Xalq yazıçısı, professor Əzizə Cəfərzadənin 100 illiyində düşüncələr
Mən mistikaya və onun diktəsindən formalaşan taleyə inaclıyam.Adların energetik yük daşımasını qəbul edirəm.Körpəyə verilən adı atası, babası və ya kimsə onun qulağına pıçıldayır.Olsun ki, yeni doğulanın taleyini, xarakterini, mövqeyini, baxış acısını, mücadilə trayektoriyasını, zəka dərəcəsini ehtiva edən ad da ad verəni8n qulağına dərgahdan yetişir.
Əziz sözü Allahın adlarından biridi.Dünyəvi yozumda da hörmət və ehtiramı , qəlb simsarlığını anladır.
Elə Əzizə cəfərzadə imzası da isrər sağlığında , istərsə də indinin özündə milli şüura və özünüdərkə malik oxucudan ötrü əziz olub.Əksərən yazıçını öz ruhlarının əzizgiramisi sayıblar və bu əzizlik, əzizgiramilik “ Əzizə ana”, “ el adamı”, “ el anası” kimi ümumiləşmiş ana obrazına çevrilib.
Bəs bu uğur formulasının strukturunda nə dayanır?
Sovet ədəbiyyatşünaslarının təhlil leksikonunda bir “ xəlqilik” epiteti vardı.Ola bilsin ki, hər günün texnoloji ifadə tərzinə alışmış gəncinə boyat, hətta naftalin görünə. Amma insaf naminə deyək ki, sözün cövhərindəki məna-məzmun yükü, meyarı yetərincə dəyərlidir və aktuallığını itirməmişdir.
Əzizə Cəfərzadə ədəbi irsi milli bədii-estetik təfəkkürün və mifik yaddaşın daşıyıcısıdır.Onun qələmi el yaddaşından , xalq ruhundan, tarixi qaynaqlardan , genetik koddan su içir.Ruhunun havacatı folklor nəğmələri telində kökləönib.Ona görə də əsərləri mənəvi-ruhi qida verir, insanın içini arıdır və katarsisdə paklaşdırır.
Yazıçının dialoqları lakonik, canlı və təbiidir.Obrazları diridir, bütövdür, ürəyi təpərlidir: müsbəti və mənfiliyiynən, mənəvi, ya fiziki qüsurlarıynan. Qəhrəmanlarının zəka potensialının , dünyagörüşünün realizəsi belə , təsnifatlaşdırılmış bəlli bir xətt üzrə təhkiyəyə əlavə olunub.Əgər Əzizə xanımın personajlarında biri avamdırsa, o, müdrik ifadə işlədə , dəyanətli addım ata bilər, amma heç vədə kitab cümləsi ilə ütülü sözlər danışmaz.Yəni ədib hər qəhrəmanı onun baxış bucağının nizamlaya biləcəyi məsafədə atdınladır.Yazıçının obrazları göydəndüşmə deyillər, bədii strukturun ədəbi ekspozisiyanın tələbindən irəli gəlir.
Dil və üslub gözəlliyi Əzizə Cəfərzadə yaradıcılığını xüsusilə rövnəqləndirir.Onun bədii mətn dilinin kardioqramasını “ oxusaq” hansı qənaətin formalaşmağının şahidi olacağıq.
- Şəhdi-şirəli bir dil
- Vətən sevgisi ilə aşıb-daşan ürəkdən su içən sözlər
- milli məfkurə işığının haləsinə pərvanə şama yığışırmış kimi yığışan ifadələr
- aydın , oyaq zehniyyət süzgəcindən keçib durulan vətəndaş mövqeyinin söz şəkli
- dilbər guşələrimizin min bir rəngli və ətirli gül-çiçəyindən yığılmış bal
- ağ pəmbə buludların simsarlığı qədər ürəyə yaxılan bir dil
- dolanbaclarda təntimədən sonra qarşına çıxan buz bulağın suyu
- dan yerinin işartısı qədər ümid yeri
- Peydərpey yağışdan sonra çıxmış günəşin zərrin şəfəqləri ilə işıldayan şehli çəmən
- Göy qurşağının7 rəngi , üstəgəl o rənglərin çeşidli çeşnilər yaradan daha 7 çaları kimi estet , ürəyəyatımlı
- Üzünurlu, könlütox, gözütox, uzunömürlü nənələrin bayatı havacatı kimi könlü duyğulandıran laylaları kimi mürgü gətirən
- Folklor inciləri ilə vurulmuş naxış qədər gözoxşayan
Ruhun dincliyi
Əzizə Cəfərzadənin tarixi dünəni bu günün gerçəklik acısı ilə bədii təxəyyül süzgəcindən keçirərək oxucusuna çatdırılması uğurlu alınıb.Yazıçı mövzuya səthi yanaşmadan uzaqdır, böyük fədakarlıq və tükənməz enerji ilə fundamental araşdırmalar aparır, bəzən ürəyinə daş bağlayaraq qaysaq bağlamış yaranın üstünü açır.Yara göyüm-göyüm göynəməlidir ki, unutqanlıq ağırkəsicisi ucbatından ömürlük zəlilliyə çevrilməsin.
Əzizə xanım ictimai-siyasi gərdişin , bağrı zillətlərdən qarsımız Vətən ananın , milli mənlik şüurumuza nagahan açılan güllələrin , sirinsimiş dərdlərimizin şəklini mükəmməl çəkir, epoxal mənzərəni dürüsttlüyü ilə verir.Onun təsvir qüdrəti, təhkiyə ustalığı zamanın və məkanın doğma rənglərininbədii mətnə qatıb təqdim etməyə yetir.
Ədəbiyyatşünas alimimiz Vaqif Sultanlı Əzizə xanımın yeni nəşrlərinin 1-ci cildinə yazdığı ön sözə “ Ədəbiyyatın vətənpərvərlik missiyası “başlığını verib.
Tarixi-mədəni irsi araşdırmaq , milli aydınlarımızın taleyinə , təəssüf ki, çox vaxt da acı taleyinə güzgü titmaq ədəbiyyatın vətənpərvərlik missiyasıdır, əlbəttə.
Nişat Şirvani taleyi “ Vətənə qayıt” romanında açılır.Ədibin Seyid Əzim Şirvani yaradıcılığına və taleyinə təşnəsi “ Aləmdə səsim var mənim “ romanını ərsəyə gətirib.
1972-ci ildə “ Yad et məni” niAbbas Səhhətin, Mirzə Ələkbər Sabirin və Ağəli Nasehin adından söyləyib Əzizə xanım.Çoxlarının tanımadığı , dünyanın böyük səyyahlarından biri olmuş Zeynalabdin Şirvani haqqında gərgin araşdırmalar “ Eldən- elə” romanının yazılmasına rəvac verib.
1938-ci ildə Stalinin əmri ilə Azərbaycandan deportasiya olunan cənublu bacı-qardaşlarımızın ahü-naləsi yazıçının növbəti romanında “ Xəzərin göz yaşları” na dönüb.Ulu şah İsmayıl Xətayi şəxsiyyəti, şair və hökmdar taleyinin harmoniyası ilə bərabər ziddiyyətləri də “ Bakı-1501” romanında açılıb.İlahi eşqin təşnəsi olan söz səltənətinin tacidarı Məhəmməd Füzuli isə “ Eşq sultanı” ilə anladılır.
“ Əzizə Cəfərzadənin yaradıcılığında tarixi faktların bir sıra hallarda milli-məişət lövhələrinin təsviri arxasında əks olunmasına baxmayaraq, onlar qələmə alınan problemi geniş və əhatəli təsviri baxımından əlamətdar olmuş və oxucular tərəfindən daim rəğbətlə qarşılanmışdır.”
Azad Nəbiyev – AMEA-nın müxbir üzvü , folklorşünas
“Cəlaliyyə”, “ Sabir”, “ Gülüstandan öncə”, “ Zərrintac Tahirə”, “ Bir səsin faciəsi”, “ İşığa doğru”, “ Bəla”, “ Rübabə- Sulatanım” və digər romanlarında , povest və hekayələrində yazıçı oxucunu ayrı-ayrı dövrlərdə baş vermiş hadisələrlə məlumatlandırır.
Əzizə xanımın xalq ruhu onun elmi işlərinə də sirayət etmişdir.1950-ci ildə tamamladığı namizədlik dessertasiyası XIX əsr Azərbaycanda maarifçi-ziyalı surətləri”, 1970-ci ildə bitirdiyi doktorluq işi isə “ XIX əsr Azərbaycan poezuyasında xalq şeiri üslubu” adlanırdı.Habelə , mütəmadi folklor nümunələrini toplayıb tərtib edən alim-yazıçı ayrı-ayrı adət -ənənələrin etimologiyasını araşdıraraq , xalq yaradıcıları ilə bağlı zəngin xəzinə ortaya qoyub.” Fatma xanım Kəminə”, “ Könül çırpıntıları”, “ Azərbaycan qadın və aşıq şairləri , “ Şirvanın üç şairi”, “ Mücrüm Kərim Vardani”, “ Abdulla Padarlı.Seçilmiş əsərləri”,” Hər budaqdan bir yarpaq”, “ bayatı düşüncələrim “, “ Xızır Nəbi”, “ Novruz” araşdırmaları yorğun yolların , yuxusuz gecələrin məhsuludur.
Xalq ruhunun nəsillərə ötürülməsi kimi şərəfli bir missiyanı mətbu nəşrlərdə, televiziya və radioda da davam etdirib Əzizə xanım.
“ Klassik irsimizdən”, “ “ Aşıq Pəri məclisi”, televiziya, “ Ana” radio proqramlarında onun ürək çırpıntıları vardı.
“ Əzizə Cəfərzadə -yazıçı , ədəbiyyatşünas- alim, folklor araşdırıcısı, filologiya elmləri doktoru, professor, qadın-ana, genişürəkli, xeyriyyəçi, millətini sevən ictimai xadim, ömrünün hər səhifəsini milli-mənəvi dəyərlərimizi sədaqət və ləyaqətlə yaşatmağa can atan Azərbaycan qadınıdır.” Tehran Əlişanoğlu- AMEA-nın müxbir üzvü, ədəbiyyatşünas
Əzizə Cəfərzadə ədəbiyyata 16 yaşında , “ Əzrayıl” hekayəsi ilə gəlib.1937-ci ildə başların sorğu-sualsız kəsildiyi , düşünən beyinlərinzəbt edildiyi , ağlasığmaz ittihamların tüğyan etdiyi , zindanların ağzınacan dolduğu, cəza metodlarının bütünlüklə sınaqdan çıxarıldığı, dildən çıxan adi sözə belə yüz don geyindirildiyi qaramat bir dövrdə.1948-ci ildə ilk kitabı çapdan çıxsa da, həvəsi qursağında qalıb.Moskvadan gələn qərarın atəşi əsəri yaxıb.Yəni kitabı yığışdırıb əməlli-başlıocaqqalayaraq yandırıblar.Kişoıər, sən demə, Əzizə xanımın yaradıcılığında o dövrdə vurulan Mixail Zoşşenko və Anna Axmatovanın təsirinə düşübən “ Salon lirikası” nı Azərbaycan ədəbi mühitinə gətirən xanım yazıçının varlığından xəbər tutublar.Yandırılan kitabın alov dilləri 1963-cü ilə qədər yazıçının arzularını qarsıdı.Sonralar elmi işində ortaya süni əngəllər çıxdı.Respublika Qadınlar Komitəsinin sədri kimi gecə-gündüz bilmədən , Vətənin dar günlərində özünü oda –alova atırdı.90-cı ilin məsum gecəsindən sonra dərdli, üzüntülü insanların təsəlli yerinə döndü və ömrünün son günlərinə qədər , xəstə yatağında belə tarixi romanlarını yazmaqda davam etdi.Deməyim odur ki, Əzizə Cəfərzadə əslində bir rəmz idi-ana vətənin , bəzən susuzluğa təşnəlikdən cadar-cadar olmuş sitəmli torpağın , bəzən çiçəyi çırtlamış yurdun rəmzi.
“ Ədibin əsərlərində ən qədim dövrlərdən tutmuş 20-ci yüzilə qədər Azərbaycan tarixinin ən mürəkkəb , keşməkeşli hadisələri bədii təcəssümünü tapmışdır Əzizə Cəfərzadənin romanları tarixə qeyri-adi sevgi və vurğunluqdan yaranmışdır, onların ruhunda , mayasında yüksək vətənpərvərlik və vətəndaşlıq amalı özünü göstərməkdədir.Bu romanlar yalnız bədii düşüncənin məhsulu olmaqla qalmayıb, xalqın etnoqrafiya yaddaşını əks etdirməsi mətnin dərinlik ölçüsünü şərtləndirir.”
Vaqif Sultanlı, filologiya elmləri doktoru, professor
Əzizə xanımı əziz edən bir məqam da övladı Turanın cəfakeşliyi, fədakarlığı və anasının ədəbi irsinə canyanğısıdır.Bu ilin əvvəlindən, səhərdən-axşama qədər nəşriyyatlarla danışıq aparan, arxivləri axtaran, gecə yarıya qədər evdə anası üçün düzəltdiyi şəxsi muzeydə əlyazmaları vərəqləyən Turan İbrahimov axır ki, 100 illik yubiley ərəfəsində külliyatını parakəndəlikdən çıxarıb, kirill əlyazmasından latın qrafikasına çevirib peşəkarlıqla sistemləşdirə bildi.həm də neft-qaz sənayesinin mütəxəssisi Turan İbrahimovun arxivarius , bədii mətn bərpaçısı, biblioqraflıq, redaktorluq və naşirlik istedadı üzə çıxdı.Hələ özünün nəzmlə yazdığı müdrik nəsihətlərdən ibarət “ Hikmət mücrüsü” kitabının çapını demirəm.Turan müəllimin ağır zəhmətini ehtiva edən ikicə misalı çəkmək istərdim.1937-ci il, iyunun 4-də, “ Ədəbiyyat” qəzetinin 116-cı sayında çap olunmuş “ Əzrayıl” hekayəsini bərpa etməkdən ötrü T.İbrahimova saralmış qəzet vərəqləri ilə bərabər ərəb, kirill və latın qrafikalı bir neçə qaralama əlyazma ilə əlləşmək lazım gəlib.
Böyük şair Məhəmməd Füzuliyə həsr olunmuş “ Eşq sultanı” romanı yazıçının ömrünün son illərində yazılı makinada işləmək halı qalmadığından Əzizə xanım təhkiyəsini maqnitafon lentinə yazırmış.Məlum: hər gün harda qaldığını müəyyənlöəşdirmək olmur, fikir qırılır, cümlələr, süjetlər, epizodlar arasında məntiqi bağlılıq itir.
Əzizə xanım haqqın dərgahına qovuşandan sonra Turan müəllimj uzaq Alyaskanın soyuq gecələrində həmin maqnitafon yazısından anasının səsini cümlə-cümlə yazıya çevirib, özünün tətbiqi riyaziyyat təfəkküründən doğan məntiqi və özü də bilmədən gizli hücrədə qalıb məqam gözləyən şairlik təbi ilə romanı bir il ərzində bərpa edir.Və bu işi o qədər peşəkarlıqla yerinə yetirdi ki, ədəbiyyatşünas alim, professor Vaqif Sultanlı belə , aradakı fərqin duyulmadığını söylədi.
Əzizə Cəfərzadə yaradıcılığını çox sevən akademik Tofiq Hacıyevin fikri də çox maraqlıdır:- Turan, 3 gün evdən çıxmadım, “ Eşq sultanı” nı oxudum və mənə elə gəldi ki, Əzizə xanım ölməyib, müvəqqəti harasa gedib, tezliklə qayıdacaq.
Əzizə Cəfərzadə yaradıcılığı çoxşaxəlidir.Hekayələr, povestlər, romanlar, kinossenarilər, telepyeslər, esselər, oçerk və məqalələr, resenziyalar, folklor araşdırmaları, televiziya və radioproqramlarının kadrarxası mətnləri, ictimai-siyasifəaliyyətlə bağlı çıxışlar-bunları birər-birər toplamaq,qəzet və jurnalların saralmış , qopmuş vərəqləri, köhnə lentlərlə üz-üzə qalmaq, itmiş mətnləri, qarışmış səhifələri bərpa etmək, ayrı-ayrı cildləri çapa hazırlamaq, redaktə işinə baxmaq , mövzular və janr üzrə təsnifatlaşdırmaq, mətbə prosesinə nəzarət ağır yük, amma həm də şərəfli missiyadır.Bütün bunlardan sonra isə etibarlı övladın növbəti missiyası başladı.Salyan Mərkəzi Kitabxanasına, Bakının Xətai rayon Mərkəzi Kitabxanasına yeni nəşrləri verdi.Nə xoş ki, mən də vaxtım olduqca bəzi məqamların şahidi oldum.Şamaxı, Ağsu, Sumqayıt Mərkəzi Kitabxanalarında, Sumqayıt Mərkəzi Kitabxanasının Uşaq şöbəsində, N.Gəncəvi adına Kitabxana-klubda, AYB Sumqayıt bölməsində kitab paylaşımı əsil bayram ovqatı yaratdı, ədəbi hadisəyə çevrildi.Gəncə səfəri xüsusilə yadda qalan oldu.Yolboyu Sumqayıt Mərkəzi Kitabxananın direktoru Yeganə Əhmədova, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, bölmənin əməkdaşı Zərnigar Məlikova və mən Turan müəllimin Əzizə ana ilə bağlı maraqlı söhbətlərini dinlədik.AYB Gəncə bölməsinə, Gəncə Dövlət Universitetinə, Aqrar Universitetə, Gəncə Dövlət Kukla Teatrına kitab hədiyyələri verdikdən sonra həmin günlərdə şəhərdə keçirilən kitab sərgisinə qatıldıq.Turan müəllim sərgidə çıxış etdi.
Mütəmadi beynəlxalq onlayn konfranslarda, yaradıcılıq təşkilatlarında, mədəniyyət mərkəzlərində gerçəkləşən görüşlərdə Əzizə Cəfərzadə anıldı və bu tədbirlərdə Turan müəllimin ədəbiyyatşünas, biblioqraf peşəkarlığı ilə anasının əsərləri haqqında məlumat verdiyini gördüm.Həm də Turan İbrahimov şövqlə, sayğı və sevgi ilə danışdı.Rejissor Kəmalə Musazadənin “Zərrintac” mərkəzindən düzənlədiyi canlı yayımda , zənnimcə, Əzizə Cəfərzadənin yaradıcılıq palitarasındakı bütün rəng və çalarlar aydınlığı ilə təqdim olundu.
… Və mənim qatıldığım axırıncı tədbir Sumqayıt Dövlət Universitetində gerçəkləşən möhtəşəm yubiley tədbirioldu.Professor Ramiz Hüseynovun yubiley gecəsinə moderatorluq etməsi təqdirəlayiq hal idi.Filologiya fakultəsinin müəllimləri və magistr tələbələri öz məruzələrində Əzizə xanımın yaradıcılığına müxtəlif rakurslardan yanaşdılar.
Bu gün Əzizə Cəfərzadənin 100 yaşı tamam olur.Yüz yaş – bir əsrdir.Əzizə xanım hələ də aktualdır, oxunur, araşdırılır.Demək, Əzizə Cəfərzadə əsrlərin ədibidir, əsrlərin oxucuları üçün əzizgirami olacaq.
Özündən sonra oxucusunu qoruya bilməksə, ömrün mabədi deməkdir
HAFİZ ATAXANLI