Hərdən Tanrının ədalətli olaraq, min bir əzab-əziyyətlə yaratdığı bu dünyada bizləri yaxşı insanlarla qarşılaşdırmasına sevinirəm. Mənim də sevinməyim belədir. Ona görə sevinirəm ki, bu yaşıma qədər barmaq sayı ilə sayılası yaxşı insanlara rast gəlmişəm.
Kiminsə toyunda yüksək məbləğdə pul yazdıran, kimisə harasa işə düzəldən, süni məhəbbət bəsləyən mənə görə yaxşı insan deyil. O “yaxşı” elədiklərini bir gün qayıdıb elə qabardar ki, itə də bir əppək borcun qalar.
Telman Hüseyn isə sözün bütün mənalarında yaxşıdır. Yaxşının da yaxşısıdır. Mən bu insanı çinara bənzədirəm. Özü də qoca çinara, həm də tənha çinara.
Telman Hüseyn nə qədər bizləri aldadıb tənhalığını gizlətsə də, mən onun tənha olduğunu həmişə hiss eləmişəm. Həmişə darıxdığını anlamışam. Amma kim üçün darıxır, hara üçün darıxır, onu müəyyən edə bilmirəm.
Ömrünün 40 ilini müəllimliyə həsr edib bu ağsaçlı qoca. Elə saçlarını da şagirdləri ağardıb. Üzünə qırışları da şagirdləri salıb.
Hələ mən onun uşaq yaşlarından Vedidən ayrılıb Bərdəyə gəlməyini demirəm. Universitetdə oxuyarkən Vediyə qayıdıb doğulduğu yurd yerini seyr edəndə gördüyü mənzərə onun gəncliyi əlindən alıb. Yurd-yuvası dağılan adamın gəncliyimi olar?
Telman Hüseyn şagirdlərinə təkcə dərsliklərdə yazılanları öyrətməyib. O, əsl müəllim adına yaraşan müəllim olub. Mən biləndəki o, Nuhun gəmisinin batmağından üzü bu yana, zəlzələni-vəlvələni, başımıza gətirilən faciələri, dərd-ələmli günləri şagirdlərinə inşa mövzuları elətdirib, sinifdən xaric oxu kimi oxutdurub, mən onda bu adamın tənha olmağını, darıxmağını yaxşı başa düşmüşdüm.
Yaxşı bilirəm ki, Telman Hüseyn, müəllim adına ləkə gətirib rüşvət alanlardan olmayıb, danos yazıb müəllim yoldaşlarını işdən kənarlaşdırmayıb.
Cənab Əzrayıl bu kişinin qapısını döyüb onu sorğu-sual edəndə və Tanrı dərgahına aparanda, Tanrı Əzrayıla bir mükafat da verəcək. Ona görə mükafat verəcək ki, Allah adamını Allahla görüşə gətirib.
Ölüm haqdır. Hamımız o Haqqa doğru gedəcəyik. Haqqımız çatsa da, çatmasa da. Ölüb gedəsiyik burda nə var ki…
Mən, Telman müəllimə gecdən-gec arzulayıram o ölümü. Gec arzulayıb Allahın işinə qarışmıram. Sadəcə, Allahdan bir az vaxt istəyirəm ki, Dədə Telmanı bizə çox versin.
Mən onu sevinən görəndə çox xoşbəxt oluram. Onun sevinməyinə nə var-dövlət lazımdır, nə də şan-şöhrət. Bu günə qədər var-dövlətin və şan-şöhrətin nə olduğunu da bilməyib. Qazandığı el məhəbbəti, oba sevgisi olub.
Bərdədən Bakıya gələndə mənə zəng eləyir. Hal-əhval tuturuq. Qardaşoğlu, gəl görüşək, bir çay içək- deyir.
Əslində çay da bəhanədir. Söhbətləşirik. Aranı dağa, dağı da arana aparırıq. Bir qismət də çörək kəsirik. Vaxt gəlib ayrılmağımıza çatanda isə hiss edirəm ki, Telman müəllim Bakıda məndən başqa bəzi dostlarıyla görüşəcək, bəzilərinə zəng edəcək, sonra isə üzü Bərdəyə, Otuzikilərə gedəcək. Və başlayacaq orada darıxmağa. Özü də bərk-bərk darıxmağa.
Sonuncu görüşümüzdə dostum Tural İrfanla onu o qədər sorğu-suala tutub şeirlərini dinlədik ki…
Kənd həyatından elə ləzzətlə, elə koloritlə danışır elə bil dünyanın bütün gözəllikləri, Allahın cənnəti də danışdığı Otuzikilərdədir.
Yadımdan çıxmamış onu da qeyd edim ki, Telman müəllim Bərdədən Bakıya gələndə tələsik kəndə ona görə qaçır ki, əhdinə sadiq qalsın. O əhdinə ki, qapısında saxladığı inəyi ac qoymasın. Ac qoymamaqla yanaşı inəyin də gözü yolda qalmasın.
Bu cür düşünən adamın sizcə vaxtından əvvəl üzünə qırış, saçına dən düşməzmi?!
Savalan Talıblı