Müstəqil.Az xanəndə, Xalq artisti Könül Xasıyeva haqqında maraqlı faktları təqdim edir.
Könül Kazım qızı Xasıyeva 1968-ci il martın 17-də Şəkidə doğulub. Ailədə 6 uşaq olublar. Atası kassir işləyib. Ailənin dolanışığı çətin olduğundan evin sonbeşiyi olan Könül 11 yaşından toylara, məclislərə getməyə başlayır, ailənin yükünü daşımalı olur.
***
1981-ci ildə gənclərin ümumrespublika müsabiqəsində qalib olub. 1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Xalq artisti Şövkət Ələkbərovadan dərs alıb. 1986-1991-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında Xalq artisti Arif Babayevin tələbəsi olub.
Musiqi aləmində gəzən söz-söhbətlərə görə Könül Xasıyeva müəllimi Şövkət Ələkbərovanın sinfini bitirəndən sonra ona ana qədər yaxın olan, qayğı göstərən Şövkət xanıma qarşı etibarsızlıq edir. Hətta məclislərin birində Könül xanım Şövkət xanıma ağızucu salam verdiyindən Şövkət xanım bundan bərk əsəbləşir. Evə gələndən sonra böyük sənətkar gecə saat ikidə komaya düşür. Amma bütün bunlar qeyd etdiyimiz kimi şayiələrdən ibarətdir.
***
Könül Xasıyeva gənclik illərində toylar üçün ən çox tələb olunan qadın müğənnilərindən biri olub. Özünün dediyinə görə müğənni həmin dövrdə yaxşı pul da qazanıb. Bir dəfə isə Ağsu rayonunda olanda bir diş həkimi onunla evlənmək istəyir. Oğlanın xalası Könül xanımı bir kənara çəkib oğlanı ona göstərib fikrini açıqlayanda müğənni qəti etiraz edib.
Müğənninin başqa bir şəkili pərəstişkarı isə hər gün Könül xanımın təhsil aldığı konservatoriyanın qabağına gəlir, bəzən özü ilə bacısını da gətirirmiş. Könül xanım o vaxt toylara çox getdiyindən, başı qarışıq olduğundan ailə haqqında düşünməyə vaxt tapmır və şəkili aşiqinə də yox cavabı verir.
***
Müğənninin apardığı el şənliklərində saysız hesabsız davalar da düşürmüş. Müsahibələrinin birində o, bu haqda deyir:
“Ad çəkməyəcəm, bir dəfə rayonlardan birində toydaydıq. İki günlük məclis idi. Birinci günü kənardan gələn qonaqlar üçün, ikinci gün isə kənd camaatı, toy sahibinin öz qohum-əqrabası üçün oxuduq. Toyun sonuna bir-iki saat qalmış bir nəfər gəlib bizim stola yaxınlaşdı ki, “Baleyli” mahnısını oxuyun. Bizim çalğıçı da deyir ki, “Baleyli” mahnısı yoxdur axı, “Muleyli” var. Dedi yox, “Muleyli” oxuyun, ancaq o yerinə çatanda “Baleyli” deyin. Özü də ikiəli ilə stoldan yapışıb, ayaq üstə dayana bilmir. Nə isə hay-küyə toyun sahibi gəldi. Məsələni öyrəndi, biz dedik indi, onu çölə çağırıb sakitcə izah edər. O isə oğlana birdən qəfil şillə vurdu. Mən dik atıldım. Oğlan da buna bir yumruq vurdu, toyxananın o tərəfi burdan, bu biri tərəfi də o yandan gəldi, düz bizim stolun qabağında savaşmağa başladılar. Butulkalar havada uçuşmağa başladı. Bir də baxdım ki, yanımda heç kəs yoxdu”.
Xanəndə uzun illərdir ki, səhhəti ilə bağlı problemlər yaşayır. Sənətkarın sinir ağrılarından əziyyət çəkdiyi, onurğa sütununda problemlər olduğu bilinir. Xanəndənin bacısı isə 2000-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib. Xanəndə özü haqqında müsahibələrinin birində deyir:
Saçım da, dişlərim də əsəblərimə görə töküldü. Şəkidə xəstəxanada yatanda yarım saat ərzində mənim 4 dişim birdən çıxıb sinəmə düşüb. Getsin o günlər gəlməsin. Hərdən fikirləşirəm ki, ömrümün çox hissəsini xəstəxanalarda keçirmişəm. 2015-ci ilə qədər ancaq sənət yoldaşlarım bilib ki, mən xəstəyəm. 2001-ci ildə, ən pis günlərimdə Simarə İmanova ilə Zabit Nəbizadə gəlmişdilər yanıma. Şəkidə 46 gün xəstəxanada yatmışam, iynə vurub məni Bakıya gətirdilər. Güclü ürək döyüntüsü, narahatlıq şəklində üzə çıxırdı həmin anlarım. Cavan bir əmim oğlu vardı, rəhmətə getmişdi, yuxuda mənə dedi, “hamınız bir-bir yanıma gələcəksiniz”. Ayıldım ki, boğuluram. Elə ondan sonra bəlalarım başladı. Psixiatr Nadir Əzimovun xəstəsi olmuşam uzun müddət. Çox əziyyət çəkdim. Qorxurdum, indi də tək qala bilmirəm. Qardaşımgil bizimlə yaşayır, edən bayıra tək çıxa bilmirəm. Hara gedirəmsə, Faizə xanımla gedirəm (Könül xanım redaksiyamıza da Faizə xanımla gəlmişdi. Faizə xanım təqaüdə çıxmış həkimdir, uzun illərdir Könül xanımla birlikdədir) xalqımın duaları məni ayaq üstə saxladı.
Könül Xasıyeva 39 yaşında Ramin adlı biri ilə ailə həyatı qurub. Öz toy məclisində o, muğam müəllimlərinin və sənət dostlarının xahişi ilə muğam ifa edib. Bir il sonra onların Kazım adlı övladı dünyaya gəlib. Lakin, xanəndənin evlilik həyatı uğursuz olub, onlar ayrılıblar. Müsahibələrinin birində o, bu haqda deyir:
“Həyat yoldaşım Ramini sevib evləndim. Həyatımda bir oğlan sevmişdim, o da həyat yoldaşım idi. İndi də sevirəm, ölənə kimi sevəcəm. İndi bir yerdə yaşamırıq. Kişiyə arvad lazımdır. Ona arvadlıq edə bilmirəm. Yaxşı, ləyaqətli insandır. Ondan inciməmişəm. Dedim, get, həyatını qur, yaşa. Xəstələnəndən əvvəl ayrıldıq. Əgər xəstələnənə kimi bir yerdə olsaydıq, məni qoyub getməzdi. İndi də ailə qurmaq olar. Sevənlər də var. Xaricdə yaşayan bir soydaşımızdan evlilik təklifi də almışam. Bir qızım olsun istəyərdim. Amma bunların hamısı Kazımı yerbəyer edəndən sonra. Mənim bütün həyatım Kazıma həsr olunub.”.
Eyni zamanda Könül xanımın oğlu Kazım da “turetta” xəstəliyindən əziyyət çəkir. Xalq artistinin sözlərinə görə oğlu Kazım məktəbə gedə bilmir, qəfildən çığırır, özündən asılı olmayaraq müxtəlif hərəkətlər edir. Ona sakitləşdirici dərmanlar verilsə də, həmin dərmanlar onun yaşına uyğun olmadığı üçün səhhətinə pis təsir edir.
***
Könül Xasıyeva müğənni Könül Kərimova ilə tələbə yoldaşı olub, eyni kursda təhsil alıblar. Könül Kərimova qızına toy edərkən Xasıyevanın səhhətini nəzərə alaraq onu toya dəvət etmir. Ancaq Könül Xasıyeva bu xəbəri eşidib toya gedir. İki xanəndə dəhlizdə görüşərkən Könül Xasıyeva göz yaşlarına hakim ola bilməyib ağlayır.
***
Ağır xəstəliyə tutulandan sonra Könül Xasıyeva dünyasını tez dəyişəcəyindən və oğlunun toyunu görə bilməyəcəyindən ehtiyat edərək az yaşlı oğlunun ad gününü toy kimi keçirmək qərarına gəlir. Məclisdə o, oğlu üçün vağzalı çaldırıb, boynuna şal, barmağına üzük taxır.