Rəşad Dağlı adam öldürüb.
Bu cümləni də eşitdik.
“Yıxıb-sürüdüyünü”, “ağız cırdığını” hər gün eşidirdik, bu sabah da qətl törətdiyini eşitdik.
Deyirlər, Rəşad Dağlı ilə öldürdüyü adamın arasında mübahisə meyxanaçının bir neçə gün əvvəl dediyi bir bənd üstündə yaranıb. O, bu bənddə narkotik satanları təhqir edir. Deyilənə görə, mərhum da 15 gün əvvəl həbsdən çıxıb və o, həbsxanada “narkotik vasitələrin qanunsuz dövriyyəsi” ittihamı ilə yatıb. Meyxana dili ilə desək, Rəşad Dağlının narkotacirlər haqqında dediyi təhqiramiz sözləri mərhum özünə götürüb və o da Rəşadı ağır təhqir edib. Onlar görüşüblər, görüşdə də söhbət sakitləşməyib, nəticədə Rəşad həmin şəxsi öldürüb.
Rəşada qədərki problemlərdən biri meyxana aləmində də qəbul olunmuş “malsatan”, “bariqa” obrazlarına alçaldıcı münasibətdir. Qəribədir, insanlar onlara yalvarır, onlardan istədiklərini alır, sonra onları söyür. Sanki “bariqa” olmasa, problem olmayacaq. Sanki dünyanı narkotikə bulayanlar “bariqalardır”. Problemi yanlış yerdə axtarmaq, daha doğrusu, həqiqəti bilə-bilə səbəbkarı ayrı yerdə “tapıb” təsəlli qazanmaq ədəbiyyatdangəlmədir. Satan biri, qazanan biri, alan biri, ölən biri…
Klassik şeirlərdə yaradılan fələk obrazı da, təxminən belələrindəndir. Sən lənətlənən yola get, o yolun keyfini yaşa peşmanlıq mərhələsi gələndə özünü danlamaqdansa, bir obraz yarat, günahlandır;
“Mənimlə bu fələyin bilməm iddiası nədir?”
Rəşad Dağlı yanlış səbəbkara yönəlmiş olsa da, bəlkə də ilk dəfə meyxananı narkotikdən arındırmaq üçün kəskin bir fikir dedi. Bu fikir də ona, demək olar ki, həyatı hesabına başa gəldi.
Keçək söyüşə… Daha doğrusu söyüş məsələsinə.
Belə deyim var, ilk dəfə söyən adam mədəniyyətin başlanğıcını qoyub: yəni daşı götürüb onu əsəbiləşdirənin başını yarmayıb, söyüb, ürəyini soyudub gedib işinin dalınca və beləcə bir mədəniyyət yaranıb, insan ölümləri azalıb. İllər keçdikcə isə, elə söyüşün özü də, daşdan betər bir silaha çevrilib, indi adamlar daşla baş yaranları bağışlayır, ancaq söyəni yox – bu da başqa bir mədəniyyətin başlanğıcıdır.
Problemin Rəşaddan birbaşa asılı olmayan digər tərəfi onun sənətinin elit forma ala bilməməsidir. Yəni bəzən bir gecəyə bir maşının pulunu qazanan adam bu qədər əlçatan olmalı deyil ki, ona yetən zəng eləsin, söysün, söhbətə çağırsın. Yəni Rəşad nəinki o mübahisənin iştirakçısı olmalı idi, heç onu söymək istəyən adam ona çata bilməməli idi. Axı Rəşad bu şəraiti özünəqura bilər! Onu söymək istəyən, söyən adamın səsi Rəşada çatmalı deyil ki, o da bu söyüşə reaksiya verə.
Hər adam potensial qatildir. Remark deyir ki, bu qatilin üzə çıxması üçün yaxşı bir səbəb, pis bir gün yetər.
Rəşad Dağlı üçün həmin səbəb 9 noyabr 2022-ci ildə yarandı.
Heç kəs qətldən sığortalanmayıb. Bəzən bizə gülməli gələn səbəblər kiminsə idealıdır, bizim də uğrunda ölümə gedəcəyimiz nəsnələr var ki, kimin üçünsə bahar yeli kimidir.
Rəşadın və məşhur meyxanaçıların əsas problemi onların məşhurluğu ilə əlçatanlığı arasındakı disbalansdır.
Meyxana yalnız bizə xas sənət olduğuna görə, onun beynəlxalq kriteriyaları yoxdur. Bizim öhdəmizə qalan sənətin kriteriyalarını isə özünüz düşünün. 70 il ömrü olan bir canlıya – insana qayğı göstərə bilməyən bir toplum, özünəxas sənəti necə yaşada, yüksəldə bilər? Çağdaş kütlənin sənətkarı elə Rəşad kimi davranmalı idi. Davranmasaydı, sabah ağzında qızıl tökülsə də, onun üzünə baxmazdılar.
Mən Azərbaycanda məşhur, istedadlı bir meyxanaçı tanımıram ki, o sənətkar kimi formalaşa bilsin.
Nəhəng meyxanaçılar arasında sənətlə vidalaşmaq, qocalıb dünyasını dəyişmək ənənəsi yaranmayıb. Onlar ya narkotikdən, ya həbsxanada, ya da qətllə dünyadan köçür.
Rəşad Dağlı çox istedadlı meyxanaçılar arasında hələ ən səliqəlilərindən idi. Bu günün meyxana lideri kimi gözləntiləri yüksəltmişdi.
Rəşad Dağlı və sələfləri öz ətrafında elə bir alovlu çəmbər qurub ki, bu çəmbər uzaqdan möhtəşəm bir tonqala oxşayır. Onlar bir neçə il tonqalın istsində oturur, keyf edir, ordan çıxmaq istəyəndə növbəti qurban alışır və öz bədəniylə tonqalın ömrünü uzadır. Bu tonqal heç vaxt ocaq ola bilmədi.
Rəşad bu gün onu söyən şəxsi vurmasaydı, öz qanunları onu yaşamağa qoymayacaqdı. O, bir daha mikrofon alıb qartallıq edə bilməyəcəkdi. Ona görə də Rəşadı son hərəkətinə görə qınamaqdansa, insanları bura qədər gətirən yolu qınamaq lazımdır. Bu yolun başlanğıcında işarə yoxdur. Problem nə bu yola girəndədir, nə də yolun sonundakı uçuruma yuvarlananda, problem yolun başlanğıcındadır.
Bəzi oxucular da var ki, Rəşadı qınayanları qınayır. Deyir, heç söyəni qınayan yoxdur. Bəli, adətən təqsir öldürülən adamda olur. Çünki heç kəs öz ömrü bahasına başa gələcək bir əməli durduq yerə etmir. Bu da ayrı da problemdir ki, 15 gün əvvəl həbsxanadan çıxan adam mübahisə zamanı öldürülür, bu adam həbsxanadan çıxan kimi ölümünə səbəb olacaq qədər ağır söyüş söyürsə, ölümə zəmin yaradırsa, demək, islah olmayıb. İslah olmayacaqdırsa, onu illərlə içəridə niyə saxlayırdılar?
Lakin bu gün böyük bir kəsim insanın Rəşadı qınamasının əsas səbəbi ondan olan gözləntilərlə bağlıdır. Onu qınayan hər kəs onun istedadına yanan adamlardır. O istedad sahibi həbsxanaya düşməli deyildi, özü də adam öldürdüynə görə. İnsanları yandıran budur: “16 yaşlı, burnufırtıqlı da söyüşə görə adam öldürür, milyonların sevimlisi Rəşad Dağlı da”.
Rəşadın əsas problemi söyüşə qədərki prosesin iştirakçısı olmasıdır. Bu problemi böyütmək, söyüş müstəvisinə gətirmək Rəşad Dağlıya yaraşmır. Yəni insanlar bu gün “Rəşad Dağlı söyüşə görə adam öldürməli deyildi” deyəndə, onu nəzərdə tutmur ki, Rəşad Dağlı söyülə-söyülə yaşamalı, cınqırını çıxarmamalıdr, onu nəzərdə tutur ki, Rəşad Dağlı söyülməli deyil, söyülsə belə ibtidai mədəniyyət daşıyıcısı olan həmin adamın səsi Rəşada çatmalı deyil.
Sərdar Amin, xüsusi olaraq “Qafqazinfo” üçün