44 bənd… – Günay Nəriman yazır

44 bənd… – Günay Nəriman yazır
44 bənd…
 
1. Eyni səngərdə döyüşən ata-oğullar.
2. Oğlunun qəbrinə girib “oğlumla yatmaq istəyirəm, üstümü torpaqlayın” deyən ana.
3. Yatağında qanına qərq olan günahsız insanlar.
4. Cibinin bəlkə də son manatı ilə əsgər qardaşlarına corab, əlcək, siqaret alıb yollayan, aparan oğullar.
5. ŞƏHİD həyat yoldaşının cənazəsini çiynində daşıyan, ŞƏHİD qardaşının gözlərinə torpaq atan qadın.
6. Əsgərini qardaşı hesab edən, səngər Generalı, şəhadətiylə milli ruhumuzu təzələyən Polad Həşimov.
7. Öz cehiz yorğan-döşəyini əsgər qardaşlarına göndərən qızlar.
8. Bərdəyə raket düşəndə körpə qızının bağırsaqlarını yerdən yığan ata.
9. Şəhid oğlunun nəşi tapılsın, torpağa tapşıra bilsin deyə qurban deyən ata-analar.
10. Əli, qolu olmaya- olmaya mən vətən üçün heçnə edə bilmədim deyib, Şuşa sevincini xəstəxana pəncərəsindən insanları salamlayaraq yaşayan qəhrəman qazi.
11. Oğlunun birini dəfn edib, qayıdanda o biri oğlunun nəşini qarşılayan ana.
12. Yaralı döyüş yoldaşını çiyninə alıb, bir əlində silah döyüşərək, irəliləyən əsgər.
13. Döyüşə getmək üçün hərbi komisarlığın işçiləri ilə dalaşan oğullar.
14. Oğlunun məzarında “Xocalı qisası almısan, buna görə ağlamıram, oğul” deyib, dik dayanan ana.
15. Son nəfəsində “təkcə qızım üçün darıxıram” deyib, şəhadətə qovuşan əsgər.
16. Əməliyyat zamanı keyləşdirici vurulmasına baxmayaraq, AZƏRBAYCAN deyə çırpınan əsgər.
17. Oğlunun tabutunu xonça ilə qarşılayan, bəy otağından yola salan ana.
18. Bütün xarici təzyiqləri dəf edərək, siyasi gücləri susdurmağı bacaran ölkə başçısı.
19. Döyüş yoldaşlarını qorumaq üçün yanlarına düşən partlayıcının üstünə uzanan əsgər.
20. Canından keçməyə hazır könüllü cəsur qadınlar.
21. Şuşa uğrunda döyüşdə yaralanıb, son nəfəsində “Şuşanı axı niyə görə bilmədim mən? Ən böyük arzum idi.” deyən əsgər və onun cansız bədənini Şuşaya qədər özləriylə aparan döyüş yoldaşları.
22. Haqq səsimizi dünyaya çatdıran, hər zaman hadisələrin mərkəzində olan, Türkiyənin media nümayəndələri və Fulyanın dinməyən göz yaşları.
23. Yırtıq ayaqqabı ilə Asan xidmətə gəlib, təqaüdünü əsgərlərə hədiyyə göndərən qoca kişi.
24. Oğlunun cənazəsi gələn yolu əyilib öpən və “südüm sənə halal olsun oğul” deyən ana.
25. Sən idmanla məşğul olmusan, canavar kimi öldür onları, məhv et deyə nəvəsinə ruh verən nənə.
26. Döyüş bölgəsinə könüllü yollanan həkim qadınlar.
27. Nişanlısının şəhadətindən sonra intihar edən qız.
28. Oğlunun tabutunun qabağında gəlin gətirirmiş kimi qol qaldırıb, oynayan ana.
29. Yatağında qanına qərq olan günahsız insanlar.
30. Üzü-gözü qan içində kameraya gülümsəyən yaşı kiçik, ürəyi böyük qəhrəmanlar.
31. Günlərlə yuxusuz qalıb, əsgər övladları üçün yeməklər hazırlayan analar.
32. Erməni generalını boğaraq öldürən, #PoladHəşimovun qisasını alan əsgər.
33. Anasının evdə hazırladığı kompotları qucağına yığıb, yol kənarında dayanan, gedib-gələn əsgərlərə paylayan balaca uşaqlar.
34. Bütün hadisələrin başlanğıc nöqtəsi, Tovuza erməni hücumu zamanı tovuzluların sərhəddə yürüyüşü, ətraf rayonların camaatının da Tovuza toplaşması. (Canlı sipər)
35. Bəzi market, aptek sahiblərinin hərbiçilərdən pul götürməməsi.
36. Dəfələrlə qızına elçi göndərən, qızını o oğlana verməyən və həmin oğlanın qazi olduğunu eşidəndə “oğlana deyin gəlsin qız onundu” deyən ata.
37. Atasızlığı yenicə dadmış ŞƏHİDLƏRimizin körpə balalarının məğrur duruşu.
38. Tabe olduqları siyasi rejimin ağırlığına baxmayaraq, silah transferinə etirazlarını bildirən güneyli qardaşlarımızın zindanlı günləri.
39. Döyüş meydanında topçu əsgərimizin, siyasi meydanda siyasətçilərimizin cəsarətli duruşu.
40. Əkiz qardaşların əkiz məzarı.
41. Bıçaqla, süngüylə, qol gücüylə azad olunan Şuşa.
42. Bütün çətinliklərə rəğmən, canını hər dəqiqə təhlükəyə ataraq haqq səsimizi dünyaya çatdıran media nümayəndələri və ŞƏHİD jurnalistlər.
43. Havalar bir azca soyuyan kimi, yağış yağan kimi əsgərim soyuqdadır, islanır deyib, yatağında ilan kimi qıvrılan əlli milyon azərbaycanlı .
44. Birdən raket atarlar, ölümə hazırlıqsız yaxalanarıq deyib, gecələr paltarlı yatan xalqım.
II Qarabağ müharibəsində biz bunları və sadalamadığım çox şeyi gördük, yaşadıq .
………….. Və nəhayət yumruq kimi birləşmiş əlli milyon azərbaycanlı, ona dəstək olan, qardaş olan ölkələr.
Hələ də mənə yuxu kimi gəlir, BİZ QARABAĞI AZAD ETDİK.
MİLLƏTİMLƏ FƏXR EDİRƏM.
Günay NƏRİMAN
Müstəqil.Az
Share: