Yandırdılar səni, tüstün burum –burum

KÖHNƏ ŞƏHƏR
Köhnə şəhər,
Binaları daş –daş tökülmüş,
Səliqəsiz, sahmansız.
Üst –başından toz tökülən,
Küçə -küçə dolaşan kimsəsiz qoca kimi.
Hamı səndən gen gəzir,
Köhnə şəhər…
Canında əsrlərin,
Qalaq –qalaq ağrıları.
Savaşların barıt qoxusu,
Topların gur səsi.
İnsanların ərşə dirənən fəryadı,
Zaman –zaman yağmalandın.
Yandırdılar səni, tüstün burum –burum
Göylərə qalxdı.
Dəniz –dəniz çalxalandın,
Gah zülmətə qərq oldun.
Gah bələndin işığa,
Köhnə şəhər.
Sən də, bir vaxtlar ürəkləri valeh edən,
Gənclərin görüşdüyü,
Sevənlərin sevişdiyi,
Küçələri tər –təmiz.
Parkları göz oxşayan bir şəhər olmusan,
Köhnə şəhər!
İndi uçuq binalarında insanları,
Qorxuya salan ruhlar dolaşır.
Divarların daş –daş ulayır,
Üzərində ölüm bayrağı dalğalandıqca…
Küçələrin ölüm himni oxuyur,
Köhnə şəhər.
Qorxuram ki, havaya dönəsən,
Suya çevriləsən,
Ya da, qaranlıq bir gecəyə.
İnsalar havadan,
Sudan zəhərlənə.
Ya da, gecələr yuxuda havalana,
Köhnə şəhər…
Sən də bir vaxtlar ürəkləri valeh edən,
Gənclərin görüşdüyü,
Sevənlərin sevişdiyi,
Küçələri tər –təmiz,
Parkları göz oxşayan bir şəhər olmusan…
 
 
BU DÜNYANIN YADDAŞINDA
Daha heç nə,
Əyilə –əyilə,
Keç, bu buludların altından.
Qoy buludların yuxusu qarışmasın.
Bilirsənmi, bizə sarı uzanan
Bütün yollar,
Bizdən başlanır.
Zaman yolu,
Güman yolu.
Saysam bitməz.
Bir yolda var,
O yol bizik, bu dünyanın yaddaşında…
 
DOLAŞMAQDADIR
And olsun,
Yer üzündə
Bütün tənhaların
Sabaha ümidlə baxan,
İntizarlı gözlərinə.
Mən, sənin gördüyün,
Tənhalardan deyiləm…
Yarı torpaq,
Yarı hava,
Yarı su,
Yarı odam.
Bir az da yaxına gəl,
Bəlkə, görə bilmədiklərimizi,
Birlikdə gördük.
Bəlkə, bu Yer kürəsi tənhaları sevmir.
Bəlkə, bir əlçim buluduq,
Küləklər qovur bizi.
Biz isə yurdsuz, yuvasız
Köləgəmiz şəhər –şəhər,
Kənd –kənd dolaşmaqdadır.
Gözlərinə baxdıqca,
Sənə deyiləsi bütün sözlərim
Yaddımdan çıxır,
Bircə “təsəllim” sözümdən başqa…
Mən susduqca,
Köksümdə ürəyim danışır,
Sən susduqca, baxışların “Azan” oxuyur…
Kiri –kiri,
Bəlkə bu Yer kürəsi tənhaları sevmir.
Bəlkə, biz bir əlçim buluduq,
Küləklər qovur bizi.
Biz isə yurdsuz, yuvasız
Köləgəmiz şəhər –şəhər,
Kənd –kənd dolaşmaqdadır
 
YORĞUNLUĞUM
Bütün yorğunluğumu, çiynimə atıb,
Yolların yuxusunu qarışdıra -qarışdıra,
Yeriyib gedəcəyəm.
Bir ovuc söz ətri,
Bir ovuc ölüm qoxusu,
Əbədiyyət nəfəsi.
Bulud –bulud axıb gedən,
Xatirələr mürgü vurur,
Bir qoca çinarın göz yaddaşında.
İçim arzular məzarlığı imiş,
Sən demə.
Daha ümid göyərməz,
Yaz axşamları,
Daha yaz axşamları.
Kəndimizdə cırcıramalar da oxumaz.
Qəmin ömrümə,
Qənim kəsildiyi kimi.
Küləklər təzəcə açılmış çiçəklərə,
Qənim kəsilər.
Arı–arı xəyalım dolaşar,
Uşaqlıq təbəssümümə.
Daha heç nə,
Bir mən,
Bir kömür kimi qaralmış ömür…
Bir də çiyinlərimdə daşıdığım yorğunluğum.
 
SABAHA ÜMİD YOXDURSA
Sabaha ümid edə -edə,
Bütün sabahlardan keçdik.
Ümidimiz bir özümüzə,
Bir də qutarmaqda olan
Şama qaldı.
Şam mənə hardasa
Payızın xəzanını,
Qışın lal sükutunu xatırladır.
Bəlkə, üzümüzə bağlanan bu, qapının
Qıfılın açmaq mümkünsüzdür.
Bəlkə, bu, qapının arxasındakı sükut,
Min illərin sükutudur.
Sus, üzümüzə bağlanan qapı kimi..
Hərəmiz bir qapı olaq,
Sabaha ümid yoxdursa.
 
BÜTÜN YOLLAR SÜKUTA BƏLƏNİB
Dörd tərəfimiz qaranlıq gecə,
Dörd tərəfimiz özümüz,
Dörd tərəfimiz sükut…
Bütün yollar sükuta bələnib,
Gecə mənə hardasa
Uzun –uzun yolları,
Yollar isə, mənə hardasa
Xatirlərlə dolu
Ötən çağları xatırladır…
 
HEÇ NƏ YADA DÜŞMÜR
Heç nə yada düşmür,
Nə payızın küləyi,
Nə baharın yağışı.
Nə də, bir talesizin,
Göz yaşları.
Bir əlçim buluddur,
Mənimlə Günəş arasında
Dayanan xatirələr.
Bir dar quyudur,
İçi nəm.
Bir az da, ümidi hər şeydən üzülmüş,
Kimsəsiz qoca kimi.
Gözü daima yol çəkir,
Yollar dar quyu,
Yollar cəllad kötüyü.
Daha yollar da, kəndir kimi,
Ayaqlarıma dolaşır.
Daha dəniz də,
Baharda açılan güllər də,
Maraqsızdır mənə.
Daha xatırlanası
Nə var ki…
Bir məzar yeriyir
Baxışlarında,
“Ümid” kəlməsi donmuş məzar…
İltimas Səmimi

Share: