ƏSRA – Elnur NƏHMƏDİN hekayəsi

Müəllif: Bu hekayə həm də İlkin üçün  nekroloqdur

 

Ay ariflər, bir tərlanım uçubdur,
sağ əlimdən sol əlimə alınca.
Onu tutan xeyrin-bəhrin görməsin,
mən yazığın naləsi var dalınca.
Xəstə Qasım

Azadlıq…..Azadlıq….A-zad-lıq!
Metronun “Elmlər akademiyası” stansiyasından çıxıb üzüyuxarı – Azərnəşrə doğru gedirəm. Aprel ayının küləyinə bürünmüş bu mazut qoxulu şəhər küçələrində inqilab əhvallı cavanların səs-küyü ətrafı bürüyüb. İş yerimə tez çatmalıyam deyə başqa yolum yoxdur. Onların çığır-bağırı əsəblərimi pozur. Hərdənbir gülürəm. Görəsən, bunlar azadlıq deyəndə nəyi nəzərdə tutur? Mənə görə, biz ana bətnində olarkən azadlığımız əlimizdən alınmış olur, anadan azad olduqdan sonra azadlıq davası etmək nəyə lazımdır ki?!
Ümumiyyətlə, bu sözdən zəhləm gedir. Mənə tamam yad olan bu sözü eşitmək istəmirəm.

Narıncı rəngə bürünmüş şəhərdə inqilab havası paltarlarıma belə hopub. Artıq bir həftədir ki, istəmədiyim bir rəngdə – narıncı rəngdə köynək geyinmişəm.
Bu köynəyi isə işlədiyim yerdən veriblər.

Bir az qərib görünəcək, amma “Azadlıq” adlı qəzetin redaksiyasında işləyirəm. Əlimdə bircə fotoaparatım var. Qəzet üçün şəkillər çəkirəm. Amma işim təkcə bu deyil. Baş redaktor ən “çətin” adamlardan müsahibə almağa məni göndərir . Körpə uşaq kimi bütün tapşırıqlara əməl edirəm.
Baş redaktorumuz hər səhər toplantı çağırır. Görüləcək işləri aramızda bölür. Filankəs, sən bu gün Milli Məclisdə olacaqsan, filankəs, sən Daxili İşlər Naziri ilə görüşüb müsahibə alacaqsan…
Hər dəfə də üzünü mənə tutub:
– İlkin, sənə də deməyə ehtiyac yoxdur da… Özün bilirsən nə etmək lazımdır..
Bu proses hər gün təkrarlanır. Bezdiricidir deməzdim, çünki içimdəki enerji o qədər çoxdur ki..

Bir gün yenə də xəbər dalısıyca şəhəri ələk-vələk etmək üçün çıxdım.
Bakı bütünlüklə bayraqlara bürünmüşdü. Ölkədə Respublika Günü qeyd olunurdu.
Bakı Dövlət Universitetinin həyətində tələbə əlindən tərpənmək olmurdu.

Burada sizə bir sirr açacam. Yaşım artdıqca subaylığın daşını atacağıma söz vermişdim deyə evlənmək qərarı vermişdim. Həyatımda o qədər qızla tanış olub ayrılmışdım ki, artıq özümdən, hərəkətlərimdən utanırdım. Leyla, Emilya, Gülnar,… hansını deyim!? Gözüm elə hey gözəl birisini axtarırdı.
Universitetin həyətində qəzet üçün şəkillər çəkməyə başladım. Birdən kiminsə arxa tərəfimdə olduğunu, mənə baxdığını hiss etdim.
– Salam
Geri çevrildim.
Həyatımda ilk dəfə idi ki, kiminsə salamını ala bilmirdim. Damarlarımdakı qanın sürətli hərəkətini hiss etdim. Diksindim. Elə bildim ki, kimsə dizlərimdən tutub yerə çəkir. Əlini mənə uzatdı:
– Əsra
Milyon illər ötəcək, insan oğlu gözəl gözlü qızlar görəcək, şeir yazıb dastan qoşacaq, amma qarşımdakı bu gözəlliyi vəsf etməyə gücü çatmayacaq. İndi sizlərə onun gözəlliyindən bəhs edə bilmirəm, çünki içimdə qısqanclıq hissi var.
Həmin vaxt Əsranın gözlərindən qopan qığılcımabənzər işıqlar ruhuma hopdu. Elə o an hiss etdim ki, gələcək həyatım onsuz hec cürə mümkün deyil. Bəlkə də, bu, psixoloji hava idi, amma düşüncəmin dəqiqliyinə əmindim.
İlk görüşümüz, ilk tanışlığımız bu gözəl gündən başladı. O gündən Əsrasız yaşamaq mümkünsüz oldu. Onu görmədiyim bircə gün olmuşdu və həmin gün boğazımdan heç nə keçməmişdi. Ruh kimi ətrafı dolaşıb danlanmış, cəzalandırılmışdım.
Sonralar görüşlərimizin sayı çoxaldı.

Bir dəfə də Əsragilə getdik. Qapıda bizi qarşılayan qara kostyumlu iki adam oldu. Əsra məni təqdim etmək istəyirdi, ona imkan vermədilər. Harasa zəng vurdular. Nə danışdılar, nə dedilərsə, məni qapıdan uzaqlaşdırdılar.

Səhəri gün Əsra redaksiyamıza gəldi. O günəş gözlü sevgilimin üzünə sanki qaranlıq çökmüşdü.
Əsranın atası iqtidarda olan yüksək vəzifəli məmur idi. Qızının müxalif düşüncəli gənclə, həm də narıncı rəngli paltar geyinən, qalstuk taxan gənclə birlikdə olması ona xoş gəlməmişdi.
Sabir bağında bir küncə qısılıb büzüşmüşdük
– Necə olacaq, İlkin?
– Qaçaq kəndə.
– ……….
– Söz verirəm, yaxşı olacaq hər şey.
– Atamdan qorxuram, öldürər məni.

Ayrılıq…

Telefonumun yaddaşında Əsradan ikicə mesaj qalıb

21.12.05 saat 00:55
Özümə söz vermişdim ki, gözümün yaşı yalnız Allah qorxusundan yana axacaq. Bu da məni boğur. İlkin, xahiş edirəm, söz ver ki, siqaretdən uzaq duracaqsan

23.01.2006 saat 00:10
Az olan ümidi məntiqə bağladıq, nə oldu!?
Cavabsız qalmasın, boğaram səni!
Ürəyim üşüyür…

Düz 15 ildir ki, hər qadından onun qisasını alıram…
Hər gün səhərlər gözümü onunla açır, axşam isə yatağa onunla girirəm…
Dostlarla, ətrafla söhbət edəndə, azca da olsa, Əsranı yadımdan çıxarmağa çalışıram, amma hər təkliyimdə onunla danışıram…
Gün ərzində ən azı yüz dəfə işləməyən nömrəsin yığıram…
Min dəfə şəklinə baxıram…

Artıq 44 yaşım var və ilk sevdiyim gün necə bağlanmışamsa, elə də sevirəm Əsranı…
Bütün qadınlarda onu axtarıram…
Hər qadını da həmin həvəslə sevməyə cəhd edirəm, alınmır…
Ən yaxın adam atam idi, dünyasını dəyişəndə ağlaya bilmədim, amma Əsraya görə hər gün ağlayıram…
Ailə qurmuşam. Demək olar ki, mehriban yaşayırıq. Yoldaşım nələr çəkdiyimi gözəl bilir, hiss edir.
Bu yaxınlarda Əsranın yeni nömrəsini tapdım.
Öyrəndim ki, ailə qurur. Ona xoşbəxtlik arzuladım, telefonu söndürdü, cavab vermədi…
Ərə gedəcəyi adamın nömrəsini tapıb zəng vurdum. Dedim, ona yaxşı baxarsan.
Söydü məni, telefonu söndürdüm.
Bir həftə sonra Əsraya telefonda
“Salam” yazdım. Şəkil göndərdi, qara çadraya bürünmüş şəklini…

İndi Əsra mənimçün tamamilə yad olan “Azadlıq” sözünü ruhuma hopdurub. Ondan azad olmaq, onunla bağlı hər nə varsa, azad olmaq, ondan qopmaq istəyirəm, amma mümkün deyil.
Əsra azadlığın nə olduğunu verdi mənə, sonra isə əlimdən aldı.

Share: