Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 Zirvə Toplantısına ev sahibliyi etməsi və “Yaşıl Dünya naminə Həmrəylik İli”nin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Universiteti tərəfindən ölkəmizdə ilk dəfə olaraq simulyasiya layihəsi keçirilmişdir. 5 ali təhsil müəssisəsindən 30 tələbənin iştirakçı olduğu layihə çərçivəsində üç ay davam edən təlimlərdən sonra COP29 simulyasiyasının bu gün Zirvə Toplantısı keçirildi. Toplantıda Konfransın əsas iştirakçıları 15 dövlət, muşahidəçi statusuna malik 13 beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, eləcə də 2 media qurumunun təmsil edən tələbələr təmsil etdikləri tərəflərin adından məruzələr edərək müzakirələr apardılar. Konfransın əvvəlində çıxış edən Azərbaycan Universitetinin dekanı Xanım Quliyeva və universitetin kafedra müdiri, dosent Elvin Talışınski, eləcə də konfransın tərəfdası olan Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Əziz Əlibəyli Azərbaycan üçün COP29-un iqtisadi və siyasi əhəmiyyətindən, ölkəmizdə bu sahədə həyata keçirilən layihələrdən danışdılar. Sonra söz iştirakçılara verildi. Rəsmi və sərbəst olmaqla iki sessiyadan ibarət olan Zirvə Toplantısında ölkələr arasında ekoloji əməkdaşlıq, yaşıl enerjiyə və yaşıl iqtisadiyyata keçid, müharibələrin iqlim dəyişikliyinə təsiri kimi məsələlər müzakirə olundu. Konfransın sonunda Yekun Bəyanat qəbul edildi.
Qeyd edək ki, simulyasiyanın keçirilməsində əsas məqsəd dövlətlərin siyasi qərarlarının ətraf mühitə və planetimizə təsiri və nəticələri ilə bağlı biliklərin tələbələrə ötürülməsi, onlarda natiqlik, arqument formalaşdırmaq və debat aparmaq bacarıqlarının inkişaf etdirilməsi və qeyd olunan beynəlxalq tədbirlə bağlı tələbələrin məlumatlandırılması idi.

Share: