8 noyabr 2020-ci il tarixli Zəfərimizlə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Əsgəri Azərbaycanın yaradıcı insanlarına yeni və bitib -tükənməyən bir mövzu vermiş, bu mövzu sənət adamlarında yeni bir coşqu, yeni bir ovqat yaratmışdır. Şairlərimiz, yazıçılarımız Zəfərimizi, Azərbaycan əgərinin qəhrəmanlığını, Şuşanın fəthini, şəhidlik ülviyyətini tərənnüm edən yeni-yeni əsərlər yaratmaqdadər. Bu konteksdə yazıçı-publisist, məşhur tarixi romanlar müəllifi Yunus Oğuzun yeni tarixi romanı “Cığır”ı xüsusi ilə qeyd etmək istərdim.
“Cığır”ı oxuduqca hiss edirsən ki, müəllif mövzunu illərlə içində gəzdirirmiş. Müşahidələr, qeydlər, təhlillər, paralellər aparırmış. Onun üzə çıxması üçün bir qığılcım lazım imiş. Görünür müəllif 20 noyab Zəfərini gözləyirmiş və “…Şuşa görüşlərindən, ziyarətindən sonra vulkan kimi püskürərək onun düşüncələrindəki milli təəssübkeşliyi bütün hərarətilə üzə çıxır”(Nizami Cəfərov). Əks təqdirdə O,əsərdə son 30 ildə Qarabağla, Şuşa ilə bağlı baş verən ictimai-siyasi prosesləri, hadisələri, danışıqları, mübarizələri bu cür dəqiqliklə əks etdirə bilməzdi.
Əsərin məhz indi, 44 günlük Vətən müharibəsindəki Zəfərin 2-ci ildönümü və Şuşa şəhərinin 270 illik yubileyi ərəfəsində nəşr edilməsi onun məna və mahiyyətini daha da artırmış olur.
Ümummilli liderimiz Heydər Əliyev 1996-cı ildə Azərbaycan gənclərinin I Forumunda gənclərə xitabən deyirdi: “Gənclərimiz iki elmi mütləq öyrənməlidir. Bu elmlərdən biri Azırbaycan dili, digəri isə Azərbaycan tarixidir”. Bu baxımdan Yunus Oğuzun tarixi romanlar yazması və onların geniş oxucu kütləsinin ixtiyarına verməsi, çox mühüm bir xidmət kimi dəyərləndirilməlidir.
Sual oluna bilər. Niyə Yunus Oğuz “Cığır” romanını yazdı? Mənə elə gəlir ki, bu ilk növbədə onun vətənpərvərliyindən irəli gəlir. Lakin bu istək həm də onun güclü bədii, tarixi və siyasi təfəkküründən, böyük istedadından irəli gələ bilərdi. Tarix nəticə çıxarmaq, ondan ibrət götürmək, səhvləri bir daha təkrar etməmək üçün öyrənilir. Yunus Oğuz bu hikməti yaxşı bilir və ən çox indiki gənclərə və gələcək nəsillərə ünvanlanmış, tarixi romanlarını həm də ibrət götürmək üçün yazır.
Doğrusu Yunus Oğuzun belə bir tarixi mövzuya müraciət etməsi ədəbi ictimaiyyət tərəfindən o qədər də təəccüblə qarşılanmadı. Çünki ədəbi came və geniş oxucu kütləsi onu “Nadir Şah”, Sultan Alparslan”, “Təhmasib Şah”, “Əmir Teymur”, “Şah arvadı və cadugar”, “Səfəvi Şeyxi”, “Çingiz Xan”, “Ovçu”, “Atabəy Eldəniz” kimi oxucu rəğbəti və sevgisi qazanmış tarixi romanlardan və “Atilla”, “Altun dəftər”, “Nadir Şah ” kimi tarixi pyeslərindən yaxşı tanıyırdılar. Əksinə belə bir romanın ərsəyə gəlməsini bəlkə də gözləyirdilər.
Yunus Oğuz “Cığır”ı qibtə ediləcək bir sürətlə yazdı. (Böyük Səmdə Vurğunun “Vaqif”dramını yazmağı yada düşür.) Maraqlıdır ki, hər iki müəllifin əsəri Qarabağın incisi Şuşaya həsr olunmuşdur. Görünür bu da bir Tanrı qisməti imiş
Həm də əsərdə əksini tapan hadisələr təkcə son 30 ilə deyil, 270 il bundan əvvələ gedib çıxır. Əsərdə Şuşanın yaradılması tarixindən başlayaraq bu günümüzə qədər baş verən hadisələr tarixi ardıcıllıqla, aydın şəkildə, sadə dillə, oxucuya anlaşılan formada öz əksini tapır. Tarixi faktlarla yazıçı təxəyyülü üzvi formada bir-birini tamamlayır, Şuşanın süqutu və fəthi barədə gedən mübarizələr və müharibələr barədə oxucuda aydın təsəvvür yaradır.
Məlumdur ki, 1747-ci ildə Azərbaycan Avşarlar dövlətinin süqutundan sonra, parçalnmış dövlətin ərazisində yaranmış 20-yə qədər feodal dövlətlərin-xanlıqların içərisində ən böyüyü və ən müstəqili Qarabağ xanlığı idi. Elə buna görə də xanlığın tarixini əks etdirən 10-a yaxın Qarabağnamənin, yüzlərlə tarixi məqalə və məlumatların yazılması dediklərimin sübutudur. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, bu kitabların və yazıların böyük əksəriyyəti XVIII əsrin sonu və XIX əsrdə yazılmışdır. Mənim qənaətimcə Yunus Oğuzun “Cığır”ı həmin Qarabağnamələrin davamı-növbəti bir Qarabağnamə olmaqla Qarabağ tarixinə və Tarixşünaslıq elminə verilmiş samballı bir töhvədir.
Əsərin əsas süjet xətti və cərəyan edən proseslər, hadisələrin inkişafı əsasən üç paradiqma üzərində köklənir: Xanlığın mərkəzi olan Şuşa şəhərinin inşası üçün yerin seçilməsi və bununla əlaqədar yazıçı təxəyyülünün məhsulu olan Çoban Nəsrəddinin göstərdiyi mistik çığır, sonrakı illərdə Şuşanın müdafiəsində cığırn əhəmiyyəti və rolu; 1992-ci ildə Şuşanın işğalı, həmin zaman kəsiyində mövcud ictimai-siyasi-hərbi situasiya və bu işğala təsir edən amillər; Qarabağın işğaldan azad olunması və Şuşanın fəthilə əlaqdar Ali Baş komandan İlham Əliyevin mübarizəsi və 2020-ci ilin 8 noyabr Zəfərinə aparan yolda mistik 400 “kölgə” əsgərin misilsiz qəhrəmanlığı. Əsərin əsas leytmoyivini isə Prezident Cənab İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyana cavab olaraq söylədiyi, sonradan bütün Azərbaycan cəmiyyətinin ümumulli şüarına çevrilən “Qarabağ Azərbaycandır” kəlamları və müəllifin bədii kəşfi olan Cığırın rolu təşkil edir.
Yazıçı bu məqamları bir-biri ilə peşəkarlıqla əlaqələndirir. Tarixi proseslər barədə oxucuda aydın təsəvvür yaradır. Tarixi paralellər apramaqla, həm də bu prosesləri bir-biri ilə sıx bağlayır. Əsər boyu tarixi dərinliklərə vararaq oxucuya haşiyələrlə daha maraqlı məlumatlar verir. Müəllifin Hülaki hökmdarı Arqun xanın oğlu Qazan xanın islamı qəbul edərək, Qarabağ elxanı seçilməsi barədə; Şuşanın yerləşdiyi yerdə Qazan xanın keşikçi qülləsinin olması barədə; Xudafərin körpüsünun tikilmə tarixi barədə; Şuşa şəhərinin adının yaranması barədə və digər maraqlı bilgilər verir. Bu məlumatların romana daxil edilməsi onu daha da dolğun və oxunaqlı edir. Eyni zamanda müəllif Xocalı faciəsi barədə məlumatları, Aprel və Tovuz döyüşlərinin, 44 günlük Vətən müharibəsinin xronikasını əsərə daxil etməklə, həm də bütöv bir dövrün keşməkeşlərlə, mübarizələrlə dolu qəhrəmanlıq səlnaməsini yaradır, əsərin tarixiliyini daha da artırmış olur.
Tarixdən məlumdur ki, Pənahəli xan Qarabağ xanlığının yaranmasını elan etdikdən sonra birinci vəzifə kimi xanlığın mərkəzi üçün Bayat qalasını tikdirdi. Qala hazır olar-olmaz birinci hücumu dəf etdikdən sonra Pənah xana aydın oldu ki, strateji olaraq qalanın yeri düzgün seçilməyib. Sonra o, 1748-ci ildə Şahbulaq qalasını tikdirdi. Lakin bu qalanın da gələcəkdə düşmən hücumunu dəf edə bilməyəcəyini yəqin etdikdən sonra, o xanlığın mərkəzi üçün elə bir yer axtarır ki, həmin qala alınmaz olsun. Bu məqsədlə da Xan ən yaxın adamıları ilə axtarışa başlayır. “Çığır” da məhz bu axtarışla başlayır. Görkəmli ədəbiyyatşünas alim, professor Rüstəm Kamal nəsr haqqında fikirlərini bölüşərkən qeyd edir ki: ” Nəsrin ilk cümləsi şeirin ilk misrası kimi mətnin ruhuna girməlidir. İlk fraza boksçunun ilk nokaut zərbəsi kimi gözlənilməz olmalıdır. Aşıq Ədalət hər dəfə “Yanıq Kərəmi”nin ifasında ilk akkordu necə vurur? – nəsrin ilk cümləsi də elə olmalıdır”. Yunus Oğuz romanı oxucuya nağıl -dastan dilində təqdim edir. Əsər səmimi və axıcıdır, ilk cümləsindən oxucunu təhkiyyəyə kökləyir. Rüstəm müəllimin nəsr haqqında dediyi fikirlər kimi: …”Qoca çoban dağ döşündə, iri sal daşın üstündə oturub tütək çalır, sürü isə arın-arxayın yamacda otlayırdı. … Xocalı tərəfdən iki atlı görünəndə itlər səs-səs verib hürüşdülər. Şoban tütəyini ağzından çəkdi. İndi yalnız itlərin səsləri eşidilirdi.
…Atlılar kişiyə yaxınlaşanda o, bir də diqqətlə hər ikisinin üz cizgilərinə baxdı. Gözlərinə inanmadı.
Bunlar ki…,-ürəyi əsməyə başladı, boğazı qurudu, dili topuq çaldı, sözlər yadından çıxdı. Birtəhər özünü ələ alıb güclə dilləndi: Bu ki, bizim Pənahəli xandır, yanındakı da Tuğun məliyi Yeqan.”
Və ya:
“Artıq 1757-ci il idi. Şuşa şəhəri salınmış, Pənahəli xan paytaxtı bura köçürmüşdü…Pənahəli xan özü bu şəhəri Şuşa adlandırsa da, bu şəhərdə yaşayanlar, yerli camaat qalaya xanın şərəfinə Pənahabad deyirdi. Xanın vəfatından sonra isə yerləşdiyi relyefə uyğun olaraq Şuşa adlandırıldı…”
Qararabağ xanlığının mərkəzi kimi Şuşa şəhərinin şöhrəti çox qısa zamanda sərhədləri aşdı. Şəhər öz təbiətinə, relyefinə, memarlığına və gözəlliyinə görə göz qamaşdırıcı olmaqla həm də düşmənləri də özünə, cəlb edirdi. Elə buna görə də yarandığı gündən bu günədək başı çox bəlalar çəkdi. Lakin o heç vaxt düşmənə təslim olmadı…Bu hücumların qarşısının alınmasında əfsanəvi cığır və çoban Nəsrəddinin oğlu Muradın “gözəgörünməzlər” dəstəsi mühüm rol oynamışdı.
Şuşanın başına gətirilən ən böyük faciə XX əsrin sonunda-1992-ci ildə baş verdi. Bu o ərəfə idi ki, qan üstündə bərqərar olmuş SSRİ dağılmaqda idi. Keçmiş ittifaq rəhbərliyində ən yüksək vəzifə tutan Ümummilli liderimiz Heydər Əliyevi xain və xəyanətkar Mixail Qorbaçov tərəfindən vəzifəsindən kənarlaşdırılmış, onun ətrafına yığışmış erməni millətçiləri Qarabağın Ermənistana birləşdiriməsi barədə məsələ qaldırmış və elə bununla əlaqədar da Ermənistan- Azərbaycan Dağlıq Qarabağ müharibəsi başlamışdı. 1988-ci ildən erməni millətçiləri tərəfindən başlamış “miatsum” dalğası 1992-ci ildə pik həddinə çatmışdı. Bu müharibədə özünün havadarlarının köməyi ilə ermənilər dəhşətli qırğınlar, əsrin faciəsi olan Xocalı qətliamını törətmişdilər. Növbəti hədəf Şuşa idi. Onlar yaxşı bilirdilər ki, Şuşa kimin əlində olsa Qarabağ da onun əlində olacaqdır. Düşmən Şuşanın işğalına uzun müddət hazırlaşmış, bunun üçün xüsusi plan hazırlamış, planı o zaman Ermənistanın müdafiə naziri vəzifəsində işləyən Vazgen Sərkisyanın şərəfinə “Dağlarda toy” adı vermişdilər. Əməliyyat ermənilərin”komandos” adlandırdığı “məşhur” general Arkadi Ter-Tadevosyana həvalə edilmişdi.
Qarabağ müharibəsinin ən faciəli səhfəsi olan Şuşanın işğalını müəllif bütün ağrı və acıları ilə, yana-yana qələmə almış, faciənin miqyasını, dəhşətini oxucuya çatdırmaq üçün bədii təsvir vasitələrindən məharətlə istifadə etmişdir. Akademik Nizami Cəfərov demiş, müəllif həmçinin işğal prosesini “həm ciddi, həm də ironik planda təsvir etmişdir”.
“Mayın altısında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan bütün cəbhə boyu hücuma keçmək əmrini imzaladı. Havadan qan və ölüm iyi gəlirdi. Yaz olmasına baxmayaraq, gül-çiçək ətri yox idi. Ölüm havasından başqa. Şuşanın səması da ayrı rəng almışdı. Sanki səmaya qan çilənmişdi. Şuşanın başının üstündə ölüm mələyi gəzirdi…Növbəti gün isə Şuşakəndə toplaşan ermənilər (Ter-Tadevosyan, Ermənistanın müdafiə naziri Vazgen Sarkisyan, general Gurgen Dalıbaltayan, Ermənistanın hərbi qərərgah rəisi Feliks Qozoryan, Robert Köçəryan, Serj Sarkisyan, leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semyonov, Yelena Boner, baronessa Koks,, “Ümumdünya xristian həmrəyliyi”nin, “Daşnaksütun təşkilatı”nın Erməni Milli Komitəsi”nin rəhbərləri və xarici jurnalistlər…) sanki teatr tamaşasına gəlmişdilər.”
Həmin gün Şuşa təkcə ermənilərin gücü və hiyləsi hesabına məğlub olmadı, o həm də o zaman hakimiyyət başında olan başsız rəhbərlərin, “sapı özümüdən” olan baltaların və Şuşa əldən gedəsi olsa başına güllə çaxacağını elan edən, lakin hələ də orda-burda sülənən xəyanətkarların qurbanı oldu: “Vəssalam! 8 may 1992-ci ildən Azərbaycanda Şuşa həsrəti başladı və bu həsrət 28 il,5 ay -8 noyabr 1992-ci iləqədər davam etdi. Ancaq onlar 28 il müddətində CIĞIR-ı tapa bilmədlər. Ağıllarına da gəlmədi ki, bu ÇIĞIR onların burunlarının ucunda olub”.
Ümummilli lider Heydər Əliyev Azərbaycavda ikinci dəfə hakimiyyətdə olduğu 10 il ərzində Qarabağ probleminin həlli ilə əlaqədar çox işlər gördü. Lakin mövcud reallıqlar, vaxt və ömür problemin həllinə ikan vermədi. 2003-cü ildə Prezident seçilən İlham Əliyevin qarşısında çox ağır və düyünə düşmüş Qarabağ probleminin həlli dayanırdı. Bu problemin həlli üçün O, çox işlər görməli idi. Lakin ona həm də ən əsası səbr, təmkin, dözüm, iradə, qətiyyət və cəsarət lazım idi. Təbii ki, bu keyfiyyətlər ilk növbədə ona genetik ötürülmüşdü. O, həm də uzun illər, böyük dövlət adamı, müdrik insan- Heydər Əliyevdən dərs almışdı. İlham Əliyev ilk növbədə problemin həlli ilə əlaqdar Azərbaycan dövlətinin və prezident kimi özünün qəti mevqeyini bəyan etdi: Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz, ərazi bütövlüyümüz müzakirə obyekti ola bilməz və Azərbaycan ərazisindən erməni qoşunları BMT qətnamələrinə uyğun olaraq qeyd şərtsiz çıxarılmalıdır”. İlham Əliyev Hakimiyyətdə olduğu 17 il ərzində Qarabağ probleminin həlli üçün hər gün bir addım atdı. Əsərdə müəllif Prezidentin bu 17 ildə gördüyü işləri peşəkarlıqla təqdim edir:
“Prezident dəstəyi yerə qoyub ayağa durdu. Atasının divara vurulmuş portretinə baxdı, sanki onunla danışırmış kimi dedi: “Bunu mən etməsəm kim edəcək? Niyə tarixə adımı qalib kimi yazdırmayım? Ermənilərin isə arzusu, istəyi gözlərində qalacaq! Bilirəm, Rusiyada bəzi dairələr onlara hər cür yardım göstərirlər. Amma Rusiya KTMT adı altında heç bir kömək göstərməyəcək…Tovuz döyüşü böyük müharibə üçün kiçik məşqdir. Buna illərdir hazırlaşıram…
Ona elə gəldi ki, atasının portretindən baxan gözlərdə razılıq əlaməti var. Keçib yerində əyləşən kimi selektorda “köməkçı” yazılan düymənin işığı yandı”…
Əsərdə qələbəmizin başlanğıcı olan Aprel döyüşləri, bu döyüşlərdə əldə olunan uğurları, döyüşlərdən sonra orduda, Azərbaycan əsgərində yaranan qələbə əhval-ruhiyyəsini, Azərbaycan cəmiyyətində yaranmış döyüş ovqatını yazıçı özünəməxsus ustalıqla təsvir və təqdim edir.
Aprel döyüşlərindən sonra Ermənistan cəmiyyəti, onun hərbi- siyasi elitasından tutmuş, əsgərinə, sadə vətəndaşına qədər şok vəziyyətinə düşmüşdü. 2018-ci ildə siyasi böhran və narıncı inqilab nəticəsində hakimiyyətə gəlmiş yeni baş nazir və onun komandası Ermənistanda bir qədər nəfəslik yaratsada müharibə yetişirdi. Yenicə hakimiyyətə gəlmiş Nikoll Paşinyanın yeni iddialarla çıxış etməsi, onun “Qarabağ Azərbaycandır nöqtə” deməsi, tez-tez dəyişən sorosçu komandasının “yeni ərazilər işğal etmək barədə” iddiaları, qondarma “DQR”-in pytaxını və parlamentini Şuşaya köçürmək barədə sərsəm bəyanatları artıq Azərbaycan cəmiyyətinin və Azərbaycan Prezidentinin səbr kasasını daşdırmaq həddinə gətirib çıxarmışdı. Fransa və digər havadarlarının köməyinə arxalanan erməni cəladdları hələ də öz xəyallarından ayrılmamışdılar. Bütün bu xəyalların iştahası idi ki, 2020-ci ilin 13-14 iyununda ermənilər daha bir təxribata əl atdılar. Onlar “yeni müharibə-yeni ərazilər “planını işə salaraq Tovuzda bir neçə istiqamətdə hücuma keçdilər. Yazıçı romanda Tovuz döyüşlərinə daha cox yer ayırır, proseslərin detalları ilə qələmə alaraq erməni məkrini, onun havadarlarının məqsəd və məramını qabarıq formada təqdim edir. lakin Ermənilərin və onların havadarlarının planları, Azərbaycan ordusunun qəhrəmanlığı, dövlətin idarəetmə orqanlarının ayıq-sayıqlığı nəticəsində bu dəfə də iflasa uğradı. Tovuz döyüşləri nəticəsinə Azərbaycan ordusu Polad Həşmov, İlqar Mirzəyev kimi qəhrəman oğullarını üzə çıxartdı, xalqa tanıtdı. Bu cəsur və qəhrəman oğullar, əsgər və zabitlərin, generallrın pərəstiş ünvanına çevrildilər, örnək oldular. Əsərdə Polad Həşimov obrazı bütün detalları ilə oxucuya təsvir olunur.
Xalqın isə artıq səbri tükənmişdi. Hamı bir nəfər kimi qisas üçün alışıb yanırdı: “Tovuz döyüşlərindən sonra Azrbaycan Ordusu yüz faiz əmin oldu ki, xalq birinci Qarabağ savaşının, Xocalı faciəsinin qisasını almaq istəyir. Min hiylə ilə ələ keçirilən torpaqları geri qaytarmaq əzmindədir. Artıq hamı bilirdi ki, düşmənin tez-tez təxribatlar törətməsi, müharibəni qaçılmaz edir. Amma hələ tez idi. Beynəlxalq zaman yetişməmişdi…”
Və budur, zaman yetişdi. 2020-ci ilsentyabrın 27-də növbəti erməni təxribatının qarşısını almaq məqsədilə Azərbaycan ordusu bütün cəbhə boyu əks hücuma keçdi. Həmin günləri qələmə alan yazıçı yazır:
“Elə müharibənin birinci günündən xalq orduya çevrildi. Əsgər həm də arxa cəbhədə olanlardan böyük dəstək görürdü. Bunun üçün ölməyə yox, öldürməyə gedirdi. Şəhadət şərəf işi olmuşdu. Şəhid olanların yaxınları bunu qürurla qəbul edir, döyüşçülərimiz dəmir adama çevrilirdilər. Güllə dəyir, ayağa qalxıb döyüşə gedir, yoldaşı yaralandıqda, onu çiyninə alır, yoluna davam edirdi…”Dəmir yumruq” düşmənin başına endikcə xalq özü dəmir yumruğa çevrilirdi… Xalq Həyacanlı, Qürurlu, Şərəfli günlərini yşayırdı. Xalqa hər gün enerji də verən elə Ali Baş Komandan özü idi…”
Əsərdə 44 günlük Vətən müharibəsinin bütün 44 günü ərzində döyüş bölgələrində və arxa cəbhədə, cərəyan edən hadisələr təfsilatı ilə öz əksini tapmışdır. Romanı oxuduqca 44 günlük Vətən müharibəsində baş verən proseslər bütün incəlikləri ilə kino lenti kimi gözlərin qarşısında canlanır. Prezident İlham Əliyevin ölkədə hərbi vəziyyət elan edilməsi haqqında Sərəncamından tutmuş, siyasi partiyaların həmrəylik bəyanatınadək, Müdafiə Fonduna vəsait toplanmasından tutmuş, cəbhəyə yollanmaq üçün çağırış məntəqəlrindəki növbələrədək, mühribə bölgəsindən kənarda yerləşən şəhərlərimizdə ermənilərin törətdikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaqdan tutmuş, müharibənin obyektiv reallıqları ilə tanış etmək və məlumatlandırmaq məqədilə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin cəbhə bölgələrinə səfərlərinin təşkilinədək, Prezidentin dünyanın aparıcı kİV-lərii il müsahibələrinədək, nəhayət mistik çığırın yerini bilən çoban Nəsrəddinin nəslinin davamçılarından olan, Nəsrəddin Muradın həmin cığırın, Xüsusu təyinatlıların komandanı əfsanəvi Hikmət Mirzəyevə göstərməsinədək bütün hadisələr olduğu kimi, həm də yazıçının özünəməxsus üslubu və ifadə formaları ilə qələmə alınmışdır. Müəllif əsrdə Vətən mühüribəsi dövründə arxa cəbhədə baş verən hadisələri də unutmamış, həmin hadisələri ürək ağrısı ilə, həm də qürurla “Qazi İqbal Səfərovun dilindən” və “Şəhid ərinin cənazəsini çiynində daşıyan qadın” başlığı ilə kövrək notlarla təqdim edir.
Müəllif cəbhə bölgəsində, səngərlərdə döyüş səhnələrini o qədər canlı, parlq boyalarla və bütü qabarıqlığı ilə təqdim edir ki, sanki onun özü o döyüşlərdə iştirakçıdır və bir başa səngərdən reportaj verir, əsgərlərimizlə döyüşür, onlarla yaralanır və onlarla şəhid olur. Bu səhnələri həyacansız oxumaq mümkün deyil:
“… fişəng gecənin qaranlığını dəlib havanı işıqlandırdı və həmin ərazi minamyot atəşinə tutuldu. Bütün dəstə üzvlərinin bədənləri qəlpələrlə deşik-deşik oldu. Kamran gözünü açanda heç nə görmədi. Dünya onun üçün qaranlığa dönmüşdü. Əlini gözünə yaxınlaşdırdı, yenə heç nə görmədi. Bu dəfə əlini gözünə sürtdü. Yaş nəsə hiss etdi. Burnuna yaxınlaşdırıb iylədi, qan iyi gılirdi. Yenə əlini gözlərinə apardı. İki barmağı gözlərnin dərinliyinə girdi. İki gözü də yerə tökülmüşdü…Yadına əsgərləri düşdü.
– Uşaqlar, salamat qalan var?
– Kömək edin!
Kamran onu əli ilə axtarıb tapdı… Bir təhər kürəyi üstə əsgərin üstünı uzandı. Onun qollarını boynuna dolayıb dedi:
– Zülfü boğazımdan möhkəm yapış. İndi ikimiz də üzü üstə çevriləcəyik…
Şir cüssəli oğul ürəyində ” Ya Allah” deyəndə qollarına qüvvət gəldi…İndi iki əsgər səs ümidinə sürünürdü…”
Əsərin kuliminasiyası isə “Şuşanın İşğaldan azad edilməsi” səhnəsidir. Müəllif əsərin bu hissəsini o qədər canlı təsvir edir ki, sanki filmə tamaşa edirsən. Və mən yazıçının üslubuna və ifadə formasına xələl gətirmədən həmin təsvirlərin bir neçəsini olduğu kimi oxucuya təqdim etmək istəyirəm:
“Dörd yüz xüsusi təyinatlı, çox qısa müdətdə bütün dünyada məşhur olan dörd yüz “kölgə”əsgər. Şəhid olmağa hazır olan dörd yüz igid, Vətən uğrunda, torpaq uğrunda, bayraq uğrunda aslan kmimi vuruşmağa hazırlaşan dörd yüz cəsur Şuşanın fəthinə bütün hazırlıqları bitirdi. Hamısının gözündə qürur vardı. Qorxunun nə olduğunu ağıllarına belə gətirmirdilər.” Və ya:
“Dörd yüz nəfər yüngül silahlarla silahlnmışdı: Bir neçə tank əleyhinə qranatamyot, avtomat, tapança, süngü- bütöv döyüş arsenalı bu idi, ancaq onlar düşmən qarşısına əliyalın da çıxmağa hazır idilər”. Və ya:
“Kölgə” əsgərlər səssiz pişik yerişi, şir ürəyilə ermənilərin ən ucqar yerləşən dəstəsinə tərəf irəliləyirdilər…Ermənilər arasında vahimə yaranmışdı. “Kölgə” əsgərlər sözü onları elə qorxuya salmışdı ki, hara gəldi gülləni atır,qaçır, özləri özlərinə atəş açır, ölür, öldürürdülər. Yol yaralılar və meyidlərlə dolmuşdu…Səhərə yaxın Şuşa yolunda daha heç kim qalmamışdı. Cığırdan düşən “kölgə” əsgərlər bu dəfə rahatlıqla, meyidlərin üstündən adlayaraq asfalt yol ilə Şuşaya qalxırdılar”.
Müəllif romanı maraqlı epiloqla bitirir: “Artıq cığır yox idi. Nəsrəddin Murad maşınla onun əvəzinə yeni çəkilən Zəfər yolu ilə Şuşaya qalxır, olub keçənləri xatırlayır, ətrafa baxa-baxa gözləri yaşarırdı. Sevinirdi ki, xalqın bir nümayəndəsi kimi bu Cığırın Zəfər yoluna çevrilməsində az da olsa, xidməti oldu.”İndi ölməyə dəyərdi””. Bir anlıq xatırladım ki, bu əsərin müəllifi Yunus Oğuz 2021-ci ilin avqustunda Zəfər yolu ilə Şuşaya qalxan ilk xoşbəxtlərdən biri idi və mənə elə gəldi ki, bu epizodda müəllif Nəsrəddin Murad obrazının timsalında öz prototipini yaratmışdır.
Düşünürəm ki, “Cığır” romanı təkcə 44 günlük Vətən müharibəsinin, Şuşa Zəfərinin deyil, bütövlükdə 270 illik Qarabağ tarixinin səlnaməsidir.
Ramiz Göylər