13 oktyabr “Dəmir yolu işçilərinin peşə bayramı günüdür”.
1880-ci ildə Bakı–Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub.
O vaxtdan Azərbaycan Dəmir Yolları yükdaşımalara tələbatın artması nəzərə alınmaqla inkişaf etdirilib və təkmilləşdirilib.
Üç beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycanın dəmir yolları “Şərq-Qərb”, “Şimal-Cənub” və “Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə yüklərin daşınmasını həyata keçirir.Hazırda dəmir yollarının inkişafı istiqamətində bir sıra işlər görülməkdədir.
Bunlara Bakıətrafı qəsəbə və kəndləri birləşdirən dairəvi dəmir yolunun çəkilməsi, Bakı-Qəbələ, Bakı-Lənkəran dəmir yolunun tikintisi daxildir. Bakı-Gəncə qatarının Ağstafayadək uzadılması, Balakən istiqamətində dəmir yolunun yenidən qurulması, dəmir yolunda elektrikləşdirmə işlərinin aparılması, iki yeni deponun istifadəyə verilməsi də gələcək hədəflər sırasındadır.
Azərbaycanın dəmir yollarının mövcudluğu öz-özündə böyük nemətdir. Əhalisi və ərazisi böyük, imkanları bol olan bir çox ölkənin belə səviyyəli infrastrukturu yoxdur və ya çox zəifdir. Gələcəkdə bütün Avrasiya materikinin yüksək sürətli dəmir yolu magistralları vasitəsilə birləşəcəyi də qaçılmazdır. Bu məntiqlə burada qatara minib, tez zamanda Avropanın istənilən məkanına çatmaq elə də fantastik görünmür.