Noyabrın 3-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda türkiyəli yazıçı-tərcüməçi, AYB-nin Türkiyə bölməsinin rəhbəri İmdat Avşarla görüş keçirilib.
“Qobustan” jurnalının baş redaktoru, yazıçı Pərvin tədbiri açaraq İmdat Avşarla Azərbaycan ədəbiyyatı arasındakı sıx bağlardan bəhs edib. İ.Avşarın həm bədii yaradıcılığı, həm də tərcümə sahəsindəki fəaliyyəti barədə danışaraq, onun, uzun illərdir, qardaş ölkə ilə Azərbaycan ədəbiyyatı arasında körpü rolunu oynadığını vurğulayıb.
İ.Avşar nitqinin əvvəlində AYB-nin sədri, Xalq yazıçısı Anara və görüşün təşkilində əziyyəti olan hər kəsə minnətdarlığını bildirib. Haqq savaşında qazandığımız parlaq qələbədən söhbət açan yazıçı Zəfər günü ərəfəsində Azərbaycanda olduğundan məmnunluğunu ifadə edib. Azərbaycanın zəngin ədəbi irsi barədə fikirlərini bölüşən İ.Avşar tərcümələrindən və gələcək planlarından da danışıb.
AYB sədri, Xalq yazıçısı Anar çıxışında deyib ki, Türkiyədə yaranan Azərbaycan ədəbiyyatı kitabxanasının 80 faizini İ.Avşarın tərcümələri təşkil edir. Keçmişə nəzər salan Anar, müstəqillik dövründə Türkiyə ilə ədəbi əlaqələrin qurulmasında İ.Avşarın əvəzsiz rolunu xüsusi vurğulayıb, ona yeni müvəffəqiyyətlər arzu edib.
Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı İ.Avşarın yaradıcılığı ilə yanaşı, yüksək insani dəyərlərindən bəhs edib, onun etibarlı dost olduğunu vurğulayıb. Ötən illərin xatirələrini yada salan S.Rüstəmxanlı İ.Avşarın ədəbiyyatımızın təbliği sahəsindəki böyük zəhmətini diqqətə çatdırıb.
Tədbirdə Abuzər Bağırov, Əkbər Qoşalı, Ağacəfər Həsənli, Qəşəm İsabəyli, Kənan Hacı, Zemfira Məhərrəmli, Nəzakət Məmmədli, Aysel Xanlarqızı və digər qələm adamları çıxış edərək İ.Avşarın yaradıcılığı və işıqlı fəaliyyəti barədə ürək sözlərini bölüşüblər.
Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də iştirak ediblər. ADPU-nun Biologiya fakültəsinin tələbələri Mənsurə Qasımova, Ayişə Xasməmmədova, Ayşən Həmidli, Nərgiz Hacıyeva, Filologiya fakültəsinin tələbələri Aydan Əkbərova, Mələkxanım Bədəlzadə İ.Avşarın əsərləri ilə bağlı müəllifə suallar ünvanlayıblar, onun Azərbaycan dilinə tərcümə olunmuş şeirlərini səsləndiriblər.(525-ci qəzet )