“Türmə əhvalatı” layihəsində
Adı Hüseyn idi. 10 saylı CÇM-in rəis müavininin qapısı qarşısında növbətçilik edər, onun qulluğunda durardı. Kabinetin səliqə-sahmanı da onun öhdəsinə düşürdü. Bütün günü qapının qarşısında durar, içəri keçmək istəyənlər haqda məruzə edər, müavinin çayını hazırlayardı. Yaşı təxminən 60 olardı. Amma cavan görünürdü. Həm də çox qıvraq idi. Bir ayağı qısa olduğundan yeriyəndə sanki çəpinə addımlayırdı.
Həmkəndlim “Qara kəl” ayamalı dustaq İlyas Əvəz oğlu onun haqda deyirdi:
– Hüseynin “mostu” qaçıb. Nənəm 14 uşaq doğub, hamısı da kəl boyda, heç belə “krivoy”lamır, gör mayor bunu necə “işlədirsə” düz yolda da “buksavat” edir.
Hüseyn xırda addımlarla, tez-tez yeriyəndə adama elə gəlirdi ki, o getdiyi mənzil başına düz gedib çata bilməz. Sanki üfüqi yeriyirdi… Onun nəyə görə həbs olunduğunu heç kəsdən öyrənə bilmədim. Bir-iki dəfə maraqlansam da, dustaqlar dedi ki, qoy cəhənnəm olsun, o işverəndir, neynirsən onu? Amma sonralar özü danışdı. Əslində sakit, sözəbaxan, ağasının xidmətində kölə kimi duran biri idi. Onun belə olması çox qorxulu haldı. Hüseynlə mübahisəm də düşmüşdü.
Cəza müəssisəsinin “Promzon” adlanan hissəsində kiçik emalatxanalar vardı. Burada dustaq həyatı yaşayan sənətkarlar müxtəlif əşyalar hazırlayardı. Elə dustaqların sifarişi bəs idi. Bazrları pis olmazdı. Sözsüz ki, onların qazancı türmə rəhbərliyinin cibinə axardı. Ustalara dolanışıqları üçün pul qalardı. Bəzən onlar nisyə hazırladıqları əşyaların pulunu ala bilməz, nəticədə pis vəziyyətdə qalardılar. Mən də bir çoxları kimi sandıqça, mücrü, şəkil yerləşdirmək üçün çərçivə, əsa, qəlyan, təsbeh sifariş vermişdim. Bir də xüsusi olaraq nərd hazırladırdım. Bir tərəfində mənim, digər tərəfində isə oğlumun şəkli olan nərdin hazırlanmasına demək olar ki, hər gün gedib baxırdım. Qabaqcadan müəyyən qədər ödəniş də etmişdim. Bir gün yenə də emalatxanaya gedəndə Usta Çingizi qanıqara gördüm. İşləmirdi, bankada dəmlədiyi çaydan içir, siqaret çəkirdi. Səbəbini soruşdum.
– Zibilə düşmüşəm e… Rəisin tulası gəlib nə vardı yığışdırıb apardı, – dedi.
– Niyə?
– Deyir ki, aylığı verməmisən. Bütün alətlərimi, hazır olan, yarımçıq qalan işlərimi də götürüb getdi.
Özümə güvənirdim, getdim. Hüseyn qapının ağzında durmuşdu. Salam verdim, dilucu cavab verdi, əleyk elədi. Xoşum gəlmədi. Dedim:
– Hüseyn, sən mənim nərdimi və sandıqçalarımı götürmüsən, geri ver. Mən onların yarı pulunu ödəmişəm. Görüşə gələn olacaq, çölə çıxartmalıyam, qalan pulunu da görüş sonrası verərəm.
– Vermirəm, – dedi. Kimə istəyirsən get, de. Eynən bəzi məmurlar kimi, işçisinin, yaxud başqasının haqqını tapdalayıb, arxayın şəkildə “get, kimə istəyirsən, şikayət elə”, – dedi. Və mübahisəmiz düşdü. Dəhlizdəcə yaxalaşdıq. Qonşu otaqdan mayor Vüsal Mahmudov və rejimin işçisi ermənistanlı kapitan Hafiz səs-küyə çıxanda Hüseyn artıq ayaqlarımın altında idi.
Vüsal:
– Şair, nə edirsən, bilmirsən bu işverəndi?
– Bilirəm, döydüm ki, bir dəfə də rəisə düzgün məlumat versin, onsuz da gedib yalandan məlumat verəcək.
Hüseyn özünü müavinin kabinetinə atdı. Heç bir dəqiqə də keçmədi ki, bayıra çıxıb: – Səni çağırır, – dedi.
Baxışlarında isə bu ifadə vardı: “Səninki bitdi, ən azı üç gün karserdə olacaqsan”.
İçəri keçdim. Rejim qaydalarına uyğun olaraq özümü təqdim etdim. Müavinin üzü gülürdü, qəzəbli deyildi:
– Hüseynə nə veribsən, ala bilmirsən?
– Vəli müəllim, mən ona heç nə verməmişəm, o, oğurluq edib, emalatxanadan mənim əşyalarımı götürüb.
Və hadisəni olduğu kimi danışdım. Dinlədikdən sonra Vüsalı və Hafizi də çağırtdırdı. Onlar mübahisənin şahidi idilər. Hər ikisi dedi ki, Hüseyn tərbiyəsizlik edib:
– Şair ona dedi ki, Vəli müəllimə səndən şikayət edəcəm, o isə dedi ki, Vəli müəllim kimdir, mən götürmüşəm, qaytarmıram, sonra da şairə söydü, əl qaldırdı, şair də onu itələdi.
Vəli müəllimin kefi doğurdan da kök idi. Gülümsəyərək:
– Ay Faiq, bilmirsən Hüseynin xasiyyəti tünddü? Ona baş qoşma. Sənin əşyalarını isə qaytarar. Mən demişəm, orda nə var yığışdırsınlar, yoxlama gələcək.
Əslində isə yalan deyirdi. Çingiz həmin ayın aylığını ləngitmişdi. Hüseyn həmin hadisədən sonra görüş yerlərində məni gördükdə salam verərdi. Qara kəl deyirdi ki, rəis müavini bəzən öz işçilərinə güvənmir. Görüşə gələnlərin icazə vərəqinə o qol çəkir və bilir ki, hansı dustağın yanına gələn var. Bax, gözü su içmədiyi dustağın görüşünə gələn olanda Hüseyni göndərir ki, yoxlanışa o da kənardan nəzarət etsin.
Yaxşı, Hüseyn niyə həbs olunub? Bir dəfə ondan bu haqda soruşdum. Eləcə:
– Axmaqlığımdan, – dedi.
Sonra da xeyli fikrə getdi:
– Şair, mən doğurdan da axmaq adamam. Tutulmaya da bilərdim. Əgər nəfsimə güc gələ bilsəydim. Deməyəcəm günahım nə olub, desəm, heç salam da verməzsən. Onsuz da heç kəs məni xoşlamır. Desəm, yüngülləşərəm, düzdü. Amma yüngülləşmək istəmirəm. mən ikiqat cəza çəkirəm. Həm içimdə düyün olan əməlimin mənəvi iztirabını, həm də etdiyim əmələ görə mənə verilən cəzanı. Ona görə də mən bilmirəm, bayırda olanda necə yaşayacam. İnsanların üzünə necə baxacam.
Hüseynin dediyindən o məlum oldu ki, ali təhsilli olub. Uzun müddət mühasib, sonralar isə baş mühasib işləyib. İşinin öhdəsindən layiqincə gəlirmiş. Həbsinin isə işinə heç bir aidiyyəti yoxdur. Bir də onu dedi ki, onun əməlini zabitlər yaxşı bilir. Və əgər o, burada bəzi nadürüstlüyü etməsə, dustaqların da bundan xəbəri ola bilər. Ona görə də sonda:
– Mən isə bunu heç istəmirəm, günümü keçirirəm, – dedi.
Bir dəfə Hüseynin gözünün altının qaralması, dodağının şişkin olması diqqətimi çəkdi.
– Nə olub? – soruşdum.
– Heç, ağacdan yıxılmışam, – dedi.
Bilirdim ki, yalan deyir. Doğru xəbəri vaxtı ilə kəşfiyyatçı zabit olmuş cəlilabadlı Nizar dedi:
– Bilirsıən, nə olub? Hüseyn zabitlərə deyirmiş ki, hündür ağacların budaqlarını kəsmək lazımdır. Dustaqlar isti havada ağacın kölgəsində oturur axı. Zabitləri inandırırmış ki, dustaqların toplu halda olması hər hansı qiyamın, narazılığın qalxmasına səbəb olar.
Nizar dedi ki, zabitlər ona fikir verməyib:
– Ay işverən, sənin dustaq yoldaşların günün altında əziyyət çəkir, nə olar ki kölgədə olanda?
Hüseyn təklifini daha yüksək rütbəlilərə bildirib, axır ki, ağacların budaqlarının doğranmasına nail olub. Həm də onu deyib ki, bir neçə dəfə tavanı olub ödəyə bilməyən dustaqlar adlarını ləkələməmək üçün ağacdan özünü asıb. Bu ağacların qalın budaqlarının olması təhlükəlidir. Axır ki, iti öldürənə sürüdüblər. Hüseynə göstəriş verilib ki, özün kəs. Bu haqda nəzarətçilərdən biri dustaqlara məlumat sızdırıbmış.
Elə ona görə də Hüseyni gecə yatdığı yerdə başına adyal atıb təpikləyiblər ki, kimin döydüyünü görə bilməsin. Ağaclar isə doğranmışdı.
Hüseyn mən içəridə olanda azadlığa çıxdı. Sevinmirdi. Sonra mən azad olundum. Bir müddətdən sonra içəridə olan dustaqlarla görüşə getmişdim. Hüseyni görüş yerində sovqatlara baxış otağında gördüm.
– Burda nə gəzirsən, adə? – soruşdum.
– Heç, çöldə qala bilmədim. Balaca bir oğurluq edib, qayıtdım bura…
Faiq Balabəyli
2015.01.15