6 siyasi partiyanın hakim partiya olan Yeni Azərbaycan Partiyasının (YAP) qoşulması və YAP-ın bu gün keçirilən VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi ilk növbədə ölkədə siyasi plüralizmin və partiyalararası demokratik münasibətlərin mövcudluğundan xəbər verir.
Müstəqil.Az bildirir ki, bu sözləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov özünün sosial şəbəkədəki feysbuk səhifəsində qeyd edib.
Onun sözlərinə görə bu, həmin partiyaların özlərinin müstəqil siyasi iradəsinin nəticəsidir və biz siyasilər sözügedən partiyaların bu qərarına hörmətlə yanaşmalıdır:
“YAP-la mövqeləri, fəaliyyət prinsipləri və taktikaları üst-üstə düşən partiyaların bir araya gəlməsinə, onların hakim partiyaya inteqrasiya etməsinə bu gün cəmiyyətdə gedən proseslərin tərkib hissəsi kimi baxmaq lazımdır. Düşünürəm ki, həmin partiyalar YAP-a qoşulmaqla daha effektiv siyasi fəaliyyət imkanı əldə edəcəklər.
Bu hadisəyə həmçinin sivil inteqrasiya, təkamül yoluyla təmərküzləşmə və ən nəhayət, siyasi həmrəylik nümunəsi kimi də baxmaq olar. Yəni bu və ya digər partiya heç bir yan təsirlər olmadan, sırf partiyanın özünün müstəqil siyasi iradəsi əsasında ölkə siyasətinin flaqmanına – hakim Yeni Azərbaycan Partiyasına birləşmək barədə könüllü qərar qəbul edir. Siyasi platforması oxşar olan qurumların, qüvvələrin bir araya gəlməsi və böyük güc halında, yeni siyasi alyans kimi fəaliyyət göstərməsi çox normaldır. Bunda qeyri-adi heç nə yoxdur. Biz bu prosesə siyasi yetkinliyə malik olan cəmiyyət kimi yanaşmalı və “görəsən, bu partiyalar niyə birləşir?”,- deyə təəccüb dolu sual üzərində baş sındırmamalıyıq. Bu prosesin pərdəarxasında heç bir konspirologiya-flan axtarmaq da lazım deyil. Çünki dünya təcrübəsində də bu kimi nümunələr çoxdur. Partiyaların birləşməsi və ya ayrılması məsələsi çoxpartiyalı sistemlərin mövcud olduğu ölkələrdə zaman-zaman rast gəlinən bir praktikadır, ənənədir. Xüsusən də Qərb ölkələrinin timsalında “siyasi qardaşlaşma”nın çoxlu nümunələrinə rast gələ bilərik.
Bu baxımdan hesab edirik ki, 6 partiyanın YAP-la birləşməsi ölkəmizdə siyasi dialoq mühitinin daha da gəlişməsinə və demokratik ənənələrin oturuşmasına xidmət edəcək. Bu hadisə ölkənin yeni siyasi sisteminin, yeni konfiqurasiyanın formalaşması prosesinin dərinləşməsini stimullaşdıracaq. Nəticədə YAP-ın özü də yeni siyasi güc mərkəzi kimi ortaya çıxmaq imkanı qazanır. Eyni zamanda digər partiyaların səmərəli fəaliyyətinin təşkili üçün daha əlverişli şərait yaradılması mümkün olacaq. Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış, Siyasi Partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsi indi ölkənin siyasi qüvvələri ilə daha fəal əməkdaşlıq mərhələsinə keçir. Biz 6 partiyanın YAP-a qoşulmasını ölkənin siyasi vitrini üçün çox ciddi hadisə kimi qiymətləndirir və bu yeni siyasi güc mərkəzinə uğurlar diləyirik.”
Müstəqil.Az