Mürəkkəbliyin kimi idi görünüşün,- olub olmadığını hiss edə bilmirdim

Mürəkkəbliyin kimi idi görünüşün,-  olub olmadığını hiss edə bilmirdim

Bu şeirlər ədəbiyyatımıza yeni bir nəfəsin gəldiyindən xəbər verir. İstedadlıdır. Müşahidəsi, yaşantıları, hissləri gənc xanım şairin poetikasında çox gözəl ifadə edilir. Onun, Zərintac Rəncibərinin yaradıcılığı haqda ən doğru sözü elə onun şeirləri deyəcək…

 

Zərintac Rəncibəri

 

Yarımçıq şeir

 

Çox gözəl günlər var yaddaşımda

bir dəniz sahili, qayalıq

əncir mürəbbəsi

nənə evinin xalçası – naxışlı…

Vaxtında əzab kimi gələn şip-şirin günorta yuxusu,

Qonşu uşaqlarıyla sürə bilim deyə alınan

velosiped,

Günlərcə maşınla şəhər turu,

Gecənin bir yarısı dondurma yemək,

Sonsuz çəmənlikdə ata-ana,

yanaşı,

Çiçək toplayıb yanlarına qaçan qızcığaz,

Nağıl kimi günlər var yaddaşımda…

 

Hansı ara itirdim ən gözəl günlərimi,

Hansı günahımın bədəliydi,

bilmədim.

Burnumun ucu göynəyir hamısı üçün.

Qapımızdan oğurlanan velosiped kimi

Oğurlandı ən gözəl günlərim uşaqlığımdan.

Necə oldu,

bilmədim.

 

Gündoğumunu izləmələr vardı,

Səhərəcən sahilkənarı düşərgədə oynamalar.

Dostlar vardı,

Ailə-məişət qayğılarına qarışmamışdı başlar.

Bir-birimizin çiynində ağlayırdıq

qovuşa bilmədiyimiz sevgilərimiz üçün.

Halbuki necə də xoşbəxtdik, bilmirdik…

 

Rəngli mel qoxusu gəlir burnuma,

Sinif lövhəsində həll etdiyim misallar,

Dalanda çəkdiyimiz “klas-klas”,

Palçıqdan hazırlanmış dünyanın ən dadlı tortu,

Mətbəx oyuncaqlarını həyəcanla,

sevgiylə oynadanda

Başım dərsə və işə qarışmaqdan

mətbəxlə əlaqəsiz biri olacağımı bilmirdim.

 

“Aşağı ev” vardı

Nənəmin “çörək ocağı”

Bir gün orda son dəfə oynamışıq

və bunun heç kim fərqində olmayıb.

“Yanan ev”dən yığdığımız taxtalarla tonqal qalar

Şüşələrlə “yeddi şüşə” oynardıq

Həyətə gizlicə pişik dadandırar,

bütün dannaqlara rəğmən sığallayar, süd verərdik.

Saf idik, gözəl idik.

Məsum xəyallarımız,

heç kimə zərəri dəyməyəcək uca hədəflərimiz vardı.

 

Sonra anidən böyüdük,

uşaqlığımız da bu şeirtək yarımçıq qaldı…

 

Sənin qədər

 

Tutmadığımız sözlər qədər

önəmlidir bəzi şeylər.

Ehtiyac duyulduğu zaman

tutulmayan əllər qədər.

Kənardan xoşbəxt görünən

hər yaralı qədər acımasızdı bu yerlər.

Gedənlər yox,

unudanlar qədər vəfasızdı küçəmiz.

Aldanışım qədərdi

döngəmizdəki qoxun.

Kölgən kimi incə olmuşdu gedişin.

Kölgən qədər incə olmuşdu

həyata tutunuşum.

Varlığın qədər səssiz olmuşdu buralar,

yoxluğun qədər çılğın.

 

Anlamını bilmədiyim

cümlələr qədərdi çətinliklər.

Nə az, nə çox…

 

Mürəkkəbliyin kimi idi görünüşün,-

olub olmadığını hiss edə bilmirdim.

Bir pəncərəyə baxışın kimi qalmışdın yadımda.

 

Özüm qədər məchul idi oluşun,

Qəbullana bilmədiyim qədər idi vuruluşum.

Susduğum qədər idi sözlərim.

Sənin qədər idi hər şey

Tam sənin qədər…

 

Hallüsinasiya

 

Dostum, eşidirsən?

(Miqdarın fərqi yoxdu)

Sıxılıram…

Anlamını bilmədiyim duyğular içindəyəm.

Narahatam.

İçimdə ölmüş əjdahaların nərilti səsi,

Qurdların ulayışı var,

eşidirsən?

 

Eşitmə, dostum, eşitmə.

Ən az səninki qədər vahiməlidi dünyam.

Bu səslər qulaq batırır,

İnsanı lal edir.

 

Məni qara qutunun içindəki zindana həbs etdilər.

Bayırımda bayır yoxdu

Bayrağımda rəng…

“Sizin kənddə azadlıq var?”

Bilirəm,

Mən bu qədər “gülərkən” hardan çıxdı bu fikirlər?..

Elə məni də gülə-gülə məhv etdilər.

“Dostum, sizin kənddə demokrasiya var?”

Bu cəhənnəmdə əjdaha alovlarından başqa heçnə yoxdur.

Sevdiyim adam

qarşılıqsız sevir deyə əzab çəkir

Məni…

Mən sevmirəm dedikcə daha çox sevirəm.

Axı əjdahalar başa düşmür

duyğularımı dilə gətirməyi sevmədiyimi…

Dostum,

hamı özü üçün insanları qruplara ayırır:

Sevdikləri,

Sevmədikləri…

Mənsə ayıra bilmirəm,

Bəzən düşmənimə sarılıb

Sevdiyimə küsürəm..

 

Dostum,

Deyirlər sizin aləmdə söyüşə də hörmət edirlər?

Bizdə?..

Bizdə insanlar doğularkən sünnət olunur dillərindən.

Məktəblərdə səssizlik aşılanır hər kəsə.

Bu sükutun içindən sağ çıxanı

ölümsüz adlandırırlar

Və hələ əsrlərdir bu adı qazanan olmayıb.

 

Eşidirsən, dostum,

Bura çox sakitdir…

Eşitmə, dostum, eşitmə,

Bəzi səssizliklər sağlığa zərərlidir.

…….

Günlər gəlib

Bayramlar keçib

Mən sənsiz böyümüşəm

Doymamışam

Sənin əllərinin qırışı mənim alın yazım

Sənin gözlərinin nurunda sönüb bəxtim

Bilməmişəm.

 

Sığalına həsrət böyüdüyüm adam,-

Atam…

Neçə bayramlar keçdi əlini öpmədən,

Necə xoş günlər oldu,

Nələr keçdi başımdan,

Kimlər məni sənsiz gördü

Yadlar gəlib saçlarımın ucun hördü.

Bilməmisən…

 

Share: