Demirdimmi qismət özgə, ayrı bəxt, Yarı qismət, yarı bəxtdi, yarı sən…

Demirdimmi qismət özgə, ayrı bəxt, Yarı qismət, yarı bəxtdi, yarı sən…

Mahirə NAĞIQIZI

Sən

Demirdimmi qismət özgə, ayrı bəxt,
Yarı qismət, yarı bəxtdi, yarı sən.
Demə, dünya sən deyəndi: bəxtəbəxt,
Bəxtdən deyil, əməlindən yarı sən.
Həvəs yolun cilvəsidi, rəngidi,
İllər keçdi, həyat yordu, səngidi.
Kimlər gördüm yarıyolda təngidi,
Düşmə ümid lövbərindən ayrı sən.
Bir dünya var, yolu gediş-gəlimsiz,
Duyğusu da, istəyi də çəlimsiz.
Adamları daşürəkli, rəhimsiz,
Ha bağ becər, görəməzsən barı sən.
Ayaq üstdə dayanarsan, durarsan,
Ocaq tikib, ev yaradıb qurarsan,
Ömrü gözəl, xoşbəxt başa vurarsan,
Seçə bilsən ömrə məlhəm yarı sən.
Mahirədə yoxdu sirrin açarı,
O da səntək bu dünyanın naçarı.
Kim olubsa yollarının düçarı,
Sənsən, onun dünyası sən, varı sən.

Əllərin

Həmişə öpdüyüm o əl deyilmi,
O ana əllərin,qadın əllərin.
Ay nənə, elə bil indi görürəm,
Mənan əllərinmiş,dadın əllərin.
.
O əllər yandırıb ata ocağın,
O əllər çiyinə yükü qaldırıb.
O əllər bizlərə sığal çəkibdir,
O əllər bizləri cəzalandırıb.
.
O əllər su atıb ərin dalınca,
Ərin kürəyinə daş-divar olub.
Evdə ev işində,çöldə bayırda,
Qabar tutsa belə baxtavar olub.
.
On bir balasına tək çörək deyil,
Qeyrəti,şərəfi verib o əllər.
Özü bağça salıb,övlad bağçası,
Bağçadan barı da dərib o əllər.
.
Uzanan əllərə imdad payını,
Bir dəfə görmədik əsirgəsin o.
Ay nənə,bizləri silkələyən tək,
Nəvə-nəticəni silkələsin o.
Share: