
Saday ŞƏKƏRLİ
QALSIN
Azmansan, vücudun gözləri deşir,
Dərmansız toxumsan, dənsən, buğdasan.
Sənə baxanların papağı düşür,
Hər yerdən görünən ucalıqdasan.
Amalın saflıqdır, andın müqəddəs,
Yediyin halaldır, haqq ilə təndir.
Sənə böhtan atan, şər atan hər kəs,
Bil, öz anasıyla zina edəndir.
Şəkərli, əlində yanmış siqaret,
Səsin nəğmə kimi ərşə ucalsın.
Sən haqq yolundasan, əl yelləyib get,
Qoy itlər hürüşə-hürüşə qalsın…
BİR DƏ GÖRÜRSƏN Kİ…
Niyə yaratmadın təzədən məni,
Tərgidə bilmirəm İnsan olmağı,
Nəyinə gərəkdir yetim vətənin,
Bir gül baxçasında yanıb solmağı?
.
Keçməz ərliyindən əsarətdə ər,
Tikandan döşəyi, daşdan balıncı.
Bir də görürsən ki, səni sevənlər,
Qəfil kürəyindən vurur qılıncı.
.
İlahi sevgidən məhrum bir kəsim,
Doğulmaz, ilantək çıxar bətndən.
İnsana xəyanət eyləyən kəsin,
Nəmi gözləyirsən məhəbbətindən?
.
Adam nə kölgədir, nə bir qaraltı,
Adını bir daşa yazdırın, getsin.
Meyit namazını qılmışam artıq,
basdırın bunu da, basdırın, getsin.
DAHA NƏ QORXUSU
Daha nə qorxusu, qana bələnmiş
dərin dəryalardan üzüb çıxmışın,
zərif ləpələri misralar kimi,
suların üzünə düzüb çıxmışın?
.
Göydə ulduzları yanaydı təki,
üzündən bəllidir ürəyindəki,
burulğan əlindən bir şahin təki,
işıq sürətiylə süzüb çıxmışın.
.
Qazancdır, alışıb tez qızmağı da,
çökürməz zəlzələ yalqız dağı da,
qazancdır, şərəflə uduzmağı da,
çirkin oyunlardan bezib çıxmışın.
.
Çəkin, kabab çıxar şair ətindən,
ürküşər qorxaqlar cəsarətindən!
Qonmağa yeri yox, öz orbitindən,
insanlıq himnini yazıb çıxmışın…
HAL ŞEİRİ
Riyazitək bax mənə,
Neçəyə oxşayıram?
Rəssam ol, gör kilimə,
keçəyə oxşayuram?
.
Fərq yox Antalya, Bakı,
Uydurur viski, rakı,
Zəlzələdən sonrakı,
Küçəyə oxşayıram.
.
Dərd məni burda bulmuş,
Qəribəm unudulmuş,
Ayı batmış, tutulmuş,
Gecəyə oxşayıram.
.
Gah uçulmuş körpüyə,
Gah yel qovan örpəyə,
Vətənsiz bir körpəyə,
Qocaya oxşayıram.
.
Çapdım ömür kəhəri,
Dəm gəzdim müxtəsəri,
İçəndə şir, səhəri,
Cücəyə oxşayıram…