ƏSL ZİYALI… – Qubad İbadoğlu

ƏSL ZİYALI… – Qubad İbadoğlu

Sıradan bir alim deyil, öz ixtisasını dərindən bilir, mahir iqtisadçıdır. Fikirlərini elə izah edir ki, əlavə sualara ehtiyac qalmır. Ölkədəki iqtisadi nöqsanları dilə gətirməyi, haqqı söyləməyi bacarır.

Əslində onun xüsusi təqdimata ehtiyacı yoxdur. Cəsarətli, məzmunlu çıxışları ilə sevilir, xalqın ehtiramını çoxdan qazanıb…
Deyir ki,- “Gənclərə üç tövsiyəm var. Birincisi, hökmən xarici dillərdən birini mükəmməl öyrənsinlər. İkincisi isə seçdikləri ixtisasın sirlərini mənimsəsinlər. Üçüncüsü də odur ki, ali təhsilin növbəti hissəsinə xaricdə yiyələnsinlər…”
Haqqında söhbət açdığım insan 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində dünyaya gəlib. Səkkiz il həmin kənddə oxuduqdan sonra tam orta təhsilini Bakıdakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbdə başa vurub. 1987-ci ildə 16 yaşında ikən doğum şəhadətnaməsi ilə indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. 1992-ci ildə oranın maliyyə-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1994-1996-cı illərdə aspiranturada oxuyub və namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1996-cı ildən 2014-cü ilədək məzunu olduğu universitetin “İqtisadi təhlil” kafedrasında müəllim işləyib. Eyni zamanda 2008-ci ildə ABŞ-ın Kanzas və 2009-cu ildə isə Şimali Karalina universitetlərində tədris tərcübəsi keçib. 2014-cü ildə BMT-nin xətti ilə Qırğızıstanda baş nazirin müşaviri vəzifəsində çalışıb. Orada olarkən Qırğız hökumətinin islahatlar proqramını hazırlayıb.
2015-2016-cı illərdə ABŞ–ın Nyu Cersi ştatındakı Dyuk Universitetinin, 2017-2018-ci illərdə isə Prinston Universitetinin professoru olub. 2018-ci ilin sentyabr ayından, 2021-ci ilin avqust ayınadəkdək ABŞ-ın məşhur elm ocaqlarından birində- Ratqers Universitetində işləyib. Hazırda London İqtisadi və Siyasi Elmlər Məktəbində (LSE) baş elmi işçi və professor vəzifəsində çalışır.
20-dən çox kitabın müəllifidir. 8 kitabı dünyanın 10-dan çox ölkəsində çap olunub…
Ömür-gün yoldaşı İradə xanım Bayramova ali təhsilli mühasibdir. Üç övladı var- bir qız, iki oğlan.
Olduqca dərin zəkaya malik, güclü təfəkkürü olan, bu vətənpərvər soydaşımızın Azərbaycan naminə gördüyü işlər də az deyil. Çalışdığı universitetdə Qarabağ həqiqətlərinin ingilislərə çatdırılmasında xeyli zəhmət çəkib. Təbiət qoynunda, xüsusən də dağlıq ərazilərdə gəzməyi xoşlayır.
Xaricdə təhsil almaq istəyən tələbələrə tövsiyə məktubları verir. “Facebook”da “Xaricdə təhsil proqramları üzrə informasiya və məsləhət mərkəzi” adlı səhifə də yaradıb. Orada təhsil təqaüdü ilə bağlı məlumatlar paylaşır…
Horadizdə bir təpə var. Hər yolu düşəndə o təpəyə qalxıb doğma Aşağı Güzlək kəndinin dağlarına tamaşa edir. Dəfələrlə övladlarını da oraya aparıb ki, işğal altında olan dədə-baba yurdlarından xəbərləri olsun.
“Şükür Allaha ki, torpaqlarımız azad olunub. İndi də arzum oraya gedib, ziyarət etməkdir”- söyləyir…
Deyir ki,- “Adam o vaxt güclü olur ki, ayağı yurdunun torpağında olur. Qarabağın ermənilərdən azad olunması mənim ən böyük sevincimdir. Nə vaxtsa Azərbaycanda bir universitet aça bilsəm və orada gənclərimizə dünya standartlarına uyğun təhsil verilsə özümü dünyanın ən xoşbəxti sanaram…”
Ciddi və ləyaqətli adamdır. Təvazökarlıq onun xarakterinin ən gözəl xüsusiyyətidir. Çox yaxşı davranış qaydaları var. Məclislərdə, cəmiyyət qarşısında özünü əsl cənab kimi aparır. Yalanı, qeyri-səmimiliyi sevmir. Realistdir, şirin xülyalarla yaşamır…
Bəli, haqqında söhbət açdığım Qubad İbadoğlu sıradan bir alim deyil, öz ixtisasını dərindən bilən, həqiqəti dilə gətirməyi bacaran, qorxmaz ziyalıdır. Necə deyərlər, ölüm təhlükəsilə üz-üzə dayansa belə haqqı söyləyəcək…
Elman Eldaroğlu
Share: