1720-ci adam: Süleyman Rüstəm şeirimi adına çıxmışdı – Video

Tanınmış şair Şamxal Rüstəm haqqın dərgahına qovuşdu. Narahat bir ömür yaşadı. Şeirləri dil-dil gəzdi, ürəklərə sərinlik gətirdi. Sözlərinə yazılan mahnılar qulaqlara tez şatdı, ürəklərə hopdu, züm-zümə edildi və yaddaşlarda qaldı. Əsl şair ömrü yaşadı Şamxal. Uzun sürən xəstəliklə çarpışdı-çarpışdı və təslim oldu. Zatən həyatda çox şeylərə uduzmuşdu. Dost dedikəri haqqına girmişdi, işini, evini, səliqə-sahmanını əlindən almışdı. Nüfuzuna toxuna bilməmişdilər. Adı həmişə xoşluqla çəkilmişdi və çəkiləcək də. Nə yaxşı ki, bu dünyada Vasif Süleyman kimi bir oğul da var ki, Şamxalı həmişə yadda saxlamağa çalıçırdı və buna da nail olurdu.

5 il öncə Şamxal Rüstəmlə Axar.az saytı üçün elədiyimiz söhbətlə şairimizin xatirəsini əzüz tuturam, ona allahdan rəhmət diləyirəm…

“Belə qəmli dayanma” mahnısının müəllifi

Bəlkə də onu çoxları tanımır. Amma elə bir adam tapılmaz ki, onun sözlərinə yazılan mahnıları zümzümə edib, bu mahnıların ovsununu yaşamasın. “Belə qəmli dayanma”, “Gözləyirəm yolunu” və dövrünün başqa dillər əzbəri olan mahnıları bu gün də sevilə-sevilə dinlənilir.

Hələ illər öncənin çox populyar olan, hər kəsin ürəyinin tellərini oynadan “Tələbəyəm, hələ mehəm, bu günümə, sabahıma cavabdehəm” misraları ilə könülləri oxşayan mahnını necə, görəsən eşitməyən, eşidib sevməyən və eşidibsə, sevibsə unudan varmı?

Bu mahnının misraları gənclik illərimizin yaddaşına hakim kəsilməyibmi? Unutmuşuqmu bu sözləri? İnanmıram!

Hələ gənclik illərində şair dostlarına, eləcə də, kifayət qədər məşhur, tanınmış yazarlara bədahətən dediyi və dillər əzbəri olan həcvlər necə? Yaddan çıxırmı, unudulurmu? Müşahidələrim və apardığım kiçik sorğu birmənalı şəkildə “yox” deyir. Bəs özü niyə unuduldu, yaddan çıxdı, yada düşmədi? Bu suallarla onu axtardıq. Uzun axtarışlardan sonra telefon nömrəsini tapdım, sonra özünə darıdıq – Gəncədəymiş. Vədələşdik. “Bakıya gələndə zəngləşərik,- dedi. Ardınca: – Gəlməliyəm, həkimim dərmanlar yazıb, kurs müalicəm davam etməlidi,- deyəndə isə gələcəyinə arxayın oldum.

Yerlə göyün arasında…

Beləliklə “İtkin düşmüş” şair Şamxal Rüstəmlə “Axar.az“ın redaksiyasında görüşdük. Yaşı altımışı keçib, amma daha yaşlı görünür. Utancaq görünüşü var. O qədər yavaş danışır, sanki kimisəni narahat etmək istəmir. Salam-kalamdan sonra soruşur:

– Faiq, nə məsələdi? Səndən sonra Vasiflə danışdım, amma bir söz demədi. Dedi, axtarırsa, görüş də…

– Şamxal bəy, çoxdandır görünmürsüz, haralardasız?

– Yerlə göyün arasında…

– Yerlə göyün arasında bir yer tapa bilmirsiz?

– Belə də, hər halda ürəkaçan yer deyil bu aralıq qalmaq üçün…

– Nə işlə məşğulsuz?

– Heç bir işlə, həkimlərə dostluq edə-edə yaşamaqla məşğulam.

– Demək işləmirsiz, bəs necə dolanırsız?

– Əvvəllər radioda işləmişəm, indi ta işləmirəm. Pensiya alıram. İkinci qrup əliləm.

– Demək olar ki, dərc olunmursuz, heç olmasa yazırsızmı?

– Hə, son vaxtlar çox az dərc olunuram. Heç yerə getmirəm axı. Amma yazmağına, yazıram. Yazıb atıram, qalır. Amma özüm heç yerdə çap olunmuram.

– Şamxal müəllim, siz kifayət qədər tanınan şair olmusuz. Şerinizin birində dediyiniz kimi, sizi kimin qarğışı tutdu? Bəlkə siz özünüz özünüzə qənim kəsilmisiniz? Dostlardan, ədəbi mühitdən uzaq düşmüşünüz? Nəyə görə belə edirsiniz, bəlkə bir incikliyiniz var?

– Xeyr, qarğış-zad da tutmayıb. Mən elə doğulandan beləyəm. Elə deməzdim. Heç kimdən incikliyim də yoxdur. Yaşamağım elə dostlarım və dərmanların hesabınadır, – stolun üstündəki dərman dolu selafon torbanı göstərir.- Dərmanlar acıdır, amma həyata qaytarır, ağrılarımı azaldır.

Heç vaxt könül qırmamışam

– Şeirləriniz əsasən gənclərin cib dəftərçələrində olardı. Bu şeirlərlə könül alıb, könül qıranlar çox olub. Bəs siz özününüz necə, çox qızların könlünü qırmısınız?

– Heç vaxt könül qırmamışam. Başımı əyib, özüm üçün yazmışam. İndi də elə. Yazmaqla içimi boşaldıram. Heç vaxt çap olunmaq arzusu ilə yaşamamışam. Dostlarım sağ olsun, şeirlərimi dildən-dilə yayıblar…

– Bəlkə, elə dərc etdirmədiyinizə görə də bəziləri şeirlərinizi öz adına çıxır? Yaxşı ki, Vasif Süleyman şeirlərinizi toplayıb dərc etdirir, sizin müəlliflik hüququnuzu bərpa edir.

– Yox, elə şey olmayıb. Olub e, səhvən, nə bilim, nə təhərsə olub… 1982-ci ildə mənim şeirimə “Elə qəmli dayanma” mahnısı yazıldı. Yəqin indi çoxdan unudulub. Bəlkə də yox. Bax, həmin mahnının sözləri elan ediləndə başqa birinin adı çəkilmişdi.

Süleyman Rüstəm deyib ki, o şeiri gənclik illərimdə yazmışam

– Kim idi o?

– Süleyman Rüstəmin adı ilə getmişdi. Bu rəssamın səhvindən olub. O da yəqin məni tanımırmış, ona görə. Ş.Rüstəm yazılıb, fikirləşib ki “Ş” olmaz, “S” olar. Süleyman Rüstəmə zəng vurub təbrik ediblər ki, çox gözəl mahnıdır, onunsa cavabı maraqlı olmuşdu. Demişdi ki, yadıma gəlmir, yəqin gənclik illərimdə yazmışam. Onda gənc idim. Radioda işləyirdim. Sonra Gəncə-Qazax zonası üzrə müxbir oldum. O vaxt zonalar ləğv olundu. Bütün zonalar, müxbir ştatları ləğv olundu. Qaldıq işsiz. Mahnılarım isə çoxdur. Manana “Gözləyərəm yolunu” oxuyur. Heç adımı da demirlər. Floranın ifasında da mənim mahnılarım səslənir. İndi o mahnıların hamısı fonddadır.

– Hər dəfə oxunanda qonorar alırsınız?

– Xeyr, bir dəfə o vaxt verdilər. Amma əvvəllər çox alardım. Hər radioda, televiziyada, konsertlərdə, zəhmətkeş qarşısında, kolxoz-sovxozda oxunanda qonorar yazılardı. Onda hər şeyin yiyəsi, işini bilən vardı. Sonra çağırıb bir dəfəlik 5-10 şirvan verib elədilər fondun mahnısı…

– Deyəsən gənclik illərinizdən elə adamayovuşmaz olmusuz, kimlər idi sizin daha çox ünsiyyət qurduğunuz dostlar?

– Adamayovuşmaz deyiləm ki… Adamın gərək öz babı ola. O dövrlərdə Siyavuş Sərxanlı, Nüsrət Kəsəmənli, Musa Ələkbərli ilə tez-tez görüşərdik.

– Rayonda vəziyyət necədir? Dolanışıq mümükündür?

– Elə burdakı kimi. Bilirsən də mən indi Şəmkirdə – Dəllər qəsəbəsində yaşayıram. Elə orda da doğulmuşam. Allaha şükür övladlar, xeyli nəvələr. Yaşayırıq da,– siqaret yandırır. – Həkim bu gün mənə deyir ki, yenə siqaret çəkirsən? Dedim hə… Dedi, axı sənə siqaret çəkmək olmaz. Bir vaxtlar daha çox içib-çəkirdim. Sonra dayandırdım. Artıq bunlardan uzağam. O vaxtlar buna alışmışdıq (boğazına çırtma vurur. – İçkini nəzərdə tutur).

Fərman Kərimzadə dedi ki, Hikmət Ziya təmsili bronlayıb

– Musa Ələkbərli ilə bağlı xatirələriniz çoxdur, deyəsən yaxın dost olmusunuz…

– Bəli, daim birlikdə gəzirdik. O, çox yaxşı şair və dostdur. Musa ədəbiyyatı qurtarıb, mən isə jurnalistikanı. Əvvəllər mən təmsillər yazırdım. Amma Fərman Kərimzadə məsləhət gördü ki, şeir yazam. “Təmsillə sən heç vaxt şair kimi imzanı tanıda bilməzsən, Hikmət Ziya oranı bronlayb”,– dedi. O, məni şeirə istiqamətləndirdi.

Sovet hakimiyyəti dağıldı, amma kitabım çıxmadı…

– Nə vaxt ilk kitabınız çıxdı?

– Kitablarımın hamısını özüm nəşr etdirmişəm. Publilistika, Şəhidlər haqqında… Şeirlər. Sovet dövründə şeirlər kitabım nəşr olunmalı idi “Gənclik” nəşriyyatında. İlyas Tapdıq kitabımın çıxacağını desə də, o vaxtdan gözüm nəşriyyatlardadır, Sovet hakimiyyəti dağıldı, amma kitabım çıxmadı…

– Gəldiniz Bakıya oxumağa. Təhsil aldınız, qazandığınız, tapdığınız, itirdiyiniz nə oldu?

– Qazandığım, bir ev oldu. Amma çox şey itirdim. Sağlamlığımı itirdim, dostlarımdan, ailəmdən uzaq düşdüm. Həmişə ailəm mənim üçün narahat olurdu. İndi 25-30 yaşım olsaydı, daha çox şeylər əldə edə bilərdim. Mən özüm də hiss edirəm ki, artıq yaş yetişib. Fikrim rayona getməkdir. Qazandığım dostlarım oldu. Onlar da yoxa çıxır, bəziləri dünyasını dəyişdi, bəziləri də yeni dünyaya alışdı. Qaldım göylə yerin arasında. Səhhətimdə problemlər var, həkimlər dərman yazır, mən də pensiyamı verib alıram… İtirdiklərimi saymaq istəmirəm…

Məni Məmməd İsmayıl işdən çıxartdı

– İtkilərdən danışdınız. Dediniz sağlamlığınızı, iş yerinizi itirdiniz. Getdiniz rayona işlədiniz. Sonra ixtisara düşdünüz. Necə oldu?

– O vaxt hamını ixtisara saldılar. Məmməd İsmayılın dövrü idi. Cəbhə dövrü idi də. Malik Fərrux tələbə dostumuz Yunis Hacıyevin işdə qalması üçün Məmmədd İsmayılın yanına giribmiş. Məmməd qağa demişdi ki, bir də belə bir xahişlə gəlsən, sən də ərizəni yaz çıx işdən.

– Neçə şeiriniz olar?

– Saymamışam. Yazıram, qalır. Dərc olunan olunur, dərc olunmayan qalır.

– Bəlkə ona görədir ki, sizin bəzi şeirlərinizi öz adına çıxanlar olur.

– Olmaz elə şey, adam başqasının əməyini öz adına necə çıxa bilər?

Dəmir Gədəbəyli hansı şeir xoşuna gəlirsə, mən yazardım, deyir

– Məsələn mənə bir bəstəkar sizin “Bilsəydim məni kimin qarğışı tutdu” şeirinizi Dəmir Gədəbəylinin adından deyib və iddia edirdi ki, Dəmir müəllim bu şeiri onun yanında öz şeiri kimi təqdim edib.

– Dəmir elə eləməz. Bilirsən, o vaxt Dəmirlə birlikdə işləyirdik. Onda bir xasiyyət var, hansı şeirdən xoşu gəlirdisə, onu mən yazardım deyirdi. Bir dəfə mənim şeirlərim üçün də elə demişdi. O, şeirimi isə çox sevirdi, elə bil mənim taleyimi yazmısan, deyirdi.

– Tələbəlik illərindən şair kimi tanınırdın. Elə bir “Tələbə” şeiriniz sizin poeziyanın möhürbəndi oldu desək, yanılmarıq.

– O vaxtı “Tələbə” mahnımın məşhur olması belə oldu da… Belə ki, tələbələr arasında müsabiqə keçirilirdi, qərara alınmışdı ki, kimin şeiri yaxşı olsa, onun da şeirinə mahnı yazılacaq. Elə də oldu. Ən yaxşı mənim şeirim sayıldı. Şeirimə mahnı bəstələndi. Müsabiqəyə hardasa 25-ə yaxın şeir təqdim olunmuşdu. Tələbələr idi hamısı. Sonra televiziyada həmin qalib şeir səslənəcəkdi. Mən çox istərdim ki, öz ifamda təqdim olunsun o şeir. Amma Həsən Kərimov var e, sonralar Səbaelin İcra Başçısı da işlədi, onun indi həyat yoldaşı olan tələbə yoldaşımız oxudu.

– Niyə özünüz oxumadınız ki?

– Mən özümü televiziyaya çox adaptasiya edə bilmirdim. Çünki fotogenik deyiləm deyirdilər. O vaxt görkəmə hədsiz üstünlük verirdilər. Şair olmasından asılı olmayaraq,- deyir və utancaq şəkildə əlini salavat çevirirmiş kimi sifətində gəzdirir,- dedilər, qəşəng deyilsən, sifətin yaraşıqlı deyil…

– Dostlarınız sizi unutmur ki?

– Xeyr, tez-tez gəlirlər, daim xatırlayıb, yada salırlar. Açığı, yaşamağımda köhnə və yeni dostların dəstəyi var. Mənəvi dəstəyi… elə maddi dəstəyini əsirgəməyənlər də olur, amma mən razı olmuram.

– Bəs sizin necə, unutduqlarınız varmı?

– Mən neynəmişəm özüm-özümə eləmişəm. Həmişə özüm-özümü günahlandırıram. Tənbəllik ucbatından dayandırdım hər şeyi. Heç buna tənbəllik də deməzdim e… nə bilim. Mənə bax, redaksiyaya mane olmuruq ki, söhbətimizlə? Adam utanır e, müsahibə verməyə, nə etmişik axı. Vallah, arada fikirləşirəm ki, mən necə oldu bu dərdlərlə 60 yaşı adladım bəri tərəfə… Belə bir şeir yazmışdım:

Deyirdim bu dərdlər öldürər məni,

Ürəyim dərdlərdən böyükmiş demə….

Öldürə bilmədi dərdlərim məni, – inan, yadıma sala bilmirəm şeiri, amma hər gün bunu dilimin ucunda gəzdirirəm, özüm-özümə hesabat-sorğu verirəm…

Heç vaxt xalq şairi olmaq istəməmişəm

– Şamxal bəy, xalq şairi olmaq istəmisiniz?

– Heç vaxt. Əvvəllər bəlkə də ola bilərdi ki, belə fikir beynimdən keçsin, indi isə əsla. Məndə çap olunmaq sevinci kimi hisslər yoxdur artıq. O vaxt olsaydı, bəlkə də, amma indi içimdə bu cür arzu yoxdur. Xalq şairi olub da neynəyəcəm? Onda xalq axtarıb məni tapacaq, şeirimi əzbərləyəcək? Sən Məmməd Araza, Sabir Rüstəmxanlıya, Zəlimxan Yaquba baxma, onları xalq bu adsız da sevib və sevəcək. Camaat xalq şairlərindən qaçır… Bilirsən, sevinc öz vaxtında gələndə yaxşıdır. Hətta mənim “Məni tələsdirməyin” adında şerim də var. Heç vaxt tələsməmişəm nəyəsə. O dövrdə olan yaxşı hər şeyə indi baxanda görürəm ki, heç də yaxşı şey deyil.

– O vaxtlar mahnılara, dərc olunan şeirlərinizə görə qonorar alırdınız. Sizcə, Yazarlar Birliyində vəziyyət necədir? Əvvəlki səmimiyyət qalıbmı orda?

– Olan şey qala bilər. Amma o vaxt gənc yazarlara qayğı var idi. İstəyirdilər ki, kimsə üzə çıxsın. Diqqət çox böyük idi. Ev verirdilər, yaradıcılıq ezamiyyətinə göndərirdilər, çox şey vardı… O vaxt birliyə Mirzə İbrahimov rəhbərlik edirdi.

Osman Sarıvəllidən o vaxtdan bəri cavab gözləyirəm

– O vaxtlar AYB-nin üzvü oldunuz?

– Yox, əşi. Üç ildir ki, AYB üzvüyəm. Birlikdə 1720-ci adamam. Mənim o birlikdən inanın ki, heç “kartoçkam” belə yoxdur. Onlar özləri mənim ora üzv olmağımı istədilər. Mən heç vaxt üzərinə düşmədim. O vaxtlar istəmişdim, mane olmuşdular, amma kimin adamı vardısa, elə o zaman da zəmanət–zad yazdırıb üzv olurdu. “Kartoçka”mı hazırlamaq üçün şəklimi isə Vaqif Yusifli məndən məcbur aldı. Sonra biletimi gətirdi.

– Deyirsiz ki, gərək adamın olaydı? Bəs, yazıların bədii səviyyəsi, buna fikir vermirdilər?

– Verirdilər. Adamın olaydı ki, təqdim edəydilər də, onlar da bədi keyfiyyətə fikir verəydilər. Ya da gərək üzlü olaydın, soxula biləydin. Mən acizəm də elə şeylərdə… AYB-yə üzv olmaq üçün göndərmişdilər ki, Osman Sarıvəli yazıarıma baxsın. Gəldim və Osman Sarıvəllidən o vaxtdan bəri cavab gözlədim. O, kitabımı “Gənclik” nəşriyyatına göndərdi, Əzizə Əhmədovanın yanına. Onda o, nəşriyyatın direktoru idi. İlyas qağa da baş redaktor. Nəşriyyat məni çox yubatdı. Elə deyirdi ki, bu gün-sabah… Sonda artıq yoruldum. Bir dəfə Sabir Rüstəmxanlı mənə dedi ki, sənin kitabın çıxır. Bəs mənə niyə deməmisən? Sevinirdi o da, məni təbrik etdi. Amma kitabım çıxmadı. Kitablar isə ard-arda çıxırdı…

Valideynlərimə paxıllıq edirdilər

Yarımçıq qalan arzularım o qədər maraqsızdır ki… o vaxtlar kənddə valideynlərimə paxıllıq edirdilər ki, oğlu getdi Bakıya, ali məktəbə qəbul oldu. Mən şeir yazmağa başlayanda hələ orta məktəbdə oxuyurdum.

1970-1971-ci illərdə rəhmətlik Siyavuş Sərxanlı Tofiq Bayram, Sabir Rüstəmxanlı ilə birlikdə olurduq. Siyavuşla Sabir bizə tez-tez gəlirdi. İlk şeirm isə ikinci kursda oxuyanda dərc olundu. “Ədəbiyyat və İncəsənət” qəzetində. Uşaqlar məni təbrik edir ki, şeirim çıxıb. Mən təəccübləndim ki, nə tez çıxıb belə. Məmməd Araz şeirimi bəyənibmiş, deyib ki, bu şeiri olduqca tez verin. Radiodan, televiziyadan yaxşı qonarar alardım. Mən tələbə vaxtı indikindən daha çox pul qazanırdım… Pulun böyük əksəriyyətini dostlarla xərcləyirdik. Daha sonra evləndim, övladlar-filan…

– Övladlara yurd-yuva sala bildinizmi?

– Mən burda tək yaşayırdım. Sonra ata-anam rəhmətə getdi deyə mən rayona getməli oldum. Bakıdakı beş otaqlı evimi isə övladlarıma təhvil verdim. İndi qızlar köçüb gedib, evdə isə iki oğlum yaşayır. Övladlarımdan biri türk vətəndaşı ilə ailə qurub.

– Birdən fırlandı hər şey gəlib 70-ci illərə düşdü. Oxucu sevgisi qazandınız. Əvvəllər olduğu kimi. Əvvəllər sizə paxıllıq edirdilər?

– Bilmirəm. Amma paxıllıq edənlər var idi, təbii ki… Bunu hər növbəti şeirimdə hiss etmək olurdu. Amma paxıllıq edənlər əsla hiss elətdirməzdi.

– Hazırda çağdaş ədəbiyyatını bəyənirsinizmi?

– Mən artıq mütaliədən uzağam. Həvəsim qalmayıb. Arada gəncləri oxuyuram.

– Bəs nəyə həvəsiniz var?

– Sadəcə, dostlarıma can sağlığı arzulayıram.

Faiq Balabəyli

Share: