Bu gecə də başım çəndə-dumanda,
Kara gəlmir qədəhlərə süzülən.
Nə zamandı xəyalları gümanda
Bir sona var, ümidləri üzülən.
İçirəm ki,bir az kefim açıla,
Burax getsin,deyirsən,at arağı.
Ay insafsız,gəl məni az acıla,
Üzə gülür müqəddəs tut arağı.
Mən hələ də meyxanələr xəstəsi,
İstəyirsən,qara bağla,bük ağa.
Ovutmayır “buz oda” nın bəstəsi,
Bu şərqidə tək özüməm-tək ağa.
Durultmayır bir şüşə də kefimi,
Siqarlarım bu gecənin ağ şamı.
Qarson dostum “yuyub-sərir” “şef”ini,
Müğənni qız yola verir axşamı.
Dəyişmədim bir şəraba hər çayı,
Nolar, yazma “molla-mesaj”minnəti.
Min ildi ki,söyləyirlər hərcayı,
İstəmirəm, “huri-mələk” cənnəti.
Bir röyadır rəqqasənin gözündə
Tüstülərdə alov saçan hər gecə.
Süzüldükcə,qədəhlərin üzündə
Bədirlənir Ayla təzə-tər gecə…
Saqi gəlmir, xeyli keçib aradan,
Dəyişmirəm bu gecə də qaydanı.
Seçmək olmur,burda ağı qaradan,
Daraldıqca sərxoşların meydanı.
Keçib daha,öyrəşmisən səfimə,
Aradabir sayaq olur tostlarım.
Nə vaxtdı ki,durulmayan kefimə,
Nə yaxşı ki,dayaq olur dostlarım.