Sürücülərə müjdə: DYP dərhal hərəkətə keçdi

Əhməd Rəcəbli küçəsinin əlavə yol kimi hesab edilən ərazisində nəqliyyat sayı çox olduğundan təbii ki, süni sıxlıq yaşanır. Bunu aradan qaldırmaq üçün Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən Nazirlər Kabinetinə müraciət edilib və ərazidə qısa müddətdə işıqfor qoyulması ilə bağlı qərar qəbul edilib.

Müstəqil.Az bildirird ki, bu sözləri  Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov paytaxtın Nərimanov rayonu, Cəfər Xəndan və Əhməd Rəcəbli küçələrinin kəsişməsində yolun tənzimlənməsindəki problem və süni tıxacla bağlı danışarkən qeyd edib. V.Əsədov bildirib ki, BŞDYP-nin Hərəkətin təşkili şöbəsinin əməkdaşları həmin ərazidə olublar:

“Sözügedən yer təkrar müayinə edildi. Bu ərazidə keçmə növbəliyi ilə əlaqəli problem yoxdur. Ora nizamlanmayan yolayırıcı hesab edilir və bütün müvafiq yol nişanları qoyulub. Sadəcə, dediyim kimi, Əhməd Rəcəbli küçəsinin əlavə yol kimi hesab edilən ərazisində nəqliyyat sayı çoxdur. Bu da süni sıxlıq yaradır. Artıq işıqfor qoyulması barədə qərar qəbul edilib və Bakı Nəqliyyat Agentliyi bu ayın sonuna qədər qərarı icra edəcək”.

Qeyd edək ki, bu yolda sürücülərin yaşadığı problemlə bağlı ötən gün  məqalə yayımlanmışdı və ekspertlər buna münasibət bildirmişdilər.

Nigar İ.

Share: