Əvvəli burda http://www.mustaqil.az/2017/11/04/qazaxistanli-r%C9%99fiq%C9%99l%C9%99rin-baki-mac%C9%99ralari-reportaj/)
(ardı)
Kefim yaxşı idi. Az öncə domino oyununda istefada olan polis polkovnik-leytenantı, həmyerlim Fuadla birlikdə özündənrazı iki keçmiş “portokrat”ı udmuşduq. Oyunqabağı keçmiş partiya və rəhbər orqanlarında çalışan ağsaqqallar, özlərindən razı halda uduzan komandanın stolunun arxasında dayanıb oyunu izləyənlər daxil olmaqla, buradakı bütün adamlara çay qonaqlığı verəcəklərini demişdilər. Razılaşmışdıq və 3 oyunun ikisini “suxoy”, yəni rəqibi xalsız qoyaraq udmuşduq.
Qərara gəlmişdik ki, sabah şam yeməyinə iki saat qalmış hər kəs çayxanada olsun. Qonaqlığın xərci çox olmasa da, uduzmağın adı ağır idi. Ömrü boyu vəzifələrdə olmuş, indi isə oğlanlarının yüksək vəzifədə olub, hər kəsə yuxarıdan baxmalarına rəğmən dominoda rüsvayçılıqla uduzmaqları qocalara heç də xoş olmamışdı. Rəiyyətlə bir yerdə oturmağı şənlərinə sığışdırmamışdılar.
– Biz gələ bilməyəcəyik, pulunuzu verərik, gedib çay içərsiniz – demələri isə onlara baha başa gəlmişdi.
Lerikli Əliheydər adlı ağsaqqal incik və əsəbi halda:
– Özünüzü çox da yekə aparmayın. Mənim camışlarımın sayı sizin başınızın tükündən çoxdur. Uduzmusuz, gedin uşaqların qonaqlığını verin.
Lerikli qocanın əsəbi və talış şivəsində danışması hər kəsə xoş gəlsə də, keçmiş partiya və rəhbər işlərdə çalışmış təqaüdçülərin ürəyincə olmadı. Oğlu hardasa yüksək vəzifədə çalışan Cavad adlı kişi qolundakı saata baxıb lerikli dayıya istehza etdi:
– Sənin belə danışmağın mümkündür, saatdan xəbərin var?
Saat isə gündüz 12-ni çoxdan keçmişdi. Qocalar, az qala, dalaşacaqdılar ki, keçmiş polis işçisi olan həmyerlim amiranə səslə:
– Ey ekslər, bax, mən də eks-polisəm, sizi məsuliyyətə cəlb edərəm, – dedi və araya bir şuxluq saldı. Bununla da qoca “portokrat”ların uduzduqları çay qonaqlığı it-bata düşdü.
Yemək zamanı mənimlə eyni stolda üz-üzə oturan lerikli Əliheydər kişi hər dəfə qonşu stolda boş qalan stullara baxıb deyinirdi:
– Camaatı bəyənmirlər, yeməklərini otaqlarına apartdırırlar, kişi idilər, uduzduqları 5-10 manatlıq qonaqlığı verəydilər…
Əliheydər dayının qəzəbi axıra qədər soyumadı.
Bax, həmin gün, dominoda udduğumuz gün şam yeməyinə hələ xeyli var idi və mən otağımda “Bakirə qayalar” romanımın üzərində işləyirdim. Kefim kök idi və yazı prosesi çox rahat gedirdi. Əgər qapı döyülməsəydi.
– Gəlin, – deməyimlə qapının açılmağı bir oldu. Rozanın qara saçlarının fövqündə daha da işıqlı görünən sifəti içəri daxil oldu. Ardınca sinəsi, sonra isə irəli dartılmış bədənin ardınca ayaqları içəri keçdi.
– Gəl, deyib ardınca kimi isə səslədi. Ağ saçları xüsusi səliqə ilə geri daranmış şair Müzəffərlə birlikdə içəri daxil oldular. Qonaqlarıma yer göstərdim, özüm isə balaca dolabın üstündə oturdum.
Çay tədarükü gördüm. Müzəffər kişinin “Ulu əcdadımın varisiyəm mən” kitabı əlində idi.
– Şair, xəsisliyinin adı nədir, ver kitabını oxuyaq da. Harda zənən görürsən, yığırsan başına, ürəyinin tellərini yanıqlı-yanıqlı səsləndirirsən, bilmirsən ki, ürəkləri yuxa olanlardır hamısı? Hamı bura ürəyindən müalicə almağa gəlir, sən isə ürək parçalayan şeirlərinlə həkimlərin işini heç edirsən. Şair humanist olmalıdır axı…
Şair Müzəffərin üzünə özündənrazı ifadə yayıldı. Ehmalca Rozaya tərəf baxdı. Əmin olmaq istəyirdi ki, mənim sözlərimi başa düşüb, ya yox. Roza isə yaşı 80-nin həndəvərində fırlanan Müzəffərə çox məhrəm, doğma, yaxın bir insan kimi baxırdı. Münasibətlərin fərqli olması hiss olunurdu.
Şair Müzəffər, deyəsən, doğrudan da Rozaya vurulmuşdu.
– Xəsislik deyəndə… Başın haqqı, mənim nə xəsisliyim olar ki? Doğulmuşam dağ havasının səhər şehini muncuq kimi yarpaqlarında saxlayan əzəli-əbədi Qarabağımızın dilbər guşəsində. Vətən həsrətindən belim bükülüb, gözüm avazıyıb, dişim sızıldayıb. Nələrim var vərəqə tökmüşəm, özümü yüngülləşdirmişəm, şairin nə xəsisliyi ola bilər axı… Mənim bu yaşımda qəlb parçalayan vaxtım deyil ha. Mənim öz qəlbimi parçalayırlar gözəl xanımlar…
Tefal çaynik artıq suyu qaynadıb. Hər kəsə çay süzüb, yenidən dolabın üstündə oturdum:
– Şair, bəs şeirində yazmısan ki, götürüb səni doğma Qazaxa gətirərəm. İndi də deyirsən qarabağlıyam.
– Hə, onu qafiyəyə görə yazdım ki, “qoymaram uzağa, gətirrəm Qazağa”. Nətəhər yazardım ki, gətirrəm Füzuliyə. Girmirdi axı ora.
– Niyə girmirdi ki… Məsələn, yaza bilərdin ki, “götürüb gətirərəm səni Füzuliyə, Doğmalaşarsan, yeni daxil olduğun ailəyə”. Nə təhərdir?
– Başın haqqı, çox pis… Elə şeir olmaz.
Roza dedi ki, sizin danışığınızdan başa düşdüm ki, şeirin bəzi yerlərini tənqid edirsiz.
– Demək olar ki, – deyib şairimizin Rozaya yazdığı şeiri istədim. Şalvarının arxa cibindən çıxarıb, mənə uzatdı.
Vərəqi aldım. Şair Müzəffərin ürəyinə xal salmaq istədim:
– Roza, sən heç də düzgün iş tutmamısan. Bu şeiri gödəkçənin üst cibində, ürəyinə yaxın yerdə saxlamalıydın. Niyə? Ona görə ki, şairimiz şeiri ürəkdən yazıb, sən isə şeiri arxa cibindən çıxarırsan, bu, şairə olunan hörmətsizlikdir.
Roza and-aman elədi, burda pis bir niyyət yoxdur:
– Mən qiymətli şeylərimi şalvarımın dal cibinə qoyuram. O cib daha dərindir, düşüb itməz.
Sübut üçün pul kisəsini də həmin cibindən çıxardı. Şair Müzəffər də pərt oldu. Mənə him-cim elədi ki, söhbətin üstündən keçim. Özümü anlamaz kimi göstərdim:
– Düz demirəm, şair? Şeiri də orda gəzdirərlər? Oturanda da qalsın altında. “Pul heç, pul əl çirkidir” deyiblər, amma, şeir bir qəlbin iztirabının, sevincinin, həyəcanın bəhrəsidir axı…
Araya pərtlik salmışdım. Niyyətim də axıra qədər getməkdir.
Şeiri oxuyub misra-misra mənasını rus dilinə çevirdikcə ara-sıra da deyirəm ki, bu şeirə o boğazına, qulağının dibinə çəkdiyi ətirdən vurmaq əvəzinə, arxa cibinə qoyur.
Roza məndən incidi. Könlünü almaq istədim. Bir neçə xoş söz dedim, sifətindən pərtliyin gətirdiyi çalarlar getsə də, hiss etdim ki, ürəyində inciklik durur. Daha mən Faiq olmazdım ki, bir xanımın könlünü al bilməyəm. Ona görə də şeirin məziyyətlərini izah etdikcə, onu da vurğuladım ki, bu şeir elə bir xanıma yazıla bilər ki, onun zahiri gözəlliyi nə qədər gözəgəlimli olsa da, bu, azlıq edər:
– Məsələn, mən Roza xanımı ilk dəfə gördükdə onun Asiya xanımlarına xas gözəlliyi diqqətimi çəkdi. Burda gözəl xanımlar çoxdur, bilirsiz də. Amma Rozanın daxilinin saflığı onun çöhrəsinə sirayət edir, onu daha da gözəlləşdirir, şirin edir. Bu baxımdan bilirəm ki, şeirin harda saxlanması onun müəllifinə olunan hörmətsizlik deyil. Roza adı kimi özü də gül zərifliyi ilə insan könlünün hakiminə çevrilə bilər.
Roza o qədər razı qalmışdı ki… Şair Müzəffərə baxdım. Kişi nə günə düşmüşdü, yüz faiz əmin idim ki, ürəyində məni də, özünü də söyür. Mən məlum idim, özünü isə niyə Rozanın sözünə inanıb bura gəlməsinə görə ola bilərdi. Axı dünən onunla söhbət etdikdə məndən gözünün su içmədiyini hiss etmişdim.
Şair Müzəffərin könlünü almalı idim. Kişi Rozaya doğrudan da aşiq olmuşdu.
– Roza, bax, yaşın 40-a çatıb. Ola bilər ki, səndən ötrü dalaşanlar, sənə sahib durmaq üçün yüz oyundan çıxanlar olsun. Amma onların hissləri ötəri olacaq. Şəhvani və heyvani hisslər… Şairimizin isə hər misrası ilahi bir sevginin yaz ağzı, əriməkdə olan qarı vurub günə boy verən qarçiçəyi kimi ürək oxşayır. Həm də şairimiz bu sevginin əlçatmazlığından qorxmur. Yaş fərqiniz çoxdur axı. Məsələn, şair Müzəffərin hardasa 79 yaşı ola bilər…
– Yox, mənim yaşım 78 olmayıb hələ – Müzəffər tələsik dilləndi.
– Hə, 76 yaşı təzə bitirib, 77-nin içindədir. Amma şeirin istiliyi müəllifin 25-27 yaş arasında olmasından xəbər verir. Ürək gəncdir. Sevgi pakdır. Qalır bir dənə bu sevgini dəyərləndirmək ki, həm şairimiz, həm də siz bu millətin alqışını qazanasız. Axı, bu sevgidən yazılacaq yeni şeirlər xalqın sərvəti olacaq, – deyib şeir vərəqini Rozaya uzatdım. Roza vərəqi səliqə ilə qatlayıb, gödəkçəsindən içəri, ürəyinin üstündə yerləşdirdi. Şair Müzəffər ayağa qalxdı:
– Sən yaxşı adamsan. Sənin kimi adamlar olmasa, vətənimizin yerdə qalan hissəsi də işğal oluna bilərdi. Prezidentimizə və onun bütün adamlarına, içi sən qarışıq, Allah can sağlığı versin.
Aha, çıxışıma vətənpərvərlik notları da əlavə etməliyəm:
– Roza, fikir ver, şairimiz Qazaxıstana və Qazaxa müraciət edir. Yəni türk dünyasının, gələcəkdə qurulacaq Turan dövlətinin çox da uzaqda olmadığından xəbər verir. Məsələn, Qazaxıstandan Qazaxa gələn gəlinin doğduğu uşaq, əslində, bu torpaqlar arasında bir körpü olacaq…
Şair Müzəffər ayağa qalxdı, əlimi sıxdı, üzümdən öpdü:
– Axşam kababxanada səni də, bu xanımları da gözləyəcəm.
– A kişi, bədxərclik eləmə.
– Yox, nə danışırsan. 100 manat verib kitabım haqda yazı yazdırmışam, sən deyənlərin yanında mənasız sözlərdir.
Faiq Balabəyli
(Ardı var)