“Bütün Azərbaycan xalqını təbrik edirəm. Mən yer tutmaya da, bürünc medal qazana da bilərdim. Amma mən evdən qızıl medal üçün çıxmışdım”.
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Tokio Olimpiadasında gümüş medal qazanan Rafael Ağayev deyib.
O, finalda italiyalı Luici Buzaya uduzması barədə danışıb. “Brilyant oğlan” ilk və son Olimpiya medalını qazanmağın xoş hisslərini bölüşüb:
“İdmançılar var ki, gəzmək üçün və sadəcə Olimpiadada iştirak etmək üçün gəlirlər. Təəssüflər olsun ki, Tokioya qızıl medal üçün gəlsəm də, gümüş medal oldu. Özünüz də söylədiniz ki, hakimliyə qarşı da finalda mübarizə apardım. Amma bəhanələri sevmirəm, olan oldu.
Mən mükafatlandırma mərasimində Luici Buza ilə görüşmədim, çünki o, buna layiq deyildi. Mən dünyanın bir nömrəsiyəm. Bu, özündənrazılıq deyil. Dünyada beşqat dünya çempionu yoxdur. Hesab 0:0 olanda vurduğum zərbə xal sayılsaydı, görüş başqa nəticə ilə başa çatacaqdı. Orda dörd yan xətt hakimi bayraqları xeyrimə qaldırmışdı. Ancaq təkrara baxıb, xalımı vermədilər.
Azərbaycan xalqına, idmana qayğı göstərən ölkə prezidentinə, federasiya prezidentinə, ilk məşqçim Rafael Məmmədova, Füzuli Musayevə, millidə baş məşqçim Qurban Tağıyevə təşəkkür edirəm. Bu, tək mənim yox, bütün Azərbaycanın, türk millətinin qələbəsidir. Bundan sonra dayanmayıb növbəti yarışlara hazırlaşacağam”.
Daha sonra 36 yaşlı Rafael Ağayev gözlənilənin əksinə olaraq hələ dörd il də karyerasını davam etdirəcəyini bildirib:
“Mən uzun müddət idi ki, bu Olimpiya medalının həsrətində idim. Olimpiadada karate daha əvvəl olsaydı, indi Olimpiya çempionu da olmuşdum. Aldığımız məlumata görə, karate ilk və sonuncu dəfə Tokio Olimpiadasına salındı. Düzdür, ola bilsin ki, Los Anceles-2028-də olsun. Amma mən onda karyeramı bitirmiş olacağam. Hələ 2025-dək döyüşəcəyəm. Bundan sonra karyeramı bitirib, Azərbaycanda öz məktəbimi açmaq istəyirəm”.