Azərbaycanın azadlıq uğrunda mübarizə tarixinin ən qanlı səhifəsi olan 20 Yanvar faciəsindən 30 il sonra ölkəmiz erməni işğalında olan torpaqlarını azad etdi. Bu zəfər həm də 20 Yanvar şəhidlərinin qisasını aldı. Məhəmməd Nərimanoğlu və Bilal Ənsərin tərtib etdiyi kitabda həmin faciənin nəticələri belə qeyd olunur: “Qanlı şənbə gecəsində 131 nəfər qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 321 nəfər itkin düşmüş, 841 nəfər həbs edilmişdir”. Bu tarixi faciə Azərbaycanın müstəqillik dövründə yaranan bədii əsərlərinin də mövzusu oldu. Poeziyanın, xüsusən də poema janrının 20 Yanvar qırğınına həssas münasibəti bu günə qədər davam edir. Qabilin “Mərsiyə”, Məmməd İsmayılın “Bu qan yerdə qalan deyil” şeirlərindən başqa, poema janrında da diqqət çəkən əsərlər yazıldı. Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Hüseyn Arifin “Ülvi”, Adil Cəmilin “Qan borcu”, Məmməd Aslanın “Ağla, qərənfil, ağla”, Yusif Nəğməkarın “Şər şənbə”, Əhməd Qəşəmoğlunun “Cavanşir”, Əbülfət İslamın “Şəhid sevgililər” və digər poemalar sübut edir ki, janr həmin mövzuya necə həssaslıqla yanaşıb.
Məmməd Aslanın “Ağla, qərənfil, ağla” əsəri müəllifin müxtəlif kitablarında işıq üzü görsə də, ilk dəfə ayrıca kitab halında 2014-cü ildə nəşr edilmişdir. Əsər haqqında ayrıca məqaləmdə qeyd etmişdim ki, bu əsəri həcminə və problematik yükünə görə poema kimi təqdim edə bilərik. İlk baxışdan lirik bəndlər toplusu kimi görünən əsər özünəməxsus daxili süjetə malik poemadır, əsərdə ciddi süjet xəttinin izlənilməsi epik hadisələri sərgiləyən lirik poemanın əlamətləridir.
Yusif Nəğməkarın on altı yarımbaşlıqlı “Şər şənbə” poeması haqqında da ayrıca məqaləm vardır. Poemanın bədii sanbalı haqqında akademik İsa Həbibbəyli yazır: “Yusif Nəğməkarın “Şər şənbə” poeması müstəqillik dövrü Azərbaycan ədəbiyyatında xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından sonra “qara yanvar-şəhidlik” mövzusunda bu janrda yazılmış ən yaxşı bədii əsərdir”. Qeyd edək ki, bu əsərdə Yusif Nəğməkar Bəxtiyar Vahabzadənin “Şəhidlər” poemasından sitatlar da verib.
Ayırıca söhbət açmaq istədiyim poemalar Əhməd Qəşəmoğlunun “Cavanşir” və Əbülfət İslamın “Şəhid sevgililər” poemalarıdır. Əhməd Qəşəmoğlunun “Cavanşir” poemasının qəhrəmanı Cavanşirdir. Poemada Cavanşirin özü kimi cəsur sevgilisi Humayla birgə düşmənlərə qarşı mübarizəsindən bəhs edilir.
Poemanın “20 Yanvar” adlı hissəsində həmin faciənin bütün gerçəklikləri təfsilatı ilə verilir. Yanvarın 19-da axşamçağı bir qrup gəncin Biləcəri yolunun üstündə ocaq qalayıb Bakıda baş verən hadisələri müzakirə etməsinin təsviri ilə əhvalatlar davam etdirilir. Sonra televiziyanın partladılmağı, Bakı kəndlərindən sovet tanklarının hücuma keçməsi bütün detalları ilə göstərilir. Sovet ordusunun vəhşiliyi nə qədər realistcəsinə təsvir olunursa, Azərbaycan xalqının mətinliklə mübarizəsi bir o qədər dəqiqliklə təqdim edilir. “Şanlı” ordu hesab etdikləri sovet ordusunun öz vətəndaşlarını qanlarına qaltan edəcəyinə inana bilməyən insanlar yaralı halda digər yaralılara kömək etmək istəyəndə tankların onların üstünə sürülməsi vəhşiliyin nümayişi kimi əksini tapır.
Bu dəhşətin ictimaiyyətə başqa cür çatdırılmağı poemada real cizgilərlə əks olunub. Kremldəki qoşunbaşının Bakını azad etdiklərini bəyan etməsi əsərdə ifadəsini belə tapır: “…zırıldadı Moskva televizorları: – Bakıda bir dəstə narkoman, avara insanlar rusları, erməniləri qırmaq istərkən qarşısını aldı rəşadətli sovet əsgəri…” Bütün bunlar yaxın tarixin şahidi olduğumuz həqiqətləridir. Həmin həqiqətlər barəsində nə qədər çox təbliğat aparılsa da, cəzasını almayan cinayətkarların qalmağı, azğınlaşmış cəlladlara qarşı ikrah hissinin aşılanmağı və mübarizlik ruhunun yaşadılması əsərin əsas leytmotivini təşkil edir.
Bununla belə, son dərəcə publisistik dildə yazılmış əsərdə müəllif sanki baş verən hadisələri nəsr şəklində nəql edir. Qafiyələrə az hallarda rast gəlinir, konkret hadisə canlandırılsa da, əsər ümumilikdə epik səciyyədən uzaqdır. Poemada daha çox faciənin ağırlığı və nəticələri barədə düşüncələr lirik planda təqdim olunur.
Əbülfət İslamın “Şəhid sevgililər” poeması isə 20 Yanvar qırğınının şəhidləri İlham və Fərizənin nakam həyatlarına həsr edilib. Poemada İlhamın dünyaya gəlməsi, uşaqlıq illəri, Fərizə ilə tanışlığı, toylarının olmağı, müstəqillik uğrunda mücadiləsi, şəhid olmağı və Fərizənin buna dözməməyi həm real cizgilərlə, həm də bədii təfəkkürün gücü ilə ifadəsini tapmışdır.
Poemada eyni zamanda İlhamın atası Əjdər kişinin, anası Ofelya xanımın, nənəsi Qızqayıt nənənin, qardaşı Elxanın, bacıları Tofiqə, Rəsmiyə və Gülbənizin də obrazları canlandırılmışdır. Həmçinin Fərizənin və onun atası Çoban kişinin, anası Bağda xanımın da dolğun obrazları əksini tapmışdır.
Ermənilərin Topxana meşələrində zavod tikmək, Qarabağı ələ keçirmək istəyi baş qaldıranda buna etiraz olaraq Azadlıq meydanında yüz minlərlə insanın gecələməsi poemada tarixin bədii inikası fonunda yazılmışdır. “On doqquz yanvar günü, Gecə saat on birdi. Top səsləri Bakının, Dincliyini itirdi” – sətirlərində həmin məşum gecənin həqiqi faktları sadalanır. Müəllif xalq qırılan zaman İlhamı evin içində saxlamaq mümkün olmadığını “O elə sevirdi ana vətəni, İlham şəhid oldu Vətəndən ötrü” – kimi misralarda vurğulamışdır.
Fərizənin isə İlham gedəndən dinməməyi, quruyub heykələ, lala dönməyi sadəcə bir gənc ailənin faciəsi kimi deyil, ümummilli bir burulğanın təzahürü olaraq ifadə olunub. Bu mövzuda yazılmış digər poemalar kimi, “Şəhid sevgililər” əsərində də xalqımızın apardığı ümummilli mübarizənin bədii əksi verilmişdir. Təhlil etdiyimiz poemalardan da göründüyü kimi şəhidlərə həsr edilmiş əsərlərdə əsas mətləb milli mübarizənin qələbəsini nümayiş etdirmək olmuşdur.
Gülnar Səma
Müstəqil.Az