çökürdü.

Şuşanın işğal olunması bir şəhərin itirilməsindən daha çox milli ruhun təslimiyyəti, öyündüyümüz bütün mənəvi dəyərlərin deqradasiyası, yox oluşumuz demək idi. Şuşanın itirilməsi hər bir azərbaycanlının öz içindən, öz gözündən düşməsi idi. Bu, qalxması mümkünsüz düşüş idi, ruhsuzluq, son idi.

Şuşanın işğalı bütün mənəvi dəyərlərimizə təcavüz idi. Üzeyirin, Bülbülün büstü ilə bərabər, ruhumuz, mənəviyyatımız, bayrağımız, himnimiz… güllələnmiş, dəlmə-deşik edilmişdi.

Biz bu himni oxumurduq, oxuya bilmirdik, dodaqaltı mızıldanırdıq, əzildiyimizin fərqinə varırdıq.

Biz Şuşayla cəzalandırılmışdıq. Bu şəhər bizim qiyamətə qədər ən dəhşətli günahımız idi. Bu elə bir günah idi ki, Allah bağışlasa belə, onun bizi bağışlaması qədər rəzalət düşünmək olmazdı. Çünki Şuşa bütün itirdiyimiz torpaqların tək bir obrazı, ümumi bir ruhu idi. Şuşa son qalamız idi, ondan o tərəfə sığınmağa yerimiz yox idi.

Bütün bunlara otuz il necə dözə bildik…

***

Şuşa azad olunandan sonra bu şəhərə necə gedəcəyimi düşünə bilmirdim. Heç vaxt olmadığın, heç vaxt görmədiyin, səndə heç bir xatirəsi olmayan, yalnız RUHUna məxsus olan bir şəhərə gedəcəksən. Gedib də Şuşanı görməyə də bilərsən.

Şuşaya hamı getmək istəyir, hamı gedəcək də. Bəlkə gedib, xəyallarındakı Şuşanı görməyənlər də olacaq. Çünki Şuşaya coğrafi məkan olaraq gedişlər bizə dağıdılmış, keçmişdə qalmış bir məkanı xatırlada bilər. Necə ki, ayağım Şuşaya dəyəndə ilk ovqatım məhz bu olmuşdu. Ta ki, onun daşına, torpağına toxunana qədər…

Şuşanı iki gözün görməsi azdır. İki gözün görməsinin də ölçüləri var, boyutları var. Məncə, Tanrı insana ruhu, hissiyatı, duyğuları məhz buna görə verib; gözlərin görmədiyi ölçüləri canlandırmaq, onu maddi fəzadan mənəvi müstəviyə çevirib göstərmək üçün.

Şuşaya ruhsuz getmək olmaz. Ruhsuz gedənlərin otuz illik kirlətdiyi bu şəhərdə məhz ona görə onların vandallığından başqa heç bir izlərinə, ruhlarına rast gəlinmir. Şuşa 30 illik işğalında belə heç bir yad nəfəsi götürməyib. Bu şəhərin ruhu bizə aiddir. Çünki Cıdır düzü bizim üçün əyləncə, yeyib-içmək yeri yox, azadlığımız, ruhumuzun sərhədsizliyi, genişliyidir. Şuşa bizim üçün sadəcə evimiz deyil, Allaha inancımızdır, var olmağımızdır.

Şuşa bizim ruhumuzdur.

Şuşanı görəndən sonra inandım ki, bu şəhərin azad olunmağı belə silahdan daha çox, ruh məsələsidir. Şuşada Azərbaycan əsgərinin keçirdiyi misilsiz əməliyyatda Azərbaycan xalqı bütün ruhu ilə iştirak edirdi. Heç bir yerdən xəbər almasa da, Şuşanın azad olunması ilə bağlı başladılan əməliyyatlardan hər bir azərbaycanlı agah idi. Azərbaycan əsgərinin Şuşanın sıldırım qayalarına necə çıxa bildiyi bütün dünyaya sirr olaraq qalacaq. Çünki bunu heç kim anlıya bilməyəcək ki, Şuşanın azad olunması üçün Şuşaya qalxan 600 əsgəri o sıldırım qayalara bütün Azərbaycan xalqının ruhu qaldırırdı. Həm də sadəcə bu gün yaşayan deyil, gəlmiş-keçmiş, hətta dünyaya gələcək olan Bütün Azərbaycanlıların Ruhu.

O üzdən Şuşa bizim yalnız mədəniyyət beşiyimiz deyil, həm da Ruhumuzun şəhəridir.

Cabir Novruz bir şerində yazırdı:

Millət əzər, əzilər də

Kaş millətdə ruh yaşasın!

Əyri qəddi düzələr də,

Kaş millətdə ruh yaşasın…

 

Qeyrət ruhun gücündədir,

Qudrət ruhun gücündədir,

Millət ruhun gücündədir,

Kaş millətdə ruh yaşasın…

 

Yaşayan ruhumuz var olsun!

P.S. Şuşa səfərinin təşkilinə və məni də dəvət etdiklərinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığımı bildirirəm.

İlqar İlkin

Share: