Avropanın növbəti Qarabağ zərbəsi…

Xalqımızın qüruru, Azərbaycanın 5 qat çempionu “Qarabağ” futbol klubu dünən gecə 67 min azarkeş önündə UEFA Çempionlar Liqasının qrup mərhələsində son ev oyununa çıxdı. Rəqib İngiltərənin son çempionu, 6 qat İngiltərə premyer liqası, 1 dəfə UEFA Çempionlar Liqası və 1 dəfə UEFA Avropa Liqasının qalibi “Çelsi” klubu idi.

“Qarabağ”ımız qrup mərhələsinə uğursuz başlasa da, son La Liqa 3-cüsü və Çempionlar Liqasının son 4 mövsümdə 2 dəfə finalçısı olmuş “Atletiko Madrid” komandası ilə heç-heçə edərək qrupdakı xallarının sayını 2-yə çatdırdı. Və UEFA Avropa Liqasının 1/16 mərhələsinə vəsiqə qazanmaq şansını artırdı.

Bunun nəticəsidir ki, dünən oyuna başlar-başlamaz çempionumuz İngiltərə hegemonu “Çelsi” qarşısında dərhal hücuma keçməyə başladı. Tamamilə top-klass oyun göstərən futbolçularımız bunun nəticəsi olaraq 13-cü dəqiqədə artıq rəqibin qapısına yol tapa bilərdi. Lakin hər oyun bizləri sevindirən Miçelin zərbəsindən sonra top qapı tirindən geri döndü. Oyunun 19-cu dəqiqəsində isə illərdir baş verən hadisələr təkrarlanmağa başladı.

“Qarabağ”ın rəqib üzərində təzyiqini hiss edən qatı xristian və bir tərəfdən də ermənipərəst xalqın nümayəndəsi olan portuqal baş hakim sanki bir bəhanə axtarırdı ki, komandamızı azlıqda qoysun, ya da oyun əzmini sındıra bilsin. 19-cu dəqiqədə Azardın ötürməsindən sonra cərimə meydançasına daxil olan braziliyalı Villianın qarşısını almaq istəyən kapitanımız Rəşad Sadığov təbii olaraq rəqiblə ikili mübarizəyə girdi. Əksər braziliyalı futbolçular kimi, Villian da balaca bir təmasda özünü yerə atdı, peşəkar hakimlər braziliyalı futbolçuların bu xasiyyətini bildiyinə görə belə yumşaq epizodlarda nəinki penalti vermirlər, hətta futbolçuya simulyasiyaya görə sarı kart da göstərirlər. Lakin dediyim kimi, “Qarabağ”ımızı sındırmağa çalışan portuqal hakim epizod hətta bitməmiş fitini çaldı və 11 metrlik cərimə zərbəsi təyin etdi. Bundan əlavə, Rəşad Sadığova qırmızı kart göstərdi. Burdan hakimin klubumuza qarşı qərəzini gizlətmədiyini, hətta gizlətmək kimi bir qorxusu olmadığını da başa düşmək olardı. Əgər bu insan, elədiklərinin mənfi nəticələri olacağından qorxsaydı, müdafiəçimizə birbaşa qırmızı yox, sarı kart göstərib, ikinci bir yalançı epizodda sarı verib, iki sarıdan meydandan qova bilərdi. Görün, Avropa arenasında Azərbaycan və Qarabağı nə qədər qısqanclıq var ki, bu insan məqsədini və niyyətini açıq-aşkar bildirir. Və hətta oyunun ikinci hissəsində sanki birinci penaltiyə etiraz edən azarkeşlərə nümayişkaranə tərzdə qayda pozuntusundan söhbət belə gedə bilməyəcək epizodda komandamızın qapısına ikinci penalti zərbəsini təyin etdi.

Qurban hocanın da dediyi kimi, “Bu bizim üçün çox böyük təcrübədir. Oynadığımız qrupda İngiltərə, İtaliya və İspaniya kimi ölkələrdə çempion olmuş klublar iştirak edir. Ona görə də bu qrupda yüksək yerləri hədəf qoymaq əvəzinə, maksimum təcrübə yığmağa çalışsaq, fikrimcə, daha düzgün olar”.

Biz də Qurban Qurbanovla tamamilə razıyıq. Bu futboldur, burda udmaq da, uduzmaq da oyunun bir parçasıdır – hələ siz Çempionlar Liqası kimi mötəbər bir turnirdə iştirak edirsinizsə. Amma məsələ burasındadır ki, “Qarabağ” futbol klubu alın təri və zəhmət ilə 4 ildir ard-arda çıxdığı UEFA qruplarında artıq neçənci dəfədir ki, açıq-aşkar haqsızlığa uğrayır. Gəlin, yaxın tarixə göz ataq və bu haqsızlıqları bir daha xatırlayaq.

2014-cü il UEFA Avropa Liqasının qrup mərhələsi. Təmsilçimiz “Qarabağ” bu mötəbər turnirdə 2 il ard-arda pley-off raundu oynadıqdan sonra nəhayət ki, qrup mərhələsinə vəsiqə qazanmağı bacarmışdı. Qrupdakı rəqiblərimiz İtaliyanın “İnter”, Ukraynanın “Dnepr” və Fransanın “Sent-Ettyen” klubları idi. “Qarabağ” klubu bir sıra qələbə və heç-heçələrlə qrupdan çıxmaq şansını son tura qədər saxlayırdı. Son turda “Qarabağ” 5 xalla 2-ci pillədə, “Sent-Ettyen” 5 xalla 3-cü pillədə, “Dnepr” 4 xalla sonuncu pillədə, “İnter” isə 11 xalla 1-ci pillədə qərarlaşmışdı. Son oyununu İtaliyanın “İnter” klubu ilə doğma meydanda keçirən “Qarabağ” böyük azarkeş dəstəyi və yüksək motivasiya ilə oyuna çıxmışdı. Bunun nəticəsidir ki, oyun ərzində təzyiq göstərən, hücum edən və topa sahib olan tərəf “Qarabağ” futbolçuları idi. “Qarabağ”ın qrup mərhələsini keçməyi yalnız qələbə qazandığı halda mümkün idi. Digər hallarda “Qarabağ” həm də “Dnepr”-“Sent Ettyen” görüşünün nəticəsindən asılı olacaqdı. Ukraynada keçirilən oyunda ev sahibləri hesabda önə keçmişdilər və belə olduğu halda “Qarabağ” klubu günün sonunda 1/16 mərhələsinə vəsiqə qazana bilməyəcəkdi. Bunu başa düşən Qurbanovun tələbələri hücumlarının sayını və təzyiqini daha da artırmağa başladı. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə isə gözlənilən qol gəldi. Bütün stadion, bütün şəhər, hətta bütün ölkə olaraq sevinirdik. Çünki istəyimizə çatmışdıq, klubumuz heç bir klubdan asılı olmadan UEFA Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanmışdı. Sevincdən hələ ayılmamışdıq ki, oyunun baş hakimi Zelinkanın əli ilə qapı xəttini göstərdiyini gördük. “Qarabağ”ın futbolçuları kimi, “İnter” futbolçuları da şokda idilər və hakimin nəyə görə qapı xəttini göstərdiyini başa düşməyə çalışırdılar. Zelinka qəti şəkildə əlaqəsi olmadığı halda “Qarabağ”ın alın təri ilə vurduğu qolu “oyundankənar vəziyyət” sayıb ləğv etmişdi. Bundan başqa, “Dnepr”-“Sent Ettyen” oyununda da qonaq komandanın haqlı penaltisini verməmişdilər. Əgər o penalti verilsəydi və o oyun heç-heçə başa çatsaydı, “Qarabağ” klubu bu halda da üst mərhələyə vəsiqə qazanacaqdı. Amma təbii ki, o illərdə Avropanın dəstəyi altında Rusiya ilə müharibə şəraitində olan ukraynalıların maraqları azərbaycanlılardan daha vacib idi Avropa üçün.

2015-ci il UEFA Avropa Liqasının qrup mərhələsi isə tamam başqa faciə idi. Komandamızın inamla və istəklə başladığı İngiltərə səfərindəki oyununda ev sahibinə qarşı önə keçməyi hamını şoka salmışdı. Amma bu çox uzun çəkmədi, yenə də hakimin köməyi ilə rəqib “Tottenhem” komandası oyundankənar vəziyyətdən qol vurdu və bununla da komandamızın qələbə əzmi əllərindən alındı.

“Monako” ilə Tofiq Bəhramov stadionunda keçirilən oyunda isə rəqibin ulduz aparıcı futbolçusu El Şaravinin müdafiəçimiz Maksim Medvedyevə bilərək və qəsdən arxadan təpik vurması və hakimin bunu görməzlikdən gəlməsi daha böyük biabırçılıq idi.

Bütün bunlara baxmayaraq, komandamız həmin mövsümdə UEFA Avropa Liqasının qrup mərhələsində bir üst tura çıxmaq şansını son oyuna qədər saxlamışdı.

2016-17 sezonunda isə “Fiorentina”nın “Qarabağ”la oyunlarda top-klass futbol göstərməsi, lakin “Qarabağ”a 2 oyunda qol vura bilməmiş PAOK-a öz meydanında müəmmalı şəkildə artırılma dəqiqələrdə buraxdığı qolla 2-3 uduzmasını və s. klubumuza qarşı qurulmuş planlara və oyunlara misal olaraq göstərmək olar.

Bunların yanına bu il dünyanın ən mötəbər klub turnirində komandamızın başına açılan oyunları da əlavə etdikdə, başa düşmək olur ki, “Qarabağ” adında klubun Azərbaycan Respublikasının adı altında Avropa və dünya səviyyəsində irəli getməsi UEFA-nın maraqları ilə toqquşur. Bu hara kimi davam edəcək, bundan sonra nə haqsızlıqlar görəcəyik, bilinmir. Amma bir şey bilinir ki, bu xalq heç nəyi unutmur, heç kimi yaddan çıxartmır. Bu edilənlərin mütləq bir gün cavabı olacaq. Ümid edək ki, bu cavab idman sferasında klublarımızın və idmançılarımızın uğurları ilə olar.

İsko Babazadə

Share: