Kulis.az yanvarın 16-da dünyasını dəyişən məşhur İtaliya aktrisası Cina Lolabridci haqqında araşdırmanı təqdim edir.
Heykəltaraşlıq arzusundan aktrisalığa…
Cina Lollobridcida 4 iyul 1927-ci ildə İtaliyanın Subyako şəhərində yerləşən Latsio rayonunda doğulub. Onun atası dülgər, anası isə evdar qadın olub. Ailədə Cinanın özündən başqa daha üç bacısı da vardı. Culiana, Fernando və Mariya. Cinanın uşaqlığı çox çətin illərə təsadüf edib. Həddindən artıq kasıblıq çəkən ailə başçısı daha yaxşı iş tapıb ailəsini dolandıra bilməkdən ötrü Romanın yaxınlığındakı şəhərə köçməli olur. Həmin ərəfədə Cinanın bacılarından biri çəkiliş meydançalarına gedərək orda kiçik rəsmlər və karikaturalar çəkib sonra küçələrdə satmağa başlayır. Aktrisalıqla əvvəldən bir o qədər arası olmayan Cina daha çox opera müğənnisi və heykəltaraş olmaq istəyir. Ancaq digər üç bacısından da gözəl olan Cinaya bir gün anası təklif edir ki, kino sahəsində öz bəxtini sınasın. 1946-cı ildə “Qara qartal” filmində ilk debütünü edir. Daha sonra isə “İçkinin sevgisi” filmində epizodik rola çəkilir. Ard-arda gələn kino təkliflərindən sonra Cina gözəlliyi ilə kişilərin diqqətini cəlb etdiyini və onların xoşuna gəldiyini hiss edir. O, 1947-ci ildə keçirilən “Miss İtaliya” gözəllik yarışmasına qatılmağı qərara alır. Həmin müsabiqə gələcək aktrisanın taleyində çox mühüm əhəmiyyət kəsb edir. “Miss İtaliya”nın üçüncüsü seçilən Cina elə həmin zaman İtaliyanın ən qabaqcıl film prodüsserlərinin və Hollivudda çox böyük nüfuz sahibi olan iş adamı, Hovard Xyuzun diqqətini cəlb edir. Xyuz Cinanı Hollivuda dəvət edir. Lakin Cina bu təkliflə razılaşmır. O, anasının ona dediyi sözləri xatırlayır:
“Ən yaxşısı ya həkimə, ya da vəkilə ərə get. Belə olsa, sən heç bir zaman hardan pul tapım sualı ilə qarşılaşmayacaqsan.”
Psixoloq əri menecerə çevirən qadın.
Cina anasının sözlərinə qulaq asır və 1949-cu ildə yuqoslaviyalı psixoloq Milko Skofiçə ərə gedir. Skofiç bir neçə ildən sonra tibb sahəsini yarımçıq qoyub Cinanın meneceri olur.
1950-ci ildə Cina özünün ilk rolu olan “Alina” filminə çəkilir. Ardınca isə “Sərhədsiz ürək” 1950, “Gənc Kruza” 1951, “Diqqət, quldurlar!” 1951 filmlərinə çəkilir. 1951-ci ildə fransalı rejissor Kristian Jak aktrisanı çəkəcəyi “Fanfan Tülpan” filminə dəvət edir. Çəkiliş meydançasında onun tərəf müqabili fransız aktyor Jerar Filip olur. Film gözlənilməz uğur gətirir. Kann film festivalında ən yaxşı rejissor işinə görə mükafat və festivalın əsas mükafatını qazanır. Daha sonra isə Berlin film festivalında da “Gümüş ayı” mükafatı əldə edir. Cina isə dünya kinosunun səmalarında parlaq işıq saçmağa başlayır. Amerika film prodüsserlərindən gələn təkliflərin ardı arası kəsilmədiyindən Cina Amerikaya getməli olur. O, “Trapesiya” 1956, “Heç vaxt olmadığı qədər az” 1959, “Sentyabrda gəl” 1961 kimi Amerika filmlərinə çəkilir. Xamfri Boqarto, Frenk Sinatro, Rok Xandson kimi məşhur aktyorlarla tərəf müqabili olmasına baxmayaraq Hollivud Cinaya lazım olan uğuru gətirmir.
Buna baxmayaraq aktrisa Avropada həddindən artıq nailiyyətlər əldə edir. 1953-cü ildə aktrisa Luici Komençinin “Çörək sevfgi və fantaziya” filminə çəklir ki, bu film ona böyük şöhrət qazandırır. Bir çox kinofestivallardan mükafatla qayıdan film aktrisaya da ən yaxşı aktyor işinə görə “Gümüş lent” mükafatı bəxş edir.
Bütün dövrlərin ən yaddaqalan Esmereldası…
1956-cı ildə aktrisa özünün sənət tarixində ən möhtəşəm rolunu ifa edir. Viktor Hüqonun “Paris Notrdam kilsəsi” filmində Esmeraldanı canlandıran Cina bu rolla adını tarixə və kinosevərlərin xatirəsinə həkk etməyi bacarır. Cinanın yaratdığı Esmeralda obrazı fransızların da qeyd etdiyi kimi ən yaxşı Esmeralda olur. Bu səbəbdən də Fransada belə onu alqışla qarşılayırlar. Hətta onu Bricit Barto ilə bərabərləşdirirlər. Yeri gəlmişkən sonralar Cina bilir ki, Lolla sözü fransız dilində böyük sinə anlamını daşıyır.
İtaliyada da Cinanın daha güclü və amansız rəqibi olur. Bu bütün dövrlərin ən istedadlı və gözəl aktrisası Sofi Loren olur. Mətbuatdan da məlum olduğu kimi iki gözəl qadının arasında hər zaman güclü rəqabət olub. Onların mübarizəsi o qədər güclənib ki, pərəstişkarlar belə Sofi və Cina sevərlərə bölünür. Mətbuat onların bu rəqabətinə “sinələrin müharibəsi” adını verir. Çünki, Loren bir dəfə öz müsahibəsində Cinanın sinəsinin təbii yox, silikondan olduğunu deyir. Lollobridcida isə bundan bərk qəzəblənib onun yalanını və ən yaxşı sinənin kimə aid olmasını sübut etmək üçün publika qarşısında soyunmalarını təklif edib. Sonradan bu mübahisə dinc yola qoyulsa da, iki məşhurun arasındakı mübarizə sonralar da, bitmək bilmir. 1956-cı ildən sonra Cina istedadını təkcə kino sahəsində istifadə etməklə kifayətlənməyib “Toska” əsərində ariya ifa edərək İtaliyanın ən perestijli mükafatı olan “David di Donatella”ya layiq görülür.
60-cı ilin əvvəllərindən aktrisa kinoda az-az görünməyə başlayır. O, bunu oynadığı rolları yenidən təkrar etmək istəməməsi ilə rol seçiminə ciddi diqqət yetirdiyi üçün etdiyini açlıqlayır.
Aktrisa daha ciddi və düşündürücü obrazlara can atırdı. 70-ci ilin sonlarına doğru yaxınlaşdıqda Cinanın kinokaryerası demək olar ki, sona çatdı. Bunun üçün isə o, qətiyyən peşmançılıq çəkmirdi. Özünü ailəsinin və 1957-ci ildə doğulmuş, atasının şərəfinə elə Milko adı verdiyi oğlunun tərbiyəsinə həsr etdi. Həmçinin Cina özünü jurnalistika, heykəltaraşlıq və rejissorluqda da sınadı. Onun 1974-cü ildə Fidel Kastro ilə hazırladığı geniş müsahibə uzun müddət mətbuatın və ictimayyətin marağına səbəb oldu. Aktrisanın hazırladığı hekəltaraşlıq işləri bu günə qədər də dünyanın ən bahalı muzeylərində qorunub saxlanmaqdadır. Fotoaparatla çəkdiyi şəkillər də olduqca diqqətə layiq işlər idi.
112 il yaşamaq arzusu…
1971-ci ildə on doqquz illik evlilikdən sonra Lollobridci Milkodan ayrılıdı. Onlar boşanandan bir neçə il sonra Milko avtomobil qəzasında həlak olur.
Bu hadisədən sonra aktrisa heç kimlə yenidən ailə qurmaq istəmir. Baxmayaraq ki, onunla evlənmək üçün can atanların sayı hesabı yox idi.
Lakin, 2007-ci ildə maraqlı bir xəbər dünya mətbuatını bürüdü. 79 yaşlı aktrisa özündən düz 34 yaş kiçik olan ispaniyalı arxitektor Xavier Riqauya ərə gedirdi. Bu xəbər elə böyük səs-küy yaratmışdı ki, aktrisa bu fikri təkzib etmək məcburiyyətində qaldı.
Öz istedad və bacarığına inanan, sənət yolunda bütün əziyyətlərin öhdəsindən məharətlə gələn Cina Lollobridcida dünyanın ən məşhur aktrisalarından birinə çevrilməyi bacardı.
Romanın yaxınlığında yerləşən malikanəsində öz qocalıq həyatını yaşayayn aktrisa 16 yanvar 2023-cü ildə 95 yaşında vəfat edir. Onun ən böyük arzusu isə xalası kimi 112 il yaşamaq idi. Bu arzudan onu 12 il uzaq salır…