Bu gün dünyada ət əleyhinə misilsiz bir kampaniya başlamışdır, hətta bəzi elm adamlarımız fəxrlə mən ət yemirəm deyir və geniş təbliğat aparırlar, amma onların hamısı ət yeyir və bunun sübutunu yazacağam.
“Ət bizim dünyamızın və cənnətin ən ləziz yeməklərindəndir.”
Muhamməd Peyğəmbər (sallallahu aleyhi və səlləm)
İnsan bədəninin təməl daşları amin turşularıdır. Amin turşuları bizim məhv olmuş toxumalarımızın yenilənməsində və yeni hüceyrələrin əmələ gəlməsində iştirak edirlər. Amin turşular zülallardan əmələ gəlir, deməli bizim orqanizmimizə zülallar çox lazımdır, zülalların isə əsas mənbəyi ətdir. Ət orqanizm üçün ən faydalı qidadır. Deyə bilərsiniz ki, zülallar bitkilərdə, əsasən ləpəlilərdə də var. Amma bitkilərdəki zülallar heyvani zülallar qədər tam parçalanmır. Əgər insan uzun müddət ət yeməzsə və bədənin tələb etdiyi zülalları bitkilərdən alarsa, onda həmin insanda ödemlər (şişmələr) əmələ gələcəkdir, bunun səbəbi də bitki zülallarının natamam parçalanması və mənimsənilə bilməməsidir.
Bundan başqa ətin tərkibində dəmir, sink, fosfor, kalium, kalsium və s. minerallar vardır. Həmin minerallar bitkilərin də tərkibində var, lakin liflərlə birgə olduğundan ət qədər sorula bilmir.
Qırmızı ətin faydaları
Bu gün ən çox əks-təbliğat qırmızı ət üstündə qurulub, yəni qoyun və mal ətləri. Əgər insan qırmızı ət yeməzsə, onda güclü əzələ qıcolmaları baş verəcəkdir. Bu isə qanın birdən-birə sürətlə beyinə yüksək təzyiqlə axması ilə nəticələnəcəkdir, sonda beyin hüceyrələrinin məhv olmasına səbəb olacaqdır. Ən son araşdırmaların nəticəsini nəzərinizə çatdırıram: heyvani mənşəli yağlar beynimizdə dövr edən qanın sürətini tənzimləyir.
Ətin tərkibindəki yağların 96%-i, zülalların isə 95%-i yavaş-yavaş sorulur. Mədəyə düşmüş ət gec sorulduğundan bizim uzun zaman tox qalmamıza səbəb olur.
İnək, dana əti həm qida maddəsi kimi, həm də müalicəvi-profilaktik baxımdan faydalıdır.
Bir illik dana əti daha keyfiyyətlidir. Bir yaşdan yuxarı mal əti bədənə istilik, quruluq verir və gec həzm olur. Bir yaşdan yuxarı olan inək ətini həl bişirmək, sirkə, ədviyyatlar, o cümlədən darçın işlətməklə yemək məsləhətdir.
Mal əti bədəni qüvvətləndirir, kökəldir. Pəhriz məqsədilə də istifadə olunması münasibdir, sidikqovucu təsirə malikdir.
QOYUN ƏTİ
Ümumiyyətlə bir qisim insanlar var ki, qoyun ətinin sağlamlıq üçün ziyan olduğunu güman edərək ondan birdəfəlik imtina ediblər. Ancaq bu gümanda bir yanlışlıq var. Əgər digər qida məhsulları kimi qoyun ətindən də qədərində istifadə olunarsa, onun orqanizm üçün faydalarından yetərincə bəhrələnmək olar.
İnsanlar əsasən qoyun ətinin yağlı və piyli olmasına görə bu ətdən istifadə etməkdən çəkinirlər. Ancaq bu düşüncədə olanlar nəzərə almırlar ki, qoyun ətində olan piy, daha çox istifadə olunan mal ətindəki piydən iki dəfə azdır.
İlk növbədə onu qeyd edək ki, qoyun ətindən xörək hazırlayarkən çalışmaq lazımdır ki, ətin yağlı hissəsindən istifadə olunmasın. Belə olan halda qoyun ətindən istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq mümkündür.
ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin ümumi miqdarının aşağı düşməsinə gətirib çıxarır. Alimlərin apardığı eksperiment nəticəsində xolesterenin miqdarı çox olan insanların rasionuna sutka ərzində
100-150 qram yağsız qoyun əti daxil ediblər. Bir müddətdən sonra həmin insanlarda xolesterenin miqdarı 10 faiz aşağı düşüb.
Qoyun ətindən istifadə zamanı ikinci bir məsələni də diqqətdə saxlamaq lazımdır. Qoyun əti ilə birlikdə turş ədviyyatlardan, şüyüddən, nanədən, kəklikotundan, nar turşusundan, limondan istifadə etmək lazımdır.
Qoyun əti bədənə qüvvət verir, qanı artırır, orqanizmin itirilmiş enerjisini bərpa edir, daxili orqanları möhkəmləndirir.
AĞ ƏTİN FAYDALARI
Ağ ət olaraq həftədə 2-3 gün cücə — toyuq ətindən istifadə etmək məsləhət görülür. Yumurtadan sonra ən keyfiyyətli zülal qaynağı olan cücə ətinin 100 qramı gündəlik zülal ehtiyacımızın 40-50 %-ni qarşılayır. Bununla birlikdə toyuq əti vitamin B12, vitamin B6, selenium, fosfor, dəmir baxımından da zəngindir. Toyuq ətinin qısa lifli quruluşu səbəbi ilə həzmi də asandır. Qış aylarında tərəvəz və limon əlavə edilməklə hazırlanan toyuq şorbaları immunitet sistemini qüvvətləndirir, xəstəliklərə qarşı bədəni qoruyur. Çiy toyuğu qaynadarkən dərisini çıxarmaq məsləhətdir. Əgər toyuğu dərisi ilə birlikdə qaynatsanız, o zaman qaynatdığınız toyuğun suyunu istifadə edərkən üzərinə yığılan yağları ataraq istifadə etməlisiniz. Toyuq əti əslində olduqca bərəkətli bir ətdir. Toyuğun qaynadılmış suyundan şorba, plov bişirilməsində də istifadə edə bilərsiniz. Qaynadılmış əti sobada tərəvəzlərlə bişirdikdə daha çox ləzzətli və sağlamlıq üçün faydalı olur.
Gündəlik kifayət qədər zülal ala bilmək üçün toyuq ətini qaynadaraq salatlarınızı zənginləşdirə bilərsiniz. Eyni zamanda toyuğun ağ ətini soyuq qəlyanaltı kimi də qəbul etmək olar. O səbəblə əgər çalışırsınızsa, evdə toyuq ətinindən buterbrod hazırlayaraq yanınızda daşıya bilərsiniz. Ancaq yay
aylarında toyuq ətinin tez xarab olduğunu da unutmayın, isti havada dörd saatdan daha çox saxlanılmış toyuq ətini yemək məsləhət deyil.