Balıs Sruoganın “Tanrılar meşəsi” romanı, tərcümə və tərcüməçi barədə…
Ölümü həyatın ən vacib hadisəsi hesab edirlər; yəqin, sonuncu ən vacib hadisəsi desəydilər, daha doğru olardı. Bəlkə bu səbəbdəndir ki, bu sonuncu hadisədən qazandığımız təcrübəni heç kimlə bölüşə bilmirik; dəfn mərasimlərinin minoru, hüzn pərdəsinin kölgəsi düşmüş və həyatın vurhavurundan uzaqlaşmaqla sanki xeyli nəcibləşmiş, qüssəli, dərdli simalar…başqa nə deyə bilərik...
Amma elə hallar, sərhəd situasiyaları var ki, litvalı ədəbiyyaşünas, prof. Vitautas Kubilyusun (1926-2004) sözləri ilə desək, bu halda ölüm nəcib tragizmini itirir, msitik gizliliyindən və qəm-qüssəli dəfn mərasimindən məhrum olur, artıq heç kimi həyəcanlandırmır…
Söhbət konslagerdən gedir.
Baliş Sruoganın “Tanrılar meşəsi” romanı bir çox məziyyətləri ilə “QULAQ arxipelaqı” (Soljenitsın), “Həyat qığılcımı” (Remark), “Ferdıdurka” (Qombroviç), “Auşvits döyməçisi” (Morris), “Zolaqlı pijamadadkı oğlan” (Boyn) və başqa romanları xatırladır, “Həyat gözəldir”, “Şindlerin siyahısı”, “İnsanın taleyi” filmlərini yada salır.
Romanın taleyi ilə bağlı bir faktı elə indi demək lazımdır:
Çox qəribədir XX əsr Litva ədəbiyyatının klassiki, yazıçı, dramaturq, şair, tərcüməçi, Litva müqavimət hərəkatının iştirakçısı Baliş Sruoga həyatın ölümlə hər an qafiyələndiyi Ştutthof düşərgəsindəki ikiillik (1943-1945) məhbusluqdan qayıdır, bir neçə ay ərzində, demək olar birnəfəsə “Tanrılar meşəsi” romanını yazır, nəşr barədə Litva SSR Dövlət nəşriyyatı ilə müqavilə imzalasa da kitabın çapına icazə verilmir. Redaktorlar, “qlavlit” məmurları ilə çoxsaylı yazışmalar fayda vermir, hətta iş o yerə çatır ki, yüksək çinli kommunist məmurlarından biri “almanlar düz edirdilər ki, bu cür adamcığazları konslagerdə saxlayırdılar” deyir (bu faktı öyrənəndə, şəxsən mən, xeyli susmalı oldum… ). 1947-ci ildə Sruoga dünyasını dəyişir, romanının nəşrini görmək ona nəsib olmur. On ildən sonra əvvəl litvaca, sonra isə rusca roman nəşr olunur; amma xeyli qayçılanmış, ixtisarla. Ötən əsrin 60-80-ci illərdəki təkrar nəşrlərdə də heç bir keyfiyyət fərqi baş vermir. Yalnız postsovet dövründə, Litva müstəqillik əldə edəndən sonra əsər orijinala daha yaxın variantda çap olunur ki, bu da sonuncu, qəti versiya deyildi. Yəni nə orijinal dildə, nə də alman, ingilis, fransız, italyan, ispan, çex, polyak, latış, eston, rus dillərində indiyədək çap olunan tərcümələri, kitabları (=romanı) təəssüf ki, orijinal avtoqraf versiya saymaq olmazdı. Yalnız həmyerlimiz Mahir Həmzəyevin çox böyük ustalıqla tərcümə etdiyi versiya – Litva Ədəbiyyatı və Folkloru İnstitutunun çoxillik fəaliyyətindən sonra bilavasitə əlyazma və makina yazıları əsasında “bərpa edilmiş” həqiqi nüsxədir; yəni, bu roman ilk dəfə məhz Azərbaycan dilində (orijinaldan da qabaq) bütöv halda tərcümə edilərək nəşr edilib.
Digər tərəfdən, Litva Əhalisinin Soyqırımı və Müqavimət Hərəkatını Araşdırmalar Mərkəzinin baş direktoru, tarix elmləri doktoru Arunas Bubnis kitabın türk dilləri arasından ilk dəfə olaraq Azərbaycan türkcəsinə tərcüməsini və Bakı nəşrini böyük mədəniyyət hadisəsi sayır, həm litvaşünaslığa, həm azərbaycanşünaslığa verilən ciddi töhfə hesab edir.
Romanın məziyyətləri çoxdur: sənədli nəsrlə bədii üslubun qovşağında yazılmış memuardır. Ölüm düşərgəsinin enskilopediyası, “barokkodan baraklara yuvarlanmış Avropanın iç üzü”dür ki, bu yerdə Nabokovun “ Avropalılar unutmamalıdırlar ki, hər iki dünya müharibəsini məhz onlar başlamışdılar” deyimini xatırlamamaq olmur. Qərb sivilizasiyasının qaranlıq tərəfləri barədə amansızlıqla, adekvat təsvirlər və dillə, arqolardan geniş istifadə olunmaqla yazılan bu modernist romanda yazıçı başqa tərəfdən “işgəncə sənətinin” fərqli üsullarını təsvir etməklə, fikrimizcə, həm də psixoanalitiklər üçün təəssüf ki, əvəzsiz mənbə yaradıb. Əsərdəki təhkiyə, təsvir-detallaşdırma ustalığı, daha çox məşəqqətin və iztirabın yan təsiri kimi meydana çıxan, özünüqoruma istinktinin doğurduğu qrotesk həddindəki rişxənd, sarkazm, ironiya romanı oxunaqlı edir, əlbəttə səbrli və hazırlıqlı oxucu üçün. Yeri gəlmişkən, dilçilər Sruoganın romanda Litva dilinə xeyli yeni leksik vahidlər, təzə sözlər, söz birləşmələri, linqvistik qısaltmalar qazandırdığını deyir.
Bütün bunları hiss etmək, müqayisə edərək təsdiqləmək üçün üçün əlbəttə Litva dilini bilmək də azlıq edərdi, bu dili dərindən bilmək lazımdı, bizim belə imkanımız, təəsssüf ki, yoxdur. Amma romanı diqqətlə oxumaq bəs edir ki, usta tərcüməçi Mahir Həmzəyevin həm həcmcə, həm də keyfiyyətcə nə qədər böyük və vacib bir işin öhdəsindən gəldiyini sezəsən, anlayasan və təsdiqləyəsən. Mahir Həmzəyev bukval tərcümə ilə məşğul olmur, hər iki dili gözəl bildiyinə görə frazeoloji birləşmələri, qanadlı ifadələri məharətlə azərbaycanlılaşdırır, əsəri oxucular üçün cəlbedici edir, hətta oxu prosesində hərdən məhz uğurlu tərcüməçi işinə görə romanın ağır atmosferində qəribə bir “yüngüllük” də hiss edirsən.
Mahir Həmzəyevi bu ustalığa elə-belə asan yolla gəlməyib. Onun həyat və yaradıcı bioqrafiyasına qısa ekskurs eləmək kifayətdir: “Qırx ildən artıq bir müddətdir ki, Vilnüsdə yaşayır, Azərbaycan-Litva ədəbi-mədəni əlaqələrinin inkişafında əvəzsiz xidmətləri var, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, ədəbiyyatşünas, publisist, tərcüməçidir, hər iki ölkənin həqiqi vətənpərvəri, ictimai xadimdir. “Azərbaycan-Baltik mədəni əlaqələri. XIX-XXI əsrlər” kitabı, Litva ədəbiyyatının klassiki, müstəqil Litva dövlətinin Demokratik Cumhuriyyət dövründə Bakıdakı ilk konsulu Vintsas Krevenin “Azəristan ölkəsi” toplusu (kitabın dilimizdəki hər iki nəşrini gerçəkləşdirdiyimizə görə böyük məmnunluq hissi var içimdə) onun qələmindən çıxıb. Xüsusən Litva-Azərbaycan ədəbi, mədəni və tarixi əlaqələri, bədii tərcümə məsələləri, kulturoloji, komparativistik araşdırmalar, “”Kitabi-Dədə Qorqud” dastanı Baltik xalqlarının dillərində”, “Baltik xalqları mühacirləri və diaspora təşkilatlarının XIX–XX əsrlərdə Qafqazda elmi, mədəni və ictimai-siyasi fəaliyyəti”, “Böyük Litva Knyazlığının karaim, tatar, polyak və yəhudi varislərinin Azərbaycan və Türkiyə ilə elmi, ədəbi, mədəni və ictimai-siyasi əlaqələri”, “1918-1922-ci illərdə Litva – Cənubi Qafqaz dövlətlərarası münasibətləri”, 400-dən artıq tədqiqat işi, ədəbi-tarixi və elmi, publisistik məqalələrin müəllifidir. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Osman Sarıvəlli, Mikayıl Rzaquluzadə, Süleyman Rəhimov, Rəsul Rza, Nigar Rəfibəyli, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı, Anar və Elçin Hüseynbəyli kimi həm klassik və həm də yeni Azərbaycan yazıçı və şairlərinin yaradıcılığı barədə ensiklopedik və bədii məqalələri, çıxışları var. Qarabağ həqiqətlərinin Baltikyanı ölkələrdə təbliği, təşviqi işində ardıcıl fəaliyyəti var və o bu prosesə Vitautas Landsbergis, İmantas Melyanas, Tomas Çivas, Gintaras Visotskas, Riçardas Lapaytis, Vitaliyus Karakorskis, Donatas Valançyauskas, Arvidas Banyulis, Aydanas Praleyka, Vidmantas Valyuşaytis, Aras Lukşas, Laurinas Kasçyunas, Antanas Tila, Kestutis Oginskas, Rita Milyute, Paulyus Vaytekunas, Ramunas Trimakas, Tomas Srebalyus, Yuras Pojela, Egidiyus Vareykis, Arunas Valinskas, Andryus Burba, Antanas Raşimas, Algimantas Liekis, Lyaonas Yurşa kimi nüfuzlu insanları cəlb edib ki, böyük bir ordunun görə biləcəyi bu titanik zəhmət ancaq dərin minnətdarlıq doğurur.
Qayıdaq romana. II dünya müharibəsi zamanı nasist ölüm düşərgələrinin 30 minə yaxın ltvalı “sakini” olub. Onların 1100 nəfəri romanda bəhs olunan və hadisələrin cərəyan etdiyi məşum Ştutthof düşərgəsində həlak olub. Baliş Sruoganın Mahir Həmzəyevin tərcüməsində Azərbaycan oxucusuna təqdim olunan 435 səhifəlik, 61 fəsillik “Tanrılar meşəsi” romanın onlardan birinin tarxiçəsi, yaxud birinin- 21319 nömrəli məhbusun gözüylə hamının tarixçəsi danışılır.
Əsərin bir qəribə məziyyəti də 100-ə yaxın personajın yarıdan çoxunun incidilənlər deyil, incidənlər olmasındadı.
Roman Azərbaycan dilinə Litva Ədəbiyyatı və Folkloru İnstitutunda bərpa olunmuş avtoqraf-əlyazma və makina çapı əsasında Litva Mədəniyyəti Fondu, Litva Mədəniyyəti İnstitutu və Litva Hökumət yanında Milli Azlıqlar Departamentinin dəstəyi ilə Litva Əhalisinin Soyqırımı və Müqavimət Hərəkatını Araşdırmalar Mərkəzi və Litva Azərbaycanlıları Cəmiyyətinin birgə layihəsi kimi tərcümə və nəşr olunub. “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzində, nəfis tərtibat və poliqrafiya ilə. Lap yaxın günlərdə. “Tərcüməçidən” və “Redaktordan” (Ayaz Əhmədov) giriş yazıları, “Litvalılar Ştutthof konslagerində” (Arunas Bubnis) sözardı məqaləsi ilə – hər üç yazı faktoqrafik zəngin, həm romanı, həm də bəhs edilən tarixi situaisyanı başa düşmək üçün vacibdir.
Hər gün III Dünya savaşının “anonsu və proqnozu ilə” dolu olan informasiya girdabında romanın oxusu, 21319 nömrəli məhbusun tarixçəsini bilmək ağır da olsa vacib və qaçılmaz görünür.