14 sentyabr Yaqub Zurufçunun anım günüdür

14 sentyabr Yaqub Zurufçunun anım günüdür

Ruhuna rəhmət diləyirəm

Altmış yeddi il bundan əvvəl də dünya sarsaqların əlində girinc qalmışdı. SSRİ-nin baş katibi Nikita Xruşov BMT-nin iclas zalında ayaqqabısını masaya döycələyərək dünyaya meydan oxuyurdu. İranda isə feodalizm tüğyan edirdi. Daha doğrusu, şah Məhəmməd Rza Pəhləvinin dövranı idi. Ölkənin Təbriz şəhərinin Çərandab məhəlləsində Qulu adlı bir kişi ömür-gün yoldaşı Xədicəsultan xanımla birlikdə zəmanənin çətinliklərinə sinə gərərək övladlarını böyüdürdü. Bu gün sizə həmin övladlardan biri- Yaqubdan söhbət açmaq istəyirəm…

Necə deyərlər, Yaqub çox fərasətli uşaq idi. Təhsilə maraq göstərər, zirəklikdə tay-tuşlarından geri qalmazdı. Gözəl avazı, məlahətli səsi onu məhəllənin sevimlisi etmişdi. Yeddi yaşı olanda Qulu kişi onu Fərvərdin Mədrəsəsinə aparıb adını şagirdlər siyahısına yazdırdı. Tezliklə təhsil almağa başlayan Yaqubun sevincinin həddi-hüdudu bilinmirdi. Qarşıda onu gözləyən uğurlardan hələ xəbərsizdi…

İllər ötdü, bir gün onu Təbriz televiziyasının uşaqlar üçün proqramına dəvət etdilər. Oxuduğu “Cücələrim” mahnısı ilə Azərbaycan, eləcə də İranda dillər əzbəri olanda özünü kəşf etməyə başladı. Çox keçmədən xalq və bəstəkar mahnılarıyla tanış olan və məharətlə ifa edən Yaqub on beş yaşında Təbrizin Milli Televiziyasında “Evləri var xana-xana”, “De gülüm gəlsin ay nənə” və “Dilbər” mahnılarını oxudu. Sonra Tehran operasının xorunda öz musiqi fəaliyyətini davam etdirdi…

1979-cu ildə İranda baş verən xalq inqilabından bir il sonra Almaniyaya köçən Yaqub Zurufçu öz musiqi təhsilinə Hamburq şəhərindəki universitetlərdən birində başlayıb. Oranı vokal sənəti üzrə bakalavr kimi bitirərək, daha sonra ABŞ-ın Florida ştatının Mayami Universitetində magistr dərəcəsinə yiyələnib…

1989-cu ildə mərhum xalq artisti Gülağa Məmmədov Almaniyda səfərdə olarkən Yaqub Zurufçunun “Ayrılıq” mahnısını əks etdirən, həvəskar kamera ilə çəkilən klipini görüb heyrətlənir və həmin klipin videosurətini Azərbaycana gətirərək televiziyada yayınlanmasına nail olur. Çox keçmir ki, Gülağa Məmmədovun dəvəti, “Vətən Cəmiyyəti”nin dəstəyi ilə Yaqub Zurufçu ilk dəfə Azərbaycana gəlir…

O, ABŞ vətəndaşı olmaqla bərabər, 2009-cu ildən həm də Azərbaycan Respublikasının vətəndaşı idi. “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülmüşdü…

Deyirdi ki,- “Bir müğənni gün ərzində neçə televiziya kanalında qonaq olar? Bəlkə də bir gündə bir neçə kanalda görünmək kimlərəsə xoş gəlir, amma o müğənni düşünməlidir ki, bu insanlara mənfi təsir də edə bilər. Mənim aləmimdə əsl sənətkar efirə az-az çıxmalı və gözəl mahnılarla dinləyicilərinin zövqünü oxşamalıdır”…

Sentyabrın 14-ü mərhum sənətkarın vəfatının ikinci ildönümüdür. Ruhuna rəhmət diləyirəm…

Elman Eldaroğlu

Share: