Mən əslində Allahın ağxalatlı elçilərinə – hərbi həkimlərimizə həyatda qalmasının tək səbəbi kimi baxan və ölənədək onların “əl izini” ömrünün ən mükəmməl, ən maraqlı tablosu kimi öz canında daşıyan adamlardan danışıram. Bu adamlar o tabloların son mənzilədək uzanan dərin mənasını sonralar bəzən heç vaxt yada düşməyən, ya da gözə görünməyən müəlliflərinin izni, imzası və xeyir-duası ilə yaşayır.
Amma yada düşsə də, düşməsə də, gözə görünsə də, görünməsə də, bu bəyaz libaslı “rəssamların” hər biri yaşam səbəbinə çevrildiyi insanlardan ötrü yeni bir rəngli həyatın, yeni bir rəngli dünyanın başlanğıc nöqtəsinə çevrilir. Axı öz səngərində düşmənlə üz-üzə, göz-gözə döyüşən və yaralanan hər bir əsgər sonradan hərbi həkimlərimizin səngərində növbəti bir savaşa atılır, onlarla çiyin-çiyinə verib yeni bir düşmənlə – ölümlə döyüşür…
Mən bir dəfə həkimin xərəkdə asta-asta huşunu itirən yaralı əsgəri necə qeyri-adi doğmalıqla sillələdiyini öz gözlərimlə görmüşdüm və onun uzun müddət qulaqlarımdan çəkilməyən həyəcanlı səsini eşidəndə özümü əsl döyüş meydanında hiss etmişdim…
Havanı qılınc kimi kəsib doğrayan, səmanın boz-bulanıq simasına atdığı qanlı çapıqları ilə qorxunc bir melodiya yaradan dirijor çubuğu! Və bu melodiyanın hər bir hecasını o vaxtadək heç kimin görmədiyi, eşitmədiyi bir tərzdə tarixin not dəftərinə köçürən ansanbl! Fərqli silahların fərqli harmoniyası! Mərmilərin sərt və kobud vurğusu! Güllələrin gözə görünməyən xaotik və iddialı rəqsi! Yaralıların qeybdən gələn major səsi! Və dərhal öz “silah-sursatı” ilə bu ansanblın sıralarına qatılan, yaralıların asta-asta öləziyən hüznlü səsini batmağa qoymayan hərbi həkimlərimizin ilahi nidası: “Ey dostum! Təslim olma! Yaşamaq istəyirsənsə, gözlərini aç! Mənə güvən! Həyatını mənə etibar et!..”
O həkimin xərəkdə huşunu itirən yaralı əsgəri necə qeyri-adi bir doğmalıqla sillələdiyini görəndə və onun həyəcanlı səsini eşidəndə başa düşdüm ki, burada hər şey əsl döyüş meydanında olduğu kimidi. Burada yaralı hərbçi ilə silahdaşı arasındakı dialoq da əslində iki sinədə döyünən bir ürəyin müəllifliyi – hərbi həkimlərimizin diqtəsi ilə yazılır!..
İki min yeddi yüz səksən üç!..
Mən öz sıralarımızda kiminsə bundan böyük rəqəm tanıdığına inanmıram! Mən içimizdən kiminsə ürək eləyib bu rəqəmə sadəcə statistik bir göstərici kimi baxmasını da təsəvvürümə gətirə bilmirəm!..
İki min yeddi yüz səksən üç!..
Çağdaş dünyamızdakı hər bir azərbaycanlının indiyədək üz-üzə gəldiyi, qarşılaşdığı ən böyük rəqəmdi bu! Həm böyük, həm də ağır! Mən əslində özünü bu ağır yükün altına atan, qırx dörd gün gecə-gündüz sinəsilə bu rəqəmin qarşısını kəsən, onu indinin özündə də böyüməyə, artmağa qoymayan hərbi həkimlərimizdən danışmaq istəyidim! Hippokrat məqamını içdiyi hərbi andla cilalayan, hər bir yaralımızla yaralanan, hər bir Şəhidimizlə Şəhid olan, hər bir qazimizlə yenidən həyata qayıdan hərbi həkimlərimizdən!..
Axı qırx dörd günlük müharibədə cəbhə xəttinin, döyüş səngərinin bir adı da vardı – Silahlı Qüvvələrimizin Baş Klinik Hospitalı!
Müharibəli günlərimizdə bu nüfuzlu müalicə müəssisəsinə daxil olan ağır yaralıların az qala doğsan doqquz faizi məhz hərbi həkimlərimizin fövqəladə bacarığı və səyi nəticəsində yenidən ayağa qalxdı. Bəli! Məhz hərbi həkimlərimizin!
O həkimlərimizin ki, qırx dörd gün ərzində heç qırx dörd saat öz evinə, öz ailəsinə baş çəkməmişdi; öz evinə, öz ailəsinə baş çəkə bilməmişdi; gecəsini gündüzünə qatıb qazilərimizin ağrı-acısına şərik çıxmışdı, qanı axan yaralarına məlhəm qoymuşdu. Nəticəsi özünü çox gözlətmədi: Savaş meydanında dünyaya nümunə olacaq bir ilkə cığır açan əsgərlərimiz kimi, hərbi həkimlərimiz də ən aşağı ölüm faizilə müharibə təcrübəsində, hərb təbabətində indiyədək qeydə alınmayan yeni bir rekorda imza atdılar.
Əslində məni bu müalicə ocağı ilə zaman-zaman doğmalaşdıran da öz vəzifəsinə vicdanla yanaşan, öz əməlində sağalan və sağlam gələcəyimizi yaşadan çiyni paqonlu həkimlərimiz olub: uzun illər öncə xidməti vəzifəmi yerinə yetirərkən aldığım çoxsaylı travma səbəbindən bəlkə də hamının öləcəyimə inandığı halda, yalnız bir hərbi həkimin fərdi bacarığı sayəsində on saatlıq cərrahi əməliyyatdan sağ-salamat çıxa bilmişdim. Mənimlə eyni taleyi bölüşən hərbi qulluqçularımızın sayı çoxdu, lap çox…
Ancaq bu müharibəli günlərdə adını həmişə fəxrlə çəkdiyim Baş Klinik Hospitalın ünvanına çamur atanlar da tapıldı! Bəzi kütləvi informasiya vasitələrində yer alan azsaylı yazılarda hərbi həkimlərimizin fədakar əməyinə kölgə salınırdı. Mən özümü bu tibb müəssisəsinin vəkili saymıram, ancaq üstümdə zəhməti olan hərbi həkimlərimizin təəssübünü çəkmək haqqımı hələ heç kimə güzəştə getməmişəm. Çünki bu tibb ocağı ilə mənəvi və ruhi bağlılığım o qədər ciddi və sıxdır ki, uzun illər ərzində formalaşmış təəssüratımın zədələnməsi indiki məqamda məndən ötrü hətta öz sağlamlığımın zədələnməsi anlamına qədər gedib çıxır. (Bununla belə heç nə və heç kim məni haqqı-ədaləti tapdalamağa vadar edə bilməz!)
Görünür, iki gün əvvəl müayinə məqsədilə hospitala üz tutmağımın arxasında da əslində bu yazılarda yer alan qaranlıq məqamlara aydınlıq gətirmək istəyim dayanırdı! Yazılarda adı keçən iki gənc qazimizin burada müalicə olunmasından xəbərim vardı. Ancaq nə yaralı əsgər Sayad Cəfərlinin, nə də Elçin Səmədovun görüşümüzün əsl mahiyyəti haqqında məlumatı yox idi. Hər biri ilə ayrı-ayrılıqda söhbət etdim. İkisi də məni narahat edən məqamlar barədə eyni fikirləri bölüşdü: “Bizim hospitalla bağlı heç bir narazılığımız olmayıb. O yazıların hərbi həkimlərimizə, ümumiyyətlə, aidiyyəti yoxdur. Burada diqqət və qayğısı ilə əhatə olunmuşuq. Səhhətimizdə irəliləyiş var. Yəqin ki, yaxın zamanlarda sağalıb öz evimizə gedəcəyik…”
O tənqidi fikirlərin əsl ünvanının – əsgərlərimizin yaralandığı andan dərhal sonra aparıldığı mülki xəstəxanaların adını çəkmək istəmirəm, amma bəz KİV nümayəndələrinin ya ucuz sensasiya yaratmaqla reytinq qazanmaq, ya da hansısa şübhəli maraqlar müqabilində kimlərinsə zəhmətini yerə vurmaq cəhdinə də etinasız qala bilmirəm. Axı müharibə dövründə bu cür hərəkətlərin mahiyyəti dəyişdiyi kimi, cəza şkalasındakı yeri də dəyişir.
Mən ictimai rəydə ciddi yanlışlığa səbəb olan şəxslərin cəzalandırılması fikrindən uzağam. Söhbət qırx dörd günlük savaşda hərbi həkimlərimizin – cəbhənin gözə görünməyən qəhrəmanlarının ağır, məsuliyyətli və müqəddəs əməyindən gedir. Axı qazandığımız qələbədə səngərdəki əsgərlərimiz kimi, tibb cəbhəsinin ön xəttində döyüş tapşırığını yerinə yetirən ağxalatlılarımızın da öz payı var. Amma onların müharibəsi hələ bitməyib; onların müharibəsi palatalardakı sonuncu yaralımız ayağa qalxanadək davam edəcək!
…Yaxın vaxtlarda hər iki qazimiz müalicəsini başa vurub doğmalarının yanına yollanacaq. Əminəm ki, onların hər biri üz tutduğu ünvana özü ilə birgə hərbi həkimlərimizin işıqlı adını da aparacaq. Kim bilir hələ bundan sonra daha neçə evə, daha neçə ailəyə, daha neçə ürəyə o şəfalı əllərin nurundan pay düşəcək…
İbrahim RÜSTƏMLİ