İran vətəndaşından aldığı külli miqdarda narkotik vasitəni satmaqda təqsirli bilinərək 12 il azadlıqdan məhrum edilmiş Samir Məmmədovun cinayət işinə yenidən baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, hökmdən təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayəti verib.
İşin mahiyyəti ondan ibarətdir ki, 43 yaşlı Samir Məmmədov İran vətəndaşı ilə əvvəlcədən əlaqəyə girib, onun göndərdiyi narkotiki “Dağüstü park” ərazisində daşın altından götürərkən saxlanılıb. Onun evinə baxış zamanı da narkotik vasitə (heroin) aşkar edilib.
İş materiallarında qeyd olunub ki, S.Məmmədov narkotik vasitəni satış məqsədilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsi ilə ittiham elan olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs ifadə verib. O, verilmiş ittihamla özünü təqsirli bilmədiyini, narkotik vasitəni şəxsi istifadəsi üçün almaq istədiyini deyib. Bundan başqa o, evindən aşkar edilən narkotik vasitədən də xəbərsiz olduğunu deyib.
Ötən ilin noyabrında keçirilən iclasda S.Məmmədov elan olunmuş ittihamla təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsində keçirilən baxış iclasında şikayət dinlənilib, iş materiallarına təkrar baxış keçirilib.
Hakim Elmar Rəhimovun sədrlik etdiyi hakimlər heyəti işlə tanışlıq zamanı müəyyən edib ki, cinayət işi üzrə dindirilmiş şahidlər oxşar məzmunlu ifadə veriblər. Bundan başqa, S.Məmmədovun narkotik satışı ilə məşğul olması sübuta yetirilməyib, onun narkotik istifadəçisi olması ilə bağlı iş materiallarına həkim rəyi əlavə olunub.
Məhkəmə bu və digər əsasları nəzərə alaraq təqsirləndirilən Samir Məmmədovun bəraətinə qərar verib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.