Elina Hacıyevanın ölüm işi ilə bağlı zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxsə qarşı 8500 manat maddi, 100 min manat isə mənəvi təxminat ödənilməsi ilə bağlı iddia qaldırmışıq.
Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a Elina Hacıyevanın hüquqi varisi Sevil Hacıyevanın vəkili Emin İsayev bildirib. Vəkil qeyd edib ki, məbləğin bu qədər təyin edilməsində E.Hacıyevanın ailəsi ilə məsləhətləşiblər:
“Biz 1 milyonluq iddia da qaldıra bilərdik. Ancaq ölkəmiz üzrə çıxarılan qərarlara baxdıq və buna uyğun tələb irəli sürdük. Həm də təzminatın təmin olunması üçün belə bir məbləğ seçmişik. Biz yüksək iddia qaldıra bilərdik, ancaq təmin olunmama ehtimalı vardı”.
Mövzunu şərh edən beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyev bildirib ki, Elina Hacıyevanın ölüm işi ilə bağlı zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxsə qarşı ümumilikdə 108,5 min manat dəyərində təzminat tələbini ciddi kompensasiya hesab etmək düzgün deyil:
“Burada nüfuzun zədələnməsi də önəmlidir. İtkinin mahiyyətinə və təsirinə baxmaq lazımdır. Məsələn, Elina Hacıyevanın ölümü bir qədər ağır itki sayılır. Müəyyən ölkələrdə bununla bağlı formalaşmış presedent var. Təəssüf ki, bizdə bu, hələ ki, tam formalaşmayıb.
Ancaq müəyyən nümunələr var və hesab edirəm ki, hazırda 5 il əvvəlkinə nisbətdə daha uyğun presedentlər artıq məhkəmələr tərəfindən yaradılıb.
Ümumiyyətlə, hesab edirəm ki, 100 min manat mənəvi təzminat tələbi ölkəmizin iqtisadi imkanları baxımından artıq aşağı məbləğ sayılmalıdır. Ona görə də daha yüksək təzminat tələb edilməlidir”.
F.Mehdiyev bildirib ki, istənilən halda bu iddialar cinayət faktının qarşısının alınmasına hesablanıb:
“İnkişaf etmiş ölkələrdə səhlənkarlıq nəticəsində baş verən ölüm hallarında olduqca yüksək mənəvi təzminat tələblərinin təmin edilməsinin şahidi oluruq. Məhkəmələr tərəfindən bu iddiaların təmin edilməsində əsas hədəf kimi cavabdehlik daşıyan şəxslərin səhlənkarlığının qarşısını almaq, başqa sözlə desək, analoji hadisələrin baş verməsini əngəlləmək hədəflənir. Yəni Azərbaycanda bir insan səhlənkarlıq edəcəyi halda ölümə bais olarsa, külli miqdarda maddi-mənəvi təzminat ödəyəcəyini bilməlidir və bu fakt insanları məsuliyyətsizlikdən, səhlənkarlıqdan ciddi şəkildə çəkindirir. Məsələyə də bu prizmadan yanaşılmalıdır və hesab edirəm ki, Elina Hacıyevanın timsalında məhkəmə sistemimiz daha bir nümunəvi presedentin əsasını qoya bilərdi. Ona görə iddiaçılar tərəfindən tələb olunan məbləği az hesab edirəm”.
Qeyd edək ki, ötən gün Səbail rayon Məhkəməsində təhlükədə qoyma və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prosesdə zərərçəkmiş tərəf təqsirləndirilən şəxsə qarşı 100 min manat mənəvi təzminat iddiası da qaldırıb.
Məhkəmə baxışı sentyabrın 18-nə təyin olunub.
Nigar İ.