Bir neçə il öncə internetdə fələstinli kamikadzenin məktubundan bir parça yazı oxudum. 22 yaşlı xanım kamikadze Fələstinin azadlığı uğrunda törətdiyi terrorun səbəblərinə aydınlıq gətirərək, bildirmişdi: “Uşaqlığımdan Avropada mühacirət həyatı yaşamışam. Hər dəfə valideynlərimdən oyuncaq istəyəndə mənə “Sənin oyuncaqların Fələstində qalıb” deyirdilər. Uşaqların yediyi meyvələrdən mən də istəyərkən anam mənə “Sənin öz meyvələrin Fələstin torpaqlarındadır” deyirdi. Mənim hər şeyim Fələstində qalmışdı. Mən bu gün itirdiyim və sahib ola bilmədiyim hər şeyimi yenidən almaq üçün Fələstindəyəm. Bu gün onları geri almaq üçün yalnız bircə yolum qalmışdı – canımdan keçmək. Və mən buna tam hazıram. Meyvələrimi, oyuncaqlarımı, cənnətimi geri almaq üçün…”
…19 iyun 2010-cu ildə Qarabağ torpaqlarında bütün Azərbaycan körpələrinin neçə illərdir itirdiyi oyuncaqların, meyvələrin və cənnətin ardınca 22 yaşlı bir gizir yenidən səfərə çıxmışdı.
Bu Mübariz İbrahimov idi…
Həm də bu yola gözləri dumanlı, ürəyi imanlı çıxmışdı Mübariz. Qarabağın düşmən əliylə od vurulub yandırdığı torpağı, güllələdiyi atları, dağ çəkdiyi sinəsinin sızıntıları Mübarizin ürəyində köz bağlamışdı, körün-körün yanmaqdaydı. Bu yanğını “Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm”, deyə söndürmək istəyirdi. Söndürdü də. Nəfsini imanı, yanan torpağını canı, qanı ilə söndürdü.
Gedə bilmədiyimiz torpaqlarımıza dönməyin tək yolunu göstərdi bizə, həm də bu torpalara əbədi olaraq dönməyin yolunu…
Qəhrəmanlıq an məsələsi olsa da, bu qəhrəmanlığı yetişdirən yalnız fərdin sevgisi və ya nifrəti deyildir. Qəhrəman öz igidliyindən faydalanan yox, öz qəhrəmanlığı, igidliyi, qanı və ürəyi ilə bir milləti faydalandırandır. Bu qəhrəmanlıq həm də millətin ruhuna hoparaq, yeni qəhrəmanların doğuluşu üçün ilkin zəmindir. Vətənə, millətə xidmət etmək ehtirası qəhrəmanın mənsub olduğu cəmiyyəti yüksəldən ən rahat yoldur. Bu rahat yolu keçən qəhrənanlar isə yaşadıqları dövrlərdə bir məşəl kimi yanar, millətin yoluna işıq saçar və ona ruh verərlər. Necə ki, Mübariz İbrahimov düşünərək getdiyi şəhidlik yolunda millət üçün bir məşələ çevrildi, xalqın ümidlərinə yeni bir işıq tutdu.
Mübariz İbrahimovun şəhidlik məqamı həm də xalqın var olmasına zəmindir, xalqın varlığına qarantdır. Xalq isə illər keçdikcə var olduğu mesajını yetişdirdiyi qəhrəmanlarla zaman-zaman düşmənlərinə çatdırır.
Mübariz İbrahimov da Qarabağ torpaqlarında düşmənə verilən son mesaj oldu: “Bu torpaqlarda meyvələrini… oyuncaqlarını… cənnətini… hər şeyini… hər şeyini itirmiş milyonlar var. Onlar bir gün itirdikləri üçün, sahib olduqları hər şeyi geri almaq üçün mütləq geri dönəcəklər”.
Necə ki, Mubariz İbrahimov öz meyvələrini, oyuncaqlarını, cənnətini almaq üçün Qarabağ torpaqlarına qayıtdı və bunların hamısını geri aldı.
Mübariz hər şeyini aldı, qaldıq biz…
İlqar İLKİN