Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusundakı layihənin icrası çərçivəsində sentyabr ayının 27-də Azərbaycan Texniki Universitetində növbəti təlimlər keçirilib.
Bu haqda Müstəqil.Az-a Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyindən məlumat verilib.
Təlimi giriş sözü ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri i.f.d., dos. Rəsmiyyə Sabir qızı Abdullayeva açıb Azərbaycan Texniki Universitetinin müəllim və tələbə heyətini salamladı. O, bu layihənin reallaşdırılmasına maliyyə dəstəyi verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirdi. R.S.Abdullayeva 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbari tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışdı və bu layihənin həyata keçirilməsinin əhali, xüsusilə də tələbələr arasında maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. İcbari tibbi sığortanın tətbiqinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının ölkə vətəndaşlarının sağlamlığına göstərdiyi diqqətin bariz nümunəsi kimi qiymətləndirdi.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığortanın əhəmiyyəti ilə bağlı hazırladığı videoçarx da nümayiş etdirildi.
Sonra təlimçilər – Birliyin sədr müavini, AMEA İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov: “İcbari tibbi sığorta: dünya təcrübəsi”, Birliyin sədr müavini, AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov “İcbari tibbi sığortanın dövlət tənzimlənməsi”, Birliyin İdarə Heyətinin üzvü, AMEA İqtisadiyyat İnstitutunun doktorantı Samir Mahmudov: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsində icbari tibbi sığortanın rolu”, Birliyin üzvü, AMEA İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi Mələk Əliyeva “Azərbaycan icbari tibbi sığortanın mövcud vəziyyəti və perspektivlər” mövzularında çıxışlar etdilər. Təqdimatlardan sonra müzakirələr oldu, tələbələrin sualları cavablandırıldı.
Sonda icbari tibbi sığortanın əhəmiyyətini əks etdirən sosial çarx nümayiş etdirildi.
Tural Balabəyli