Türkiyə kuboku çərçivəsində “Fənərbaxça” ilə “Beşiktaş” arasında keçirilən və tribunadakı olaylar səbəbilə 57-ci dəqiqədən etibarən yarımçıq qalan derbi sabah davam etdiriləcək.
Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası tərəfindən qəbul edilən qərara görə, matç sabah 21:30-da (Bakı vaxtilə) başlanacaq.
“Beşiktaş” federasiyanın verdiyi qərara etiraz edərək matçı protesto edib. Ancaq “Fənərbaxça” rəqibin etirazına baxmayaraq, ev sahibi olduğu üçün meydana çıxmaq məcburiyyətindədir.
“Beşiktaş”ın qərarına sadiq qalaraq meydan çıxmayacağı təqdirdə, “sarı-göylər” meydanda müəyyən bir müddət qaldıqdan sonra baş hakim yenidən matçı təxirə salacaq.
Derbi ilə bağlı son qərarı isə yenə Türkiyə Futbol Federasiyası qəbul edəcək. Qaydalara görə, “ağ-qaralar” texniki məğlub sayılacaq və “Fənərbaxça” finala vəsiqə qazanacaq. “Beşiktaş” gələn mövsüm də çempionata qatılmayacaq və bu il əldə etdiyi bütün gəlirləri geri qaytaracaq.
Qeyd edək ki, çempionatın final oyunu 9 may tarixində Diyarbəkirdə baş tutacaq. Finalçılardan biri “Qalatasaray”ı kubokdan ələyən Akhisarspordur.