20 iyun Ümumdünya Qaçqınlar Günüdür.
BMT-nin açıqlamasına görə, hazırda dünyada 15.4 milyon insan qaçqınlıq həyatı yaşayır və onların sayı artmaqda davam edir.
Qaçqınların ümumi sayının dörddə birindən bir qədər çoxu isə üç ölkəyə – Pakistan, İran və Suriyaya aiddir.
Beynəlxalq hüquqa görə, qaçqın statusunu itirən hallardan biri digər ölkənin vətəndaşlığını qəbul etməkdir. Hazırkı şəraitdə bu şəxslər beynəlxalq aləmdə qaçqın kimi tanınmırlar.
Qaçqın o şəxsdir ki, vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmir. İrqi əlamətinə, milliyyətinə, müəyyən sosial qrupa mənsubluğuna, siyasi əqidəsinə və dini etiqadına görə təqiblərə məruz qalır.
2000-ci ildə BMT-nin Baş Məclisi 20 iyun tarixini Ümumdünya Qaçqınlar Günü kimi müəyyən edən xüsusi qətnamə qəbul edib. Qətnamənin qəbulunda məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaqdır.
Azərbaycan xalqı bir əsrdə dörd dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb. Sonuncu dəfə isə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub.
Ermənistan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsini zorla boşaldıb. Məhz bu dövrdə XX əsrin ən faciəli hadisələrindən biri törədilib – altı min azərbaycanlının yaşadığı Xocalı şəhəri bir gecədə darmadağın edilib.
Beləliklə, Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, Dağlıq Qarabağdan, ətraf rayonlardan, həmçinin, Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerindən məhrum olaraq respublikanın 62 şəhər və rayonunda məskunlaşıb.
Hərbi təcavüz nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfər yaralanıb, 50 min insan müxtəlif dərəcəli xəsarət alıb. Hazırda Azərbaycanda 1 milyon 200 mindən çox qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində olan şəxs var.