Bakıda xırda bir əsnaf dükanı… Hamı dərn bilikləri ilə seçilən, lain həyatda çox da bəxti gətirməyən şairin- Məhəmməd Hadinin başına yığışıb. Yığışanlar onun həm fəlsəfi-didaktik, həm də ictimai-siyasi söhbətlərindən yorumurlar. Söhbət Osmanlının bu gününə gəlir. Hadi o zamankı sultan II Əbdülhəmidi, daha doğrusu, onun yürütdüyü siyasəti tənqid edir. Bu zaman sultana hörməti ilə seçilən dinləyicilərdən biri dözmür və ət çapacağını götürürək Hadiyə hücum edir. Şair əgər bir cəld tərpənməsə idi, həyatı ilə vidalaşmalı olacaqdı…
Artıq bu yazıda söhbətin kimdən gedəcəyini bildik. Moderator.az nakam taleli şair, haqqında bəlkə də ən çox şeir, kitab, əsər yazılan- qısa ömrünə baxmayaraq- böyük romantik barəsində yazını təqdim edir:
Vaxt keçdi, vədə ötdü… Hadinin bəyənmədiyi böyük diplomat Sultan Əbdülhəmidi taxtdan salındı. “Gənc türklər” hakimiyyət başına keçdi. Bu zaman Hadi taleyində yaşıl işığın yanacağına çox inandı. O, çarizmin irticasından xilas olmaq arzusilə 1910-cu ilin əvvəlində İstanbula gedir. “Tənin” qəzetində şərq dilləri tərcüməçisi işləməyə başlayır. O zaman İstanbulda belə bir vəzifədə çalışmaq və o cür qəzetlərdə əsər dərc etdirmək asan deyildi.
Amma şair orada da xəyal qırıqlığına uğrayır. Vaxtilə Əbdülhəmidi tənqid edən Hadi orada gördüklərindən dəhşətə gəlir. Axtardığı mücərrəd həqiqəti, utopik hürriyyəti burada da tapa bilmir
Manaf Süleymanov özünün araşdırmalarında bu barədə yazır:
“Onun məqalələri qaragüruhçuları duyuq salır. Qadın hüququ, qadın azadlığı barədə yazdığı şerlər səs-küyə səbəb olur. Böyük ümidlərlə getdiyi İstanbulda başına olmazın müsibətlər gəlir. Yüksək rütbə sahibini təhqir etmək üstündə onu həbsə alırlar və Salonik şəhərinə sürgün edirlər. Yunanlar Hadinin əlinin incə və ağ olmasından, nəzakət və rəftarından onu türk casusu hesab edir, öldürmək istəyirlər. Bir yunan keşişi onu himayəsinə alıb, xilas edir. Salonikdə, sürgündə olanda çox ağır və acı həyat keçirir. Günlərlə ac qalır. Sürgündən qayıdandan sonra İstanbulda qalmır, vətənə – Bakıya dönür”.
Həmin vaxt Bakıya dönən Hadi artıq əvvəlki Hadi deyildi. Həyatda artıq heç nəyə inamı qalmamışdı. Bütün bu sarsıntının sonunda ruhi xəstəliyə tutulur. Ruh xəstəxanasında yatır. Müalicə olunub xəstəxanadan çıxdığı vaxt həyatının növbəti ağır sınağına qədəm qoyur. Birinci dünya müharibəsi başlayır. Məhəmməd Hadi Səlib Əhmər dəstəsilə cənub-qərb cəbhəsinə könüllü gedir:
“İmperialist müharibəsinin dəhşətlərinin canlı şahidi olur. Viran qalan mülkləri, tar-mar olan kənd və şəhərləri, doğma ev-eşiyindən sərgərdan düşmüş yüz minlərlə fəqir-füqəranın, qoca, uşaq və qadınların fəlakətini, min bir xəstəliyə mübtəla olanları, insanların bir-birini qırmasını görür. Müharibəni lənətləyir. «Meydani hərb xatirələrindən» sərlövhəsi altında Bakıya şerlər göndərir. Şair «Karpat lövhələri» silsiləsindən Lehistanın kənd və şəhərlərində gördüyü şairanə mənzərələri, sadə insanların səmimiyyətini ustalıqla qələmə alır. «Hərb müsəlləs» şerində müharibə törədənləri qəzəblə ifşa edir:
Dəryada hərb, yerdə də hərb, asimanda hərb,
Ey aləmin ilahi, nədir bunca hərbü zərb.
Dünyada hərb al yazılı bir kitabdır” (yenə oradan)
Hadi sonradan müsəlman alayına imam təyin edilir. Görənlər nəql edirdi ki, Hadi əynində çərkəzi çuxa, belində şəmşir, papağının dövrəsində nazik sarğı, yəhərli atın üstündə uzaqdan nəzərə çarpırdı.
Amma müharibə də bir gün bitir. Hadi Bakıya gəlir, ədəbi fəaliyyətə başlayır, qəzet və məcmuələrdə məqalə və şerlər dərc etdirir.
Məhəmməd Hadi get-gedə bədbinləşir, mühit ona daha da yadlaşır. Ümidini hər şeydən üzür. Şerlərini gah Səməd Mənsurun «Turan», gah Hacı Zeynalabdin Tağıyevin “Kaspi”, arabir Qafur Rəşadın “Məktəb”, ya da ki, Orucov qardaşlarının “Elektrik” mətbəələrində mürəttib və fəhlələrin köməyilə uzun vərəqələrdə dərc edib, küçələrə düşüb biri iki şahıdan, bir abbasıdan satıb ruzu pulu qazanır, heç kəsə boyun əymir.
Şerlərində bir loxma çörək üçün heç kimə baş əyməməyi məsləhət görür. Əliməmməd Mustafayev nəql edirdi ki, iyirminci il may ayının ilk günlərində «Çanax Qala» kafesində oturub, Hadi ilə bərabər qayğanaq yedik, kofe içdik. Birlikdə çıxıb Nikolaysk küçəsinə tərəf gedəndə xalq ədliyyə komissarı Əliheydər Qarayevə rast gəldik. Ayaq saxlayıb bizimlə görüşdü, Hadidən hal-əhval xəbər aldı. Hadi: «Belə inqilabi kəbirdən sonra mən də hamı kimi xoşbəxt, azad dünyaya qədəm qoymuşam, – dedi. – Ağakərim oğlu Əliheydər, tarix bəşərdə baş vermiş bütün qovğa, məğlubiyyət və qələbələrdə heç bir zaman, heç kəs şərabı qadağan etməmişdi. Siz bolşeviklər qadağan etdiniz. Bəşəriyyəti bu bəladan da, bu faciədən də xilas edə bilsəniz, alqış sizə. – Azca fikirləşib əlavə etdi. – Heç yerdə şərab tapılmır. Amma – əlini qoltuğuna salıb araqla dolu balaca bir şüşə çıxartdı, – amma mən tapmışam. Mənzilə gedib içəcəyəm, hər şeyi unudacağam. Mənzil dedikdə, güman etmə ki, sizin burjuylardan müsadirə etdiyiniz təm-təraqlı kaşanalardandır. Xeyr! Quba meydanında, karvansaranın bir küncündəki «qapıdan» zorla yanakı keçə bildiyim kahadır”