Damət SALMANOĞLU
HƏYAT SEVİRƏM SƏNİ
Heç aynada baxmısanmı gözlərinə?
Elə bil ki,
Sübh çağının şehi qonub,
Damcı-damcı yanağından süzülür.
Elə bil ki, damcılarla gözlərindən,
Arzuların bircə-bircə üzülür.
Damcılarla yola düşür,
Ümidlərinin karvanı.
Ləngər-ləngər,
Tənbəl-tənbəl
Yol yorğunu…
Yorma özünü,
Susqunluğun flrtınasında.
Yorma özünü ömrün astanasında.
Ovut saçındakı dəni.
Dağıt yolundakı dumanı, çəni.
Və sonra….
Sonra pıçıltıyla söylə,
Həyat sevirəm səni…
23.09.2023
TAB GƏTİRƏ BİLMƏDİLƏR
İgid, qəhrəman ordumuz,
Bircə günə tarix yazdı.
Yağıların, ilanların,
Dəmir yumruq başın əzdi.
” Bayraktarı” görən düşmən,
Nə danışdı, nə də dindi.
Dəqiq nöqtə atışıyla,
Dağıdıldı neçə bəndi.
Çaş-baş qalıb Xankəndidə,
Orduları pərən-pərən.
Əsgəranda, Ağdərədə,
Vəcdə gəldi Türkü görən.
Dəfələrlə yenilməkdən,
Dərs götürə bilmədilər.
İyirmi dörd saat keçdi,
Tab gətirə bilmədilər.
21.09.2023
YÜRÜYÜN DÜŞMƏN ÜSTÜNƏ
Qeyrət nəğmələri çağladı qanda,
Qələbə qazanaq tez bir zamanda.
Ali Baş Komandan “Vur” deyən anda,
Şığıyın meydana qızılquş təkin.
Ey oğlum,ey qızım, nərələr çəkin!
Yürüyün,yürüyün düşmən üstünə!
Qarabağ torpağı sizi səslədi,
Vətən əsgərinə ümid bəslədi.
Ruhu sizə keçdi ulu Babəkin,
Ey oğlum,ey qızım,nərələr çəkin!
Yürüyün,yürüyün düşmən üstünə!
Analar bir daha yolmasın saçın,
Üç rəngli bayrağı zirvəyə sancın!
Hələ yol gözləyir Göyçə,Xankəndi,
Uçurdun, yox edin bərəni,bəndi,
Biçin əsarəti,azadlıq əkin,
Ey oğlum,ey qızım,nərələr çəkin!
Yürüyün,yürüyün düşmən üstünə!