“60 yaş nədir hələ?..”

“60 yaş nədir hələ?..”

 

Nəcib insandır. Yüksək mədəniyyəti, xanım-xatunlara xas olan ədası, kübar davranışı ilə tanıyanlarını heyran edə bilir.
Qəlbi o qədər genişdir ki, mərhəmət, xeyirxahlıq, insanpərvərlik və eləcə də bir sıra ali xüsusiyyətlər ürəyində yuva qurublar. Təbii və səmimidir. Könül dünyası işıqlı və nurludur. Bu işıq, bu nur bütün ömrü boyu onu müşayət edib, əməllərində əksini tapıb…

Haqqında söhbət açdığım professor İradə Hüseynova Bakıda dünyaya gəlib. Orta, ali təhsilini bu şəhərdə başa vurub və bütün ömrünü elmə, tədrisə, yaradıcılığa xərcləyib. Nailiyyətləri çoxdur, saymaqla bitməz. Tükənməz enerjiyə malikdir, yorulmadan, usanmadan çalışmağı bacarır…

Uzun illərdir ki, Bakı Dövlət Universitetinin “Qafqaz xalqları tarixi” kafedrasının müdiri, “Erməni araşdırmaları” elmi-tədqiqat laboratoriyasının rəhbəri, tarix elmləri doktoru, professordur. Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə Beynəlxalq “Sokrat” mükafatı laureatı (İngiltərə) olub. Azərbaycan Respublikasının Əməkdar müəllimidir. 2009–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb.
İsveçrənin Cenevrə şəhərində BMT-nin Təltiflər Şurası tərəfindən dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə “Elm və sülh səfiri” beynəlxalq tituluna və mükafatına, həmçinin “Avropa Xidmət Ordeni”nə layiq görülüb. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini, YAP Respublika Qadınlar Şurasının İdarə Heyətinin, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Rusiya Federasiyası Pedaqoji Akademiyasının, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvüdür. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Qızıl Ulduz” mükafatının laureatıdır. 2019-cu ildə BMT-nin Təltiflər Şurası tərəfindən dünya elminə və təhsilinə göstərdiyi xidmətlərə görə “Elm və sülh səfiri” beynəlxalq tituluna və mükafatına layiq görülüb. O cümlədən BMT-nin Təltiflər Şurası tərəfindən “Avropa Xidmət Ordeni” ilə təltif edilib…

Bütün bunlardan əlavə görkəmli alim, dəyərli ziyalı, milli təəssübkeşlik, milli dövlətçilik prinsiplərini hər zaman uca tutan İradə Hüseynova Azərbaycan elmini və təhsilini ABŞ, İtaliya, Fransa, Kanada, İsveç, İsveçrə, Danimarka, Avstriya, Rumıniya, Bolqarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan, Belarus, İsrail, Şri-Lanka və s. ölkələrdə keçirilmiş bir çox beynəlxalq elmi simpozium və konfranslarda uğurla təmsil edib. Məruzələri nüfuzlu elmi dərgilərdə dərc olunub.
Fəaliyyət dairəsi kifayət qədər geniş və çoxşaxəlidir. Belə ki, o, bir neçə dəfə gender problemləri ilə bağlı ABŞ-ın Nyu-York şəhərində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edib, BMT-nin kürsüsündən qadın və kişilərin hüquqları, cəmiyyətdə yeri və rolu, təhsil sistemində gender problemləri ilə bağlı məruzələr söyləyib…

Bəli, İradə Hüseynova ölkəmizin zəhmətkeş, fədakar ziyalılarından biridir.
Bu gün, aprelin 19-da onun 60 yaşı tamam olur. Bir mahnıda deyildiyi kimi,- “60 yaş nədir hələ?”
İradə xanımı təbrik edir, uzun ömür, möhkəm can sağlığı, yeni-yeni uğurlar arzulayıram…

Hörmətlə, Elman Eldaroğlu

Share: