20 Yanvarda dənizçilərimizin ruslarla döyüşü – Şahid kapitan

20 Yanvarda dənizçilərimizin ruslarla döyüşü – Şahid kapitan

Tariximizin səhifələrinə qara hərflərlə yazılmış 20 yanvar faciəsindən iyirmi dörd il keçməsinə baxmayaraq, lent kimi gözümüzün qabağından çəkilməyən o gecəyə “Şahid gecə” də demək olardı, “Şəhid gecə” də…

O gecə və o gecənin səhəri Azərbaycan xalqı özünün əbədi birliyinə nail oldu. Yüksək kürsülərdən, qəzetlərin səhifələrindən, radio və televiziyadan “gəlin birləşək” kəlməsi nə qədər ucuz səslənirdisə də, bunun əksinə olaraq həmin qara yanvar gecəsi bu xalq özünün birliyinə nail ola bildi. Bakıda axıdılan günahsız qanlara özü qan içində boğulan Qarabağ, Mil, Muğan, Şirvan, Cənubi Azərbaycan, Türkiyə, bütün dünya azərbaycanlıları və müsəlmanları öz dərdi kimi yanaşdı. Azərbaycan radiosu və televiziyası terrorun qurbanı olub partladılan vaxt Şuşa televiziyası bütün Azərbaycana bu dərdin böyüklüyünü çatdırdı, xalqı səbrli, təmkinli, eyni zamanda mübariz olmağa çağırdı. Şuşa televiziyası susdurulanda Lənkəran televiziyası xəbər yükünü öz çiyninə götürdü.

Kim necə bacardısa, öz vətəndaşlıq borcunu həyata keçirdi. O gecə azadlığımız uğrunda şəhidlik zirvəsinə və müstəqilliyimizə gedən yolun başlanğıcıdır. Və həmin yolun başlanğıcından iyirmi dörd il keçəndən sonra o günləri yaddaşımdan bircə an belə çıxarmadım. Sovet imperiyasına, dost kimi tanıdığımız düşmənlə Bakı buxtasında ölüm-dirim savaşına çıxan, faciəmizi ilkin olaraq dünya ictimaiyyətinə çatdıran, heç kəsin xəyalına belə gətirmədiyi qəhrəmanlıq göstərən, şəhərdəki qırğınların qarşısını öz etiraz aksiyaları ilə alan dənizçilərimiz oldu. Qan dolu gecənin səhəri hüzn və matəm içərisində olan bakılıların ürəyində umid işığı yandıran, gecə ikən Bakı buxtasını mühasirəyə almış hərbi gəmilərin hərəkətinə yol verməyən, Sovet ordusunun törətdiyi amansız qırğın və vəhşiliyi bütün dünyaya çatdıran Xəzər Dəniz Neft Donanmasının dənizçiləri oldular…

“Qeyrətli qardaşlarımız, ümidimiz sizədir”

“Xəzər Dəniz Neft donanması” idarəsinin 100-ə yaxın gəmisi yanvarın 20-də, günün ikinci yarısı Bakı buxtasında idi. Onların aramsız həyəcan siqnalları şəhidlərimizi son mənzilə yola salana qədər və ondan sonra da davam etdirildi. Sahildən dənizçilərə zənglər olunurdu: “Bizim qeyrətli qardaşlarımız, ümidimiz sizədir”.

Bütün dünya Azərbaycandan danışır. Və bütün danışıqlar da yalanla, iddia ilə dolu idi. Dənizçilərin verdikləri “SOS” isə həqiqəti dünyaya çatdırdı. Dənizçilərin dilində “ölüm dəqiqələri” deyilən bir termin var: hər saatdan bir üç dəqiqə bütün dünyanın dənizçiləri yeni məlumatlar alırlar. Yanvarin 20-dən 21-nə keçən gecə də 4 dəfə təkrar olunan “SOS”un ilk mətninin bəhrəsini dənizçilər bir saat sonra gördülər. Əvvəl Kalininqraddan, Qara dənizdən, Baltik dənizdən verilən radioqramlarda deyilirdi: “Bratçı, derjites. Naviqasiya net, mı ne smojem plavat v Kaspi”. Səhərə yaxın isə dünyanın 50-dən artıq ölkəsinin Sakit və Atlantik okeanlarında üzən gəmiləri dənizçilərimizin səsinə səs verdilər, onlarla həmrəy olduqlarını, dərdlərinə şərik çıxıb məlumatın bütün dünyaya yayılmasına kömək edəcəklərini bildirdilər. Bu, tarixdə dünya dənizçilərinin görünməmiş həmrəyliyi günü idi. Həyat tərzləri, sosial qayğıları eyni olmayan dənizçilər ağır gündə birləşməyin mümkünlüyünü bir daha sübut etdilər.

Faciənin başladığı gün…

Yanvar ayının 19-u saat 22:30 olardı. Gəmini lövbərdə saxlayıb kapitanla, onun baş köməkçisi Saleh Nuriyevlə sabah görəcəyimiz işi planlaşdırırdıq. Mən radio vasitəsi ilə Bakıda qırğın olduğunu eşidib kapitan körpüsünə qalxdım. Eşitdiyimi hava telefonu vasitəsiylə “Neft Daşları” nın ətrafında olan gəmilərə çatdırdım. Vaxt itirmədən hadisəni bütün təfsilatı ilə öyrəndik və telefonla yaxındakı gəmilərin kapitanları ilə məşvərət keçirildi. Son vaxtlar paytaxtımızdakı siyasi gərginlik, radiodan verilən məlumatın dəqiqliyi bizi vadar etdi ki, sahilə qayıdaq. Bakı buxtasına yanvarın 20-si saat 11:00-da çatdıq. Buxtanı “Xəzər Dəniz Neft Donanması” idarəsinin gəmiləri mühasirəyə almışdı. Qərargahdan – “Sabit Orucov” gəmisinin kapitanı Mövlud Əliyevdən tapşırıq alıb müəyyən olunan nöqtədə durduq. Hərbi gəmilərin hərəkətinin qarşısını, demək olar, tamamilə almışdıq.

Yanvar hadisələrində “Sabit Orucov” gəmisinin kapitanı Mövlud Əliyev, “Şirvan-2” gəmisinin kapitanının baş köməkçisi Ağalar İbrahimov, “Vodoley-4” gəmisinin kapitanı Murad Əliyev, “Neftqaz-60” gəmisnin kapitanı Rövşən Dəmirov və bir çoxları daha fəal idilər. Onların təmkinli, ağıllı məsləhətləri ilə 100-dən artıq gəminin hərəkətləri elə muəyyənləşdirilmişdi ki, heç bir hadisə- toqquşma belə baş vermədi.

Dənizçilər 5 müddəadan ibarət tələbnamə qəbul edib, M.S. Qarbaçova, Azərbaycan Ali Sovetinin sədri E. Qafarovaya və Xalq Cəbhəsinə müraciət etdilər.

Yanvarin 20-də saat 22-də artıq ilk “SOS” verilir. “SOS”un verilməsində qarşıya bir çox çətinliklər çıxır. Radistlərin əksəriyyəti rus dilli olduğu üçün heç kəs bu işi boynuna götürmək istəmirdi. Bunu rusların öz millətləri tərəfindən tökülən qana haqq qazandırmaq kimi də, qorxaqlıq kimi də başa düşmək olardı. Axır ki, “Vixr-12” gəmisinnin radisti, milliyətcə rus olan, adının gizli saxlanmasını istəyən bakılı gənc bu təhlükəli və şərəfli işi öz boynuna götürdü. Saat 24-də bütün dünya artıq “SOS”un mətni ilə tanış olmuşdu.

Kapitanlar şurası

Dənizçilər bütün təzyiqlərə, təxribatlara baxmayaraq, mətinlə dözür və laxlamaqda olan imperiyanın quduz rəhbərlərinin törətdikləri faiciyəyə qarşı tədbirlər fikirləşir, qərarlar qəbul edirdilər. Beləliklə, 7 gəmi kapitanından ibarət şura yaradıldı. Həmin şuranın tərkibində bütün qərarların qəbul olunmasında şəxsən iştirak etmişəm.

Yaradılmış kapitanlar şurasının nümayəndələri hərbi Dəniz donanmasına müraciət edib komendant Tiqanovla görüşmək istdiklərini bildirdi. Çətinliklə də olsa, buna nail olundu. Mövlud Əliyevlə “Vosxod” (“Vosxod” hərbiçilərin rabitə yaratdıqları radio xətt idi. – F.B.) danışıqdan sonra kapitanlardan Müzəffər Əliyev, Kərəm Məmmədov, İbrahim Salayev, Kişi Mütəllimov, Mövlud Əliyev, Mahir Xəlilovdan ibarət nümayəndə heyəti yola düşdü. Lakin rus əsgərlər bu görüşə imkan vermədi. “Vosxod”la ikinci danışıqdan sonra komendant xəbər göndərdi ki, dənizçilər sabah, yanvarın 21-də öz tələbələrini admiral Sidorova verə bilərlər. Sidorov SSRİ Müdafiə nazirinin hərbi donanma üzrə birinci müavini idi.

“Drama na more, kto vinovat?” – 20-ci əsrin dəniz quldurları

Bu, Sidorovun yayımladığı vərəqənin sərlövhəsi idi. Sidorov, Xəzər dənizindəki qarşıdurmada mülki gəmiləri ittiham edir və onları 20-ci əsrin dəniz quldurları adlandırırdı. Dənizçilərimizə separatçı damğası vurur, onların Bakıdakı rus hərbiçilərinin ailəsinə qarşı zorakılıq etdiklərini yazır və Buxtada baş verəcək hər hansı bir hadisədə dənizçilərimizi günahkar bilirdi. Bu bir xəbərdarlıq idi, rus hərbiçiləri – generallar buxtanı boşaltmağı tələb edir və hər an dənizçilərin məntiqli cavabları və tələbləri qarşısında geri çəkilirdilər. Bu geri çəkilmələr onların daha dəhşətli qərarları ilə əvəz olunurdu.

Kapitanlar Ali Sovetdə

Respublikanın rəhbərliyi qeybə çəkilmişdi. Bakı komendant tərəfindən idarə olunurdu.

Nəhayət, Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova kapitanlarla görüşmək istəyir. Kapitanlar şurası olaraq görüşə gedirik. SSRİ Ali Sovetinin deputatları akademik Tofiq İsmayılov və Xalq artisti Arif Məlikov da xanım Qafarovanın yanındadır. E.Qafarova qara paltardadır. O: “Xalqımın mərd oğulları”, – deyib, kapitanlarımızı bir-bir bağrına basır. Kövrəlir.

Sonra müzakirələr başladı. Kapitanlarımıza uşaqları – dənizçiləri qorumağı məsləhət bildilər.

Yazovla görüş

SSRİ-nin Müdafiə naziri Dimitri Yazov axır ki, özü dənizçilərlə görüşmək istədiyini bildirdi. Görüş Bakı şəhər komendabtlığında, indiki Səbayıl Rayon İcra Hakimiyyətinin binasında baş tutdu. Görüşdə bütün Qafqazın şeyxi Allahşükür Paşazadə, akademik Tofiq İsmayılov, bəstəkar Arif Məlikov, kapitanlardan Mövlud Əliyev, Kərəm Məmmədov, Müzəffər Əliyev iştirak edirdi. Qəzəbli marşal əsəbi halda ağsaqqal Müzəffər Əliyevə tərəf: – Çto, kapitan, vostuem? – deyə, çımxırır. Cavab sakit və təmkinli şəkildə olur: – Net, tovariş marşal, ne vostuem, a protestuem? Vı kak marşal zadavali sebya vopros, çto eto reznya, kak mojno etoqo dopustit?

Kapitanın cavabı imperiyanın ən böyük hərbçisini sarsıdır. Nifrətlə bizə – kapitanlara tərəf dönüb qışqırır:

– Mən zabit şərəfimə and içirəm. Kapitan Kərəm Məmmədovu güllələyəcəm, Mövlud Əliyevə isə 15 il həbs verdirəcəyəm.

Kapitanların gülümsəməsi marşalı hövsələdən çıxarır. Gəmilər Buxtanı tərk etməsə, gülləbaran olacaq

Marşal dediyi kim də etdi. Yanvarın 21, 22, 23-də hər axşam hərbi gəmilər bizim gəmilərə hücum etdi. 30-dan çox gəminin hər biri minlərlə güllə yarası aldı. Gəmilərimiz hərbi gəmilərlə dəniz döyüşündən qalib çıxdı. İki hərbi gəmi tərəfimizdən taran olunaraq ağır zədə aldı. Yanvarı 24 də isə azğınlaşmış ruslar sahildən tanklar, toplar, pulemyotlarla, dənizdən hərbi katerlərlə, havadan vertalyotlarla gəmilərimizə hücum elədi. İki gəmimiz alova büründü. Özümüz güllə yağışı altında yanğını söndürdük. 100 nəfərdən çox dənizçimiz həbs olundu, işgəncələr verildi. 43 dənizçimiz Ulyanovska və Orenburqa sürgün olundu. Mən də Orenburq şəhərində o zaman oldum…

 

Faiq Balabəyli

Share: