Əsl ziyalı düşüncəsi…

Əsl ziyalı düşüncəsi…

Ulu Öndər ziyalılarla görüşlərində hər bir kəsi, o cümlədən ziyalıları ən çox maraqlandıran məsələləri qaldırır və birgə müzakirə aparırdı

Ümummilli lider Heydər Əliyev dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran dahi şəxsiyyət idi. O, gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi sayəsində göürdüyü işlərlə Azərbaycan dövlətinin və xaqlının həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan ziyalıları ilə görüşməkdən məmnun olurdu. Özünün dediyi kimi ziyalılarla görüşmək həmişə böyük bir bayram təsəvvürü yaradır. Bu, əsl ziyalı düşüncəsi idi. O, ziyalılarla görüşə həddindən artıq dəyər verirdi. Çünki Ulu Öndərin qəlbi, ürəyi həmişə Vətəndə, xalqı və xalqımızın qabaqcıl üzvləri olan ziyalılarla, onların yaradıcılığı, işləri ilə bağlı olmuşdur.

Ziyalı adı təhrifi sevməz. Ümummədəni ictimai sferanın mühüm avanqard hissə elementi olan ziyalıların ümumi ictimai vəzifə yükünə heç bir xələl gələ bilməz. Çünki cəmiyyətin nə qədər sağlam düşüncəyə ehtiyacı varsa, sağlam düşüncənin də sağlam cəmiyyətə bir o qədər ehtiyacı var. Ziyalılıq hər şeydən əvvəl öz mənafeyini kənara qoyub əsasən ona inanan və onu bu səviyyəyə çatdıran cəmiyyətin mənafeyini üstün tutmaqdır. Azərbaycan Respublikasını narahat edən məsələlər hər bir Azərbaycan vətəndaşını, şübhəsiz ki, ziyalıları, intellektual səviyyəli adamları da düşündürür və narahat edir. Ulu Öndər ziyalılarla görüşlərində hər bir kəsi, o cümlədən ziyalıları ən çox maraqlandıran məsələləri qaldırır və birgə müzakirə aparırdı. Bununla yanaşı, tarixçilər, ədəbiyyatşünaslar və digər sahəyə mənsub ziyalılar qarşında vəzifələr qoyur, öz tövsiyələrini verirdi. 1993-cü ilin 21 sentyabrında Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışından bildirmişdir ki, tariximiz çox zəngindir və biz bunu vaxtaşırı xalqa çatdırmalıyıq: “Nizami Gəncəvinin 850 illiyi qeyd edilmişdir. Hansı səviyyədə qeyd edildiyini deyə bilmərəm. Ona görə yox ki, bu yubiley böyük bayram kimi keçirilməlidir. Bu, Azərbaycanı, onun tarixini bir daha dünyaya tanıtmaq üçün imkandır. Nizami Gəncəvinin əsərləri təkcə ədəbi cəhətdən deyil, fəlsəfi baxımdan da əvəzsizdir. Lakin 1948-ci ildən ötən 50 ilə yaxın vaxtda biz onların istənilən səviyyədə tətbiq edilib yayılmasına nail ola bilməmişik. Demək istəyirəm ki, bizim mədəniyyətimiz, elmimiz çox zəngindir. Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq”.

Azərbaycanda elm, təhsil, mədəniyyət və incəsənət sahəsində tanınmış, böyük ictimai nüfuz sahibi olan yüzlərlə ziyalı var ki, Ulu Öndər Heydər Əliyevin himayəsini hiss ediblər.  Ümummilli liderin, Azərbaycanı dünyada tanıdan ziyalılara, incəsənət adamlarına xüsusi diqqəti var idi. Bu baxımdan Ulu Öndər dünya şöhrətli müğənni Müslüm Maqomayevin də fəaliyyətini yükəsk qiymətləndirirdi. Ümummilli lider Heydər Əliyev demişdir ki, Müslüm Maqomayev nadir və bənzərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır: “Onu fərqləndirən bir cəhət də istedadının çoxşaxəli olmasıdır. Onun gözəl səsi, əla ifa texnikası var. O, gözəl oxuyur, musiqi alətlərində gözəl çalır, çoxlu gözəl mahnılar bəstələyib. Gözəl şəkil çəkməsinə, heykəltəraşlıq istedadına gəldikdə, bu da məlumdur. Görün, bir insanda nə qədər çoxşaxəli, böyük istedad cəmləşibdir. Sevinirik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan musiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var və indiyədək olduğu və getdiyi bütün dünya ölkələrində özünü və bizim mədəniyyətimizi, musiqimizi və xalqımızı şöhrətləndirir”.

Əlamətdardır ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan ziyalısına münbit şərait yaratdığından onlar ictimai proseslərin gedişində öz rolunu geniş miqyasda təsdiqləmək əzmi nümayiş etdiriblər. Ziyalılar arasında səmərəli əlaqələrin qurulması və həyata keçirilməsi yönümündə irəliləyişlərin əldə olunması üzrə mühüm tarixi həlqə yaradılıb. Ümummilli Lider Heydər Əliyev ölkədə ziyalılara, onların cəmiyyətdəki rollarına və mövqelərinə olan münasibətlərin xüsusiyyətini yaxşı anladığına görə ziyalıların fəallaşması, onların müxtəlif ziyalı təşkilatlarında birləşməklə öz ictimai funksiyalarını ifadə etmək istəyində bulunmalarını yalnız ictimai inkişaf yönümündə irəliyə doğru atılan bir addım kimi qiymətləndirirdi. Təbii olaraq, ölkədə sərbəst və açıq cəmiyyət formalaşdıqca, ziyalıların funksiyalarının artırılmasına olan ictimai zərurət daha aydın dərəcədə özünü göstərməkdə davam edir. Bugünün ziyalısı yalnız fəaliyyətdə olduqda, öz ziyalılıq keyfiyyətlərini ifadə etdikdə cəmiyyətdə öz ziyalı simasını nümayiş etdirmiş olur.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

 

 

Share: