Əvvəlki koronaviruslar yenidən meydana çıxa bilər – Təhlükəli vəziyyət yaranır

Əvvəlki koronaviruslar yenidən meydana çıxa bilər – Təhlükəli vəziyyət yaranır

“COVİD-in yayıldığı təsdiq olunan yeni variantı əslində yeni ştam deyil, “Delta” ştamının yeni bir növüdür. Yəni hər mutasiyanı biz yeni ştam adlandıra bilmərik və nəzərə alsaq ki, “Delta” ştamının özü də çox yoluxdurucu idi, ondan əmələ gələn yeni variantların da ən azı o qədər yoluxdurucu olmasını gözləyirdik”.

Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, yoluxma sayının artmasından daha çox xəstəliyin ağır gedişli formalarının artmasına görə narahat olmalıyıq:

“Həmçinin bu yeni variantın yoluxdurucu olmasında əsas rol oynayan amil hazırda təhsil müəssisələrinin, pandemiya müddətində qapalı olan bütün məkanların, müəssəsisələrin yenidən fəaliyyətlərini bərpa etməsi, yenidən ictimai yerlərdən sıx istifadə olunmasıdır. İstənilən meydana çıxan yeni ştam olsun, hər hansısa bir ştamın yeni variantı olsun, daha sürətlə yayılmağa gətirib çıxaracaq və təbii ki, bu da kənardan baxdıqda elə görünəcək ki, meydana çıxan bu yeni variant özü daha yoluxdurucudur. Yəni bu variantın yoluxdurucu olub-olmamasına əmin olmaq üçün hələ zamana ehtiyac var. Hazırda bu növ virusun sürətlə yayılmasının səbəbi onun özünün yoluxdurucu olmasından çox insanların ictimai nəqliyyatdan, qapalı məkanlardan çox istifadə etməsidir.

Bizi yoluxma sayının artmasından daha çox xəstəliyin ağır gedişli formalarının artması narahat etməlidir. Əgər müşahidələr göstərsə ki, xəstəliyə yoluxanlarda ağır gedişli hallar çox müşahidə olunur, təbii ki, epidemioloji vəziyyət təhlükə altında ola bilər.

 

Ümumiyyətlə qarşıdan gələn qış ayları soyuq hava şəraitini və pandemiyadan əvvəlki koronavirusların da yenidən meydana çıxma ehtimalının yüksək olduğunu nəzərə alsaq, yoluxmanı göstərən rəqəmlərdə artım müşahidə olunması qaçılmazdır. Belə ki, pandemiyadan əvvəl də koronaviruslar noyabr ayından başlayaraq mart ayına kimi insanlar arasında ən çox yuxarı tənəffüs yollarının xəstəliklərinə səbəb olan viruslardan ibarət idi və ən çox pnevmaniya törədən viruslar idi. Əgər hazırda da normal koronaviruslar yayılsa, bu, PSR testlərinin də təbii ki, pozitiv olmasına gətirib çıxarır və bu rəqəmlərin yüksəlməsinə yeni mutasiyanın səbəb olduğunu, yoxsa normada pandemiyaya səbəb olmayan koronavirusların səbəb olduğunu aydınlaşdırmaq bir az çətin olur. Belə ki, rəqəmlər o qədər yüksək olur ki, hər test götürülən, nümunə alınan xəstənin koronavirusun hansı ştamına yoluxmasını müəyyənləşdirmək böyük bir maliyyə tələb edir. Bu baxımdan da dəqiq rəqəm demək mümkün deyil ki, yoluxma sayını artıran normal pandemiyaya səbəb olmayan koronaviruslardırmı, yoxsa meydana çıxan yeni ştamlar?! 

Hər bir halda insanları qoruyan əsas amil dəyişməz olaraq qalacaq. Bu virus hava-damcı virusudur, hava-damcı infeksiyasıdır. Bütün hava-damcı infeksiyalarına xas qorunma qaydaları necədirsə, burada da elədir. Yoluxmadan, xəstəliyin ağır formalarından qorunmaq üçün isə vaksinlənmənin çox böyük rolu olacaq”.

Share: