Udmurtiya paytaxtı İjevskdə nəşr olunan nüfuzlu udmurt ədəbi jurnalı “Keneş”in builki IV (aprel) sayında Azərbaycan şairi Əkbər Qoşalının şeirləri dərc olunub. Dərginin redaksiya heyəti, onun baş redaktoru Anastasiya Şumilova həmkarını apreldə 50 yaşının tamam olması münasibəti ilə təbrik edib.
Əkbər Qoşalının şeirlərinin udmurt dilinə tərcüməsini Udmurtiyanın Xalq şairi Vyaçeslav Ar-Sergi edib. Azərbaycan şairinin şeirlərinə giriş sözü də ona məxsusdur. “Azərbaycanlı qardaş” – yalnız Udmirtiyanın deyil, ümumən çağdaş rusdilli ədəbiyyatın aparıcı ustadlarından olan Vyaçeslav Ar-Sergi öz yığcam önsözünü belə adlandırıb.
Burada o, Saxa-Yakutiyada, ünlü Saxa şairi Semyon Danilovun xatirəsinə həsr olunmuş “Böyük qarın kəraməti” Poeziya festivalında Əkbər Qoşalı ilə yaxından tanış olmasından, yol yoldaşlığından danışıb.
Vyaçeslav Ar-Sergi qeyd edir ki, “Əkbər Qoşalının yaradıcılığında poetik yeniliklər faktı Azərbaycanın tərcümeyi-halı ilə, sağlam ədəbi ənənələrlə ustalıqla – üzvi surətdə bağlanıb. Şair Əkbər Qoşalının ədəbiyyatda yaxşı bu günü və əmin gələcəyi var”.
Tərcüməçi Azərbaycanlı yazarın poeziyasındakı özəl alqoritmi, ruhi-mənəvi enerjini oxucuya çatdırmaq üçün udmurt dilinin ən uyğun ifadə vasitələrini tapmağı bacarıb.
Onu da vurğulayaq ki, Vyaçeslav Ar-Sergi Azərbaycan ədəbiyyatının udmurtcaya, ruscaya çevrilməsinə böyük diqqət yetirir.
Udmurt oxucuları onun sayəsində Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını, Xalq şairi Sabir Rüstəmxanlının və başqa ədiblərin şeirlərini öz ana dilində oxuyur. Öz növbəsində Azərbaycan ədəbi nəşrləri onun şeirlərini, nəsr əsərlərini yayımlayıb. Vyaçeslav Ar-Seginin yaradıcılıq örnəklərini azərbaycancaya Siyavuş Məmmədzadə və Məmməd Oruc çevirib.
Doğrudan da şairlərin dostluğu həm də ədəbiyyat dostluğudur.
Knyaz QOÇAQ,
“Literaturnaya qazeta”nın Günbatar Sibir üzrə müxbiri