44 günlük möcüzə…

44 günlük möcüzə…

 

Tanrı dünyanı neçə günə yaratdı bilmirəm amma onu dəqiq bilirəm Tanrı bəndələri olaraq, millət olaraq yeni düzən yaratmaq üçün bizə 44 gün vaxt verdi və qəhrəmanlar o düzən üçün ölüm-dirim savaşına girdilər, 44 gün ərzində əsir torpaqlarımızı geri qaytardılar.
Tanrı iyirmi altı il bizi Qarabağ sevgisi ilə sınağa çəkdi, sınadı və əmin oldu ki,
Vətən sevgisi imandandl deyimi artıq bəhrə verəcəyi zaman və həm yer üzünün cənnəti Qarabağın, həm də qiyamət günündəki cənnətin qapılarını açaraq dedi:
“Buyur, indi imanı ortaya qoyma zamanıdır!”
Qoyduq, həm də dişimizlə, dırnağımızla qoyduq.
Düz dörd il bundan əvvəl bu gün paylaşdığım status hələ də yadımdadır.
Orduda olan əsgərlərə müraciət etmişdim:
“Tanrı sizi seçdi, Siz seçilmiş bəndələrsiniz və bu seçimin dadını sevə- sevə çıxarın!”

Həmin gün o orduda olmaq yüzlərlə gənc, qoca, qadın, kişi imtahan verirdi, amma, o seçimdə tək cismin sağlamlığı önəmli deyildi.
Həmin gün ruhun sağlamlığı da önəmli idi.
Bəndə Tanrı qarşısında imtahan verirdi, ruhunun sağlamlıq imtahanını…
Köhnə döyüşçülərin birinə o zaman belə bir sual vermişdim:
“Niyə Tanrı 1992-ci il müharibəsində bizə torpaqları qorumaq üçün kömək olmadı?
Döyüşçü: “Çünki biz o qələbəni haqq etmirdik” – cavabını vermişdi.
Bəyəm biz haqlı deyildik?
Haqlı idik, amma haqlı olmaq qələbəni haqq etmək deyil. Biz haqlı idik, amma qələbəni haqq etmirdik.
Bu necə olur?
Çox sadə. Həm erməni, həm biz qələbəni güc yolu ilə qazanmaq istəyirdik. Hər iki tərəf Tanrını unutmuşdu. Tanrıya yox, əlindəki silaha güvənirdi.
Və?
Və Tanrı güclü olan qalib gəlsin, dedi. Nəticədə illərdir bu savaşa hazırlaşan ermənilər haqsız yerə haqqa qalıb gəldilər.
Tanrı bilirdi onlar bu qələbıni haqq etmir, həmçinin də bilirdi, biz bu qələbəni haqq edirik. Eləcə də ermənilər bu qələbəni haqq etməyə etməyə haqsız ola -ola qələbə qazandılar, amma bu, Tanrının verdiyi qələbə deyildi, bu bəndənin qazandığı qələbə idi.
Niyə haqq edirik?
Haqlı ola -ola məğlubiyyəti necə haqq etmək olar ki?
Hər iki səngərdə Allahını unutmuş, yalnız və yalnız zora güvənənlərin savaşına Tanrı müdaxilə etmir. Tanrı qiyamət günü sənin qarşı tərəfdən fərqin nə idi ki mən sənin qələbənə hə deyim?
Erməni də sən də məni unudub məndən dəstək istəyirdiniz və mən bu işi siz güvəndiyiniz zora buraxdım və zor da qalib gəldi, dedi.
Biz yeni silahlar alıb yenidən ordu qurub qalıb gələcəyik sözünü o vaxt əminliklə demişdim.
Köhnə döyüşçü də eyni əminliklə cavab vermişdi.
Əgər paslanmayan silaha, imana sahib çıxmasaq, qələbə qazansaq da məğlub olacağıq.
Və biz bu 26 ildə o paslanmayan silaha- imana sahib çıxa bildik.
Və bu, 44 günlük müharibənin kod silahı oldu.
Daha küçələrdə sağa -sola güllə atan, vətəni qorumaq üçün əldə etdiyi silahı vətəni talamaq üçün istifadə edən başıpozuqlara meydan yox idi.
Azərbaycan ordusu imanlı ordu idi və gücünü imandan alırdı.
Bu qələbənin ilk səbəbi idi.
İkinci bir səbəb 1992- ci ildə mərdcəsinə vuruşan, amma namərdlərin əli ilə uduzdurulan ordunun öz qanı bahasına qələbə üçün saldığı özül idi.
Biz o vaxt döyüşü uduzduq, müharibəni yox və bu döyüşü əsgərlər yox, komandirlər uduzdu.
Biz əsgər olaraq 20 faiz torpağı erməniyə vermədik, biz 80 faiz torpağı rusdan qoruduq ki, 44 gündə ordumuz bu təməl üzərindən möcüzə yaratsın.
İmanla vətən sevgisinin yaratdığı möcüzə ikinci səbəb idi qələbəmiz üçün.
Amma, bu iki səbəb yetərli olmaya bilərdi.
Bir alman dahisinin bir cümləsi illər öncə beynimə həkk olmuşdu.
Müharibə elə bir asan iş deyil ki, onu təkcə orduya etibar edəsən.
Qələbəmizin üçüncü səbəbi məhz bu idi.
Biz bu savaşa ordu olaraq yox, millət olaraq girdik. Yol boyu gedən hərbi maşınlara ərzaq, su yükləyən, öz təqaüdünü müdafiə fonduna köcürən, hər bir qarış torpağında Allahına dua edən millət bu dəfə zoru ilə deyil, haqlı olduğu müharibədə qələbəni haqq edirdi.
44 günlük müharibənin bir əsgəri söhbətində qeyd edirdi ki,
Biz yeməyin hazır olmasını gözləmədən millətin bizə göndərdiyi bulkanı, peçenyeni dişimizə çəkib millətin hərbi maşınlara atdığı sulardan içə- içə döyüşə girirdik.
Bu qida bizə əlavə güc verirdi. Bizim qidaya ehtiyacımız yox idi, bizim dəstəyə ehtiyacımız var idi.
Və biz o bulkada, o suda o dəstəyi hiss edirdik.
Hiss edirdik ki, bu savaşda millət, dövlət və ordu olaraq eyni hədəfə vururuq.
Və ən nəhayət:

Əzizim Ordubada,
Yol gedir Ordubada.
Sərkərdə igid olsa,
Gedərmi ordu bada.

– bu üç səbəbi birləşdirub Qarabağın azadlığına açar edən, milləti, dövləti, ordunu dəmir yumruğa çevirə bilən İlham Əliyev idi.
Ölkə prezidentı təkcə ali baş komandan olaraq səngərdə olan orduya rəhbərlik etmirdi.
O, həm də dünya mediası ilə mübarizə edirdi, dünya erməni lobbisinin açıq və gizli hucumlarını bir siyasətçi kimi dəf edir və qarşısı alınmaz zərbələr endirirdi.
Dəmir yumruq tək səngərdə yox, həm də siyasi masalarda öz gücünü göstərirdi.
İyirmi altı il boğularaq yaşadıq, amma ümidimizi itirmədik.
İyirmi altı il bəzən dizimizi dik tuta bilmədik, amma, imanımızl itirmədik.
İyirmi altı nə qədər insanımız Qarabağ həsrəti ilə öldü, amma bir saniyə də olsun inamımız ölmədi.
Bizə bu günləri yaşadanları unutmaq olmaz!
Millət, dövlət, ordu birliyimizdir və bu birliyin imanla vəhdətlənməsi daimi olsun!
Qələbən mübarək, Azərbaycan.
Şəhid ruhu qarşısında baş əyir, vətən uğrunda canından keçən müqəddəs şəhid ruhu qarşısında sayğıyla baş əyirəm!

Yetim Qacar

Share: